Politoloq: “Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanı tək buraxacaq”- DEBAT (SƏS TV)
Politoloq Həsən Bayramoğlu, Demokratik İslahatları İnkişaf Mərkəzinin Sədri Cavid Şahverdiyevin SİA-ya müsahibəsi:
- Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq özünün istehsal etdiyi hərbi silah sursatları ilə Dağlıq Qarabağ Azərbaycanının nəzarətində olan bölgələrdə hərbi təlim keçirəcək. Ermənistan bundan narahat olur. Düşmən ölkənin bu məsələdə narahatlığını onun qorxaqlığı kimi qiymətləndirə bilərikmi?
Həsən Bayramoğlu - Hər şeydən öncə onu qeyd edim ki, müstəqillik dövründə Azərbaycan daim öz ordusunun modernləşməsinə diqqət yetirib, özünün milli təhlükəsizliyinə prioritet istiqamət kimi yanaşıb. Əvvəllər, milli ordu yeni formalaşarkən ölkədəki siyasi eyforiyanın ab-havasında yaranan ordu siyasiləşmiş milli ordu idi. Sonralar Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan ordusunu müəyyən siyasi qüvvələrin inhisarından çıxararaq Azərbaycanın dövlətçilik maraqlarına tabe edilə bilən və xüsusi hərbi təşkilatçılıq mexanizminə malik olan ordu quruculuğu praktikasına yönəltdi. Bundan sonra Azərbaycanda milli ordu quruculuğunun hətta beynəlxalq layihələrdə sürətlə iştirakını nəzərə alsaq, sürətlə modernləşməsi tətbiq edildi və Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra demək olar ki, biz ordumuzun da silahlanmasını daha modern müstəviyə çevrilməsinə nail ola bildik. Bu gün Azərbaycan ordusu təkcə bölgənin hərbi cəhətdən ən yüksək döyüş qabiliyyətinə malik olan ordu deyil, həm də bölgədən kənarda Azərbaycan ordusunun texniki təchizatı ordu quruculuğu idarəçilik baxımından formalaşmasını nəzərə alsaq, ən təkmil ordulardan hesab edilir. Ermənistanın da narahatçılığının səbəbi var. Ermənistan da görüntü yaratmaq üçün müntəzəm olaraq Dağlıq Qarabağda hərbi şoular təşkil edir. Lakin bu Ermənistanın daxili vəziyyətinə hesablanmış bir şoudur. Ermənistanda hakimiyyətin siyasi dayaqları çox zəifdir və onlar hakimiyyətdən narazıdırlar. Ona görə də Azərbaycanın sərhəd zolağında hərbi təlimlər keçirməsi onun özəl haqqıdır. Biz hər zaman işğal olunmuş ərazilərlə bağlı demişik ki, danışıqlar prosesində beynəlxalq hüququn bizə verdiyi istiqamətlər əsasında həll edəcəyik. Amma qarşı tərəf bunu qiymətləndirməsə, bizim ikinci bir variantımız olmur. Ermənistanda daxili siyasi vəziyyət ağır olduğuna görə onların özləri də etiraf edirlər ki, müstəqil dövlətçilik prosesini çatdıra bilmədilər. Bu baxımdan onların narahatçılığını başa düşmək olar. Onlar bilirlər ki, Azərbaycanın güclü ordusu var və onların hərbi təlimləri ordunun yüksək texnika, ordunun döyüş qabiliyyətinin nümayişinə çevriləcək və bu da psixoloji cəhətdən Dağlıq Qarabağa, bütövlükdə Ermənistan ictimai- siyasi mühiti üçün arzu olunmayan bir gərginliyə səbəb ola bilər. Buna görə də onların hər hansı bir narahatçılıqlarını təbii qəbul etməliyik. Ancaq Azərbaycanın bu ərazilərdə hərbi təlim keçirməsi onun hüquqi haqqıdır.
- Azərbaycanın həyata keçirəcəyi hərbi təlim Ermənistandakı siyasi vəziyyətin gərginləşməsinə, hakimiyyətin dəyişməsinə gətirib çıxara bilərmi?
Cavid Şahverdiyev - Ermənistanın narahatçılıq keçirməsi bu günün mövzusu deyil. 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ermənilər təşviş içində idilər. Yəni Ermənistan, bütün dünyada olan ermənilər yaxşı bilirdilər ki, ulu öndərin hakimiyyəti dövründə Azərbaycan inkişaf edəcək, güclənəcək. İndi artıq bu siyasəti davam edən prezident İlham Əliyev ordunun modernləşdirilməsi və NATO standartlarına uyğunlaşması üçün ildən-ilə dövlət büdcəsindən hərbi sahəyə dair vəsaitlərin artırılması artıq Ermənistanın həyəcan siqnalı çalmasına səbəb olub. Ermənistan bundan təşviş keçirir. Bütün dünyanın aparıcı ölkələrindən kömək istəyir ki, Azərbaycanın ordu quruculuğunu dayandırsın. Lakin biz bilirik Azərbaycan BMT-nin digər beynəlxalq təşkilatların üzvüdür və onların da müəyyən qaydaları çərçivəsində Azərbaycan öz siyasətini yürüdür. Lakin Ermənistan arxalandığı Rusiyanın təsiri ilə Azərbaycanın bölgədə və dünyadakı nüfuzunu zəiflətmək istəyir. Azərbaycanın nəzarəti altında olan sərhəddə təlimlərin keçirilməsi artıq erməniləri təşvişə salıb. Necə ki, bir neçə gün bundan qabaq belə bir təlimlərimiz oldu, sonra ermənilər buna cavab olaraq təlimlər keçirdilər. Lakin onlar bir növ özlərini sığortalıyırlar. Ermənistanın keçmiş prezidenti özü də etraf edir ki, Ermənistan ordusu çox zəifdir. Baxmayaraq ki, Rusiya ordusunun müəyyən hissəsi Gümrüdə yerləşdirilib. Artıq 2008-ci ildə Gürcüstanla Rusiya arasında olan müqavilənin vaxtı bitib. Belə olan halda Rusiyanın əsas məqsədi ondan ibarətdir ki, hərbi bazalarını Ermənistanda yerləşdirsin və bununla yanaşı Ermənistandakı hərbi bazalarının gücünü artırsın. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduğu üçün Rusiyaya arxalanır. Yəni müharibə başlayarsa, Ermənistan bu təşkilatının üzvü kimi Azərbaycandan qorunmaq üçün sözü gedən quruma üzv olan ölkələrin dəstəyindən yararlanmaq haqqında fikirləşir. Lakin bu belə deyil. Çünki bu təşkilatın öz qaydası və nizamnaməsi var ki, ora üzv olan ölkələr həmin təşkilata üzv olan ölkəyə təcavüz edən ölkəyə qarşı çıxacaqlar. Lakin Azərbaycan öz torpağında müharibə aparacaq. Ermənistana heç bir təcavüz iddiasında deyil. O ki qaldı Ermənistanın hakimiyyətinə, 1988-ci ildən indiyə qədər orada Dağlıq Qarabağ önə çıxarılaraq siyasi hakimiyyət uğrunda mübarizə gedir. Bu faktor onlar üçün bir vasitədir. Ermənistanda iqtisadi, sosial vəziyyət ağırdır. Ölkəni tərk edənlərin sayı ildən-ilə artır. Ermənistanın keçmiş prezidenti Ter Petrasyan da bu vəziyyətdən istifadə edərək Qərb ölkələrinin köməyi ilə yenidən hakimiyyətə gəlmək istəyir.
Ermənistan Rusiyanın oyuncağına çevrilib. Amma Rusiyanın əksər politoloqları, xüsusilə Cənubi Osetiyanın politoloqu, Fransadakı politoloqlar etiraf edirlər ki, Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, Rusiya Ermənistanı tək buraxacaq. Çünki Azərbaycan öz torpaqlarını azad etmək üçün ayağa qalxdıqda Rusiya buna qarşı çıxarsa, Azərbaycanı dəstəkləyən dövlətlər ona qarşı çıxa bilərlər. Ona görə də Rusiya bir vaxtlar İranı meydanda tək qoyduğu kimi Ermənistanı da tək qoymaq məcburiyyətində qalacaq.
- Gürcüstan Ermənistanla hərbi saziş imzalamağa hazırlaşır. Gürcüstanın Azərbaycanla strateji əməkdaşlıq müqaviləsi var. Belə olan halda Gürcüstan Azərbaycan arasında münasibətlər zədələnə bilərmi?
Həsən Bayramov - Bu məsələ ilə bağlı Gürcüstan tərəfi müəyyən açıqlamalar verməlidir. Onlar müqaviləni hansı istiqamətdə bağlamaq istəyirlər və məqsədləri barədə açıqlama verməlidirlər. Rusiya ilə Gürcüstan arasında müqavilənin müddəti başa çatıb. Onlar Rusiya ilə müqavilə bağlamaq istəmirlər. Ermənistanla müharibə vəziyyətində olduğumuz üçün bütün hallarda bu bizi qane etmir. Sadəcə olaraq Rusiya gürcülərlə öz aralarında olan müqavilənin uzadılmasında narahatlığı görüb, gürcülərlə ermənilər arasında hərbi əməkdaşlıq müqaviləsi bağlanmasına cəhd edir ki, gələcəkdə hüquqi bir zəmin yaratsın. Əgər belə olarsa, Azərbaycan öz etirazını bildirəcək. Gürcülər ermənilərlə müqavilə bağlamaqda maraqlıdırlar, lakin biz onu öz əleyhimizə qiymətləndirəcəyik. Yəqin ki, müqavilənin monitorinqi aparılacaq. Təbii ki, biz istəyərik ki, bu müqavilə bağlanmasın. Bizim Gürcüstanla olan münasibətimiz Ermənistanla olsaydı, o ölkələr arasında olan müqavilə o qədər də də təhlükəli olmazdı. Lakin hazırda biz Ermənistanla müharibə vəziyyətində olduğumuza görə Ermənistan o müqaviləni istər Rusiya, istər İran, istərsə də Gürcüstanla bağlasa, bu bizi qane etmir. Ermənilərə etibar etmirik. Onlar əməkdaşlıqdan istifadə edərək gizli hər hansı bir iş görə bilərlər. Ermənilər region üçün təhlükəli dövlətdir.
- Gürcüstan həm də Ermənistanın silah sursatını ərazisindən keçirməyi qadağan edib. Bunu necə qiymətləndirmək olar?
Cavid Şahverdiyev - Gürcüstan özü də pis durumdadır. Gürcüstan Ermənistan münasibətlərindən məlumdur ki, Ermənistan Cavaxetiyanı özünə birləşdirmək istəyir və erməni Gürcüstandan torpaq qoparmaq istəyir. Lakin Gürcüstanın ona görə vəziyyəti pisdir ki, növbəti prezident seçkilərində hazırki prezident Saakaşvilinin yenidən prezident seçilməsi hüququ yoxdur. Konstitusiyaya edilən dəyişikliklərə görə o baş nazir olmaq istəyir. Bütün səlahiyyətlər, fəaliyyətlər Böyük Britaniyada, Türkiyədə olduğu kimi baş nazirə keçəcək. Əgər təbii ki, o baş nazir olarsa. Bunu da qeyd edək ki, Gürcüstan parlamentində müxalifət formalaşıb ki, onlar Rusiyanın Qərbin tapşırığını yerinə yetirir. Ona görə də Gürcüstan bilmir ki, Rusiya ilə müqaviləni uzatsın, yoxsa Ermənistanla hərbi əməkdaşlığa getsin. Onların hər ikisi də eyni mahiyyət daşıyır.
Əgər Qərb Saakaşvilinin maraqlarını müdafiə edərsə, o zaman o müəyyən güzəştlərə gedəcək. Lakin o heç bir zaman Azərbaycanın əleyhinə olan güzəştlərə getməz. Çünki o bilir ki, Azərbaycan güclü dövlətdir və burada Türkiyə faktoru da var. Əgər o Qərbə güzəştə gedərsə, o zaman Saakaşvili Rusiya ilə müqavilənin vaxtını uzadacaq belə olan halda da onun Ermənistanla olan əməkdaşlığının o qədər də əhəmiyyəti olmayacaq. Saakaşvili bilərsə ki, o baş nazir olmayacaq və ya səlahiyyətlər onda birləşməyəcək o zaman Rusiya ilə müqavilənin uzatmasına razı olmayacaq, buna xitam verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB