Maskalardan istifadə edilmədiyi halda cərimə tətbiq edilə bilər? ÖZƏL - AÇIQLAMA
"Ola bilsin ki, qaydalar dəyişə bilər. Belə bir qayda tətbiq oluna bilər ki, maskasız, ümumiyyətlə, qoruyucu vaitəsiz çölə çıxılmasın. Əhalinin bu məsələyə qeyri-ciddi yanaşması nəticəsində ola bilsin ki, qaydalar ciddiləşdirilsin". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev yumşaldılmış karantin qaydaları əsnasında insanlaın qoruyucu vasitələrdən, maska və əlcəklərdən istifadə etməmələri ilə bağlı cərimələrin tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.
"Məişət qaydalarının pozulması ilə bağlı cərimə tətbiq edilə bilərmi? - sualına Mayis Əliyev belə cavab verib: "Karantin qaydaları davam edərkən qoruyucu maska və əlcəklərin taxılmasını yalnız o insanlardan tələb edirlər ki, onlar hansısa bir xəstəlikdən əziyyət çəkirlər. Onlar digər insanları da yoluxdurmamaq adına tövsiyyə olunur ki, qoruyucu maska və əlcəklərdən istifadə etsinlər. Bu da təbii ki, tövsiyyə şəklində edilir, yalnız digər şəxsləri xəstəlikdən qorumaq naminə".
Onun sözlərinə görə, qoruyucu vasitələrdən istifadə edilməsi yalnız tövsiyyə şəklində tətbiq edilə bilər: "Bu məcburi xarakter daşımır, çünki qanunvericilikdə belə bir məsələ öz əksini tapmayıb. İlk dövrlərdə qoruyucu vasitələrin istifadə edilməməsinə görə sanksiyalar tətbiq olunurdu, lakin, sonradan bunu aradan qaldırdılar. Qoruyucu maskadan istifadə etmədiyinə görə şəxsə cərimə tətbiq edilməsi qanunvericilikdə yoxdur. Lakin, əgər sən icazə almadan çölə çıxmısansa, bəli, sən karantin qaydalarını artıq pozmusan. Bu artıq başqa bir aspektdən məsələyə yanaşmadır. Burada qaydanın pozulmasından söhbət gedir. Geyimin hansısa bir formada olmasından söhbət getmir".
"Gələcək dövrdə insanlar qoruyucu vasitələrdən istifadə etmədiyi təqdirdə hansısa cərimə tətbiq edilə bilərmi?" - sualını isə hüquqşünas belə cavablandırıb: "Mənə belə gəlir ki, bəli, edə bilərlər. Təbii ki, bu gedişatdan asılıdır. Ümümdünya Səhiyyə Təşkilatının COVID-19 adlandırdığı bu virus haqqında verilən məlumatlar yalnız təcrübədən irəli gələrək ehtimal xarakteri daşıyır. Tibbi beyin mərkəzlərinin verdiyi yanaşmalara uyğun olaraq ola bilsin ki, qaydalar dəyişə bilər. Belə bir qayda da tətbiq edilə bilər ki, maskasız, ümumiyyətlə, qoruyucu vaitəsiz çölə çıxılmasın. Bu, niyə də olmasın? Pandemiya ilə bağlı hansı son nəticələrin necə olacağı məlum deyil.
Azərbaycan dövləti pandemiya ilə mübarizədə çox işlər gördü. Həm Prezident İlham Əliyev, həm Birinci vitse-prezident Mehriban xanım Əliyeva, həmçinin Azərbaycan dövlətinin digər strukturları hamısı bu istiqamətdə səfərbər oldular. Lakin əhalinin etinasızlığı problemi də var. Əhalinin bu məsələyə qeyri-ciddi yanaşması nəticəsində ola bilsin ki, qaydalar ciddiləşdirilsin. Bu da prosesin gedişatından asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB