"Tarixdə hər bir məsələyə qiymət onun nəticəsinə görə verilir" ÖZƏL - AÇIQLAMA

"Tarixdə hər bir məsələyə qiymət onun nəticəsinə görə verilir" ÖZƏL - AÇIQLAMA

"Tarixdə hər bir məsələyə qiymət onun nəticəsinə görə verilir. Pandemiyaya qarşı mübarizənin ilk dövrü sözün həqiqi mənasında qonşu dövlətlərlə müqayisədə uğurlu olub. İtkilərimiz kifayət qədər az olub. Bunu hətta bizə opponent olanlar da inkar etmirlər. Lakin, biz hələ pandemiyadan tam çıxmamışıq, azad olmamışıq və əvvəlki vəziyyətə qayıtmamışıq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov karantin qaydalarının yumşaldılması ilə gigiyenik qaydalara riayət olunmasının vacibliyindən danışarkən deyib.

Onun sözlərinə görə, müəyyən qədər qaydalarda mülayimləşmə varsa, bu həm yaz fəsli ilə bağlıdır, həm də hardasa insanların əhval-ruhiyyəsi nəzərə alınaraq bu qərar alınıb. Bu o demək deyil ki, kimsə qoruyucu maskadan istifadə etməsin, əlcək taxmasın, kimsə istər ictimai nəqliyyatda olsun, hansısa minik vasitələrində olsun buna qəti yol vermək olmaz. Biz bunu kimə görəsə etmirik, biz bunu özümüzə görə, öz sağlamlığımıza görə edirik".

Millət vəkili vurğulayıb ki, bu istiqamətdə Operativ Qərargahın, həkimlərin tövsiyyələri olduğu kimi qəbul edilməlidir:

"Dünyanı bürüyən bu təhlükədən qurtulmaq, azad olmaq, əvvəlki həyat tərzimizə qayıtmaq üçün üzərimizə hansı məsuliyyət düşürsə, onu etməliyik. Əks halda yoluxma halları artacaq, insanlar bunu dərk etməlidirlər. Biri-birimizə münasibətdə ən xırda çağırışlara belə diqqət etməliyik. Ona görə də mən bir daha demək istəyirəm ki, Azərbaycan bu imtahandan uğurla çıxmaq üzrədir və bu uğuru tam başa çatdırmaq üçün bizim üzərimizə bir xalq olaraq, bir ölkə olaraq, bir insan olaraq nə düşürsə onları etməliyik. Biz üzərimizə düşənə əməl etməklə əslində bütün cəmiyyəti bundan sonrakı normal həyata, normal vəziyyətə qaytarmış oluruq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə