"Operativ Qərargah dəyişikliklə bağlı çıxış etsə, bu Milli Məclisdə də müzakirəyə çıxarılacaq" ÖZƏL - AÇIQLAMA

"Operativ Qərargah dəyişikliklə bağlı çıxış etsə, bu Milli Məclisdə də müzakirəyə çıxarılacaq" ÖZƏL - AÇIQLAMA

"Cərimələrin tətbiq olunması və yaxud qanunvericilikdə müvafiq sərtləşdirici tətbirlərin görülməsi əlbəttə ki, zərurət yarandığı halda mümkün olacaq. Burada bir millət vəkilinin, ekspertin, hər hansı bir dövlət məmurunun təklif söyləməsi doğru deyil. Bu mənada biz Operativ Qərargahdan təkliflər gözləyirik. Əgər, Operativ Qərargah qanunvericilikdə hər hansı bir dəyişikliklə bağlı çıxış etsə, təbii ki, bu Milli Məclisdə də müzakirəyə çıxarılacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mövcud karantin rejimi ərzində qoruyucu vasitələrin istifadəsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu ilk növbədə mədəniyyət və intizam məsələsidir, ümumi şəkildə vətəndaşlara, ictimaiyyətə hörmət məsələsidir və bu məsələdə hər kəs məsuliyyətli olmalıdır, bunu hamı şüurlu şəkildə dərk etməlidir:

"Dövlətin gördüyü böyük işlər nəticəsində koronavirus pandemiyası Azərbaycanda nəzərat altına alınıb. Biz sərt karantin rejimindən yumşaq rejimə keçmişik. Bəzi bölgələrdə, hətta, karantin rejimindən tam çıxılıb. Lakin, vətəndaşlarımızın sosial tələbləri gözləməməsi, sosial məsafə, sosial təcrid və izolyasiya qaydalarına riayət etməməsi, həmçinin mühafizə vasitələrindən istifadə edilməməsi, o cümlədən, küçədə və ictimai yerlərdə, nəqliyyat vasitələrində qoruyucu maskalardan, əlcəklərdən istifadə edilməməsi, əllərin vaxtında dezinfeksiya olunmaması son günlər yoluxmaların atmasına səbəb olub. Bu da bizim hər birimizi ciddi şəkildə narahat edir".

"Qoruyucu vasitələrin məcburiliyini təmin edən hər hansı bir qanun layihəsi ilə bağlı Milli Məclisdə təkliflər irəli sürülə bilərmi?" - sualına millət vəkili Musa Quliyev belə cavab verib: "Bununla bağlı cərimələrin tətbiq olunması və yaxud qanunvericilikdə müvafiq sərtləşdirici tətbirlərin görülməsi əlbəttə ki, zərurət yarandığı halda mümkün olacaq. Zərurət yaranarsa, yenidən sərt karantin rejiminə keçmək məsələsi gündəlikdə olacaq. Lakin, bunların hamısı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Ümumiyyətlə, epidemiyalar, pandemiyalar, bunlar hamısı hərbi və fövqəladi vəziyyətə bərabər hallardır və bu hallarla bağlı proseslərin bir mərkəzdən idarə olunması daha doğrudur. Operativ Qərargahda hər sahə üzrə mütəxəssislər var. Onların məsləhətləşərək verdiyi qərarlar əsasında hərəkət etmək daha doğrudur. Burada bir millət vəkilinin, ekspertin, hər hansı bir dövlət məmurunun təklif söyləməsi doğru deyil. Bu mənada biz Operativ Qərargahdan təkliflər gözləyirik. Əgər, Operativ Qərargah qanunvericilikdə hər hansı bir dəyişikliklə bağlı çıxış etsə, təbii ki, bu Milli Məclisdə də müzakirəyə çıxarılacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə