Prezident İlham Əliyev: "Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik"
Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının üzvləri bir araya gələrək mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Sirr deyil ki, COVİD-19 pandemiyasının yayılmağa başladığı vaxtdan bu günə kimi beynəlxalq müstəvidə bu formatda və miqyasda konfranslar, birgə müzakirələr keçirilməyib. Bu da əlbəttə ki, Azərbaycan Prezidentinin təşəbbüsünə verilən növbəti qlobal dəstək deməkdir. Çünki Prezident İlham Əliyevin kritik məqamlarda verdiyi çevik və qətiyyətli qərarlar Azərbaycanı dünyada fərqləndirir. Bölgədə yeganə güc sahibi olan Azərbaycan beynəlxalq aləmdə güvənilən, etibar edilən ölkə statusunu artırır, yerini və mövqeyini möhkəmləndirir.
Həmçinin, onu da voğulamaq lazımdır ki, bu gün bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb. Bu gün artıq Azərbaycan modeli, unikal təcrübəsi mövcuddur və bu reallıq dünya tərəfindən qəbul edilir, bəyənilir. Həmçinin, reallaşdırılan sosial-iqtisadi dəstək proqramları, genişmiqyaslı antiböhran tədbirlər də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir.
"Bizə göstərilən böyük inam və etimada görə bir daha minnətdarlığımı bildirirəm"
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edərək, Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinbu təşəbbüsü yekdilliklə dəstəklədiyini bildirib: "Zirvə Görüşündə iştirakına görə Təmas Qrupuna daxil olan dövlətlərə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Zirvə Görüşünə qatılan BMT Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoruna və Afrika İttifaqının Komissiyasının sədrinə öz minnətdarlığımı ifadə etmək istərdim. BMT baş katibi cənab Antonio Quterreşə və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borelə videomüraciətinə görə təşəkkürümü bildirirəm".
Dövlət başçısı bu görüşün keçirilməsinə böyük inam və edimadın olduğunu da bildirib: "Zati-aliləri, 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə Görüşü keçirildi. Zirvə Görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Eyni zamanda, bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən “Bandunq prinsipləri”ndə yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bizə göstərilən böyük inam və etimada görə bir daha minnətdarlığımı bildirirəm.
Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü bunu göstərir".
"Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı"
Prezident İlham Əliyev çıxışı zamanı COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini deyib: "Heç bir ölkə bundan sığortalanmır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.
BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk. Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Azərbaycana göstərdiyi dəstəyə və Zirvə Görüşümüzdə iştirakına görə doktor Tedros Adhanom Qebreyesusa təşəkkürümü bildirirəm. Bu Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə Görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVID-19-a qarşı Zirvə Görüşü keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin Zirvə Görüşündə də iştirak etdi və dəyərli tövsiyələrini verdi".
"Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir"
Dövlət başçısı onu da vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir: "Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı.
Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir. Mənim Sərəncamımla ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır.
Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır".
Prezident İlham Əliyev, həmçinin bildirib ki, əƏhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılır: "Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcəkdir. Bütün bunlar atılan addımların yalnız bir hissəsidir. Ümumiyyətlə, dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir".
Prezident İlham Əliyevin düşünülmüş diplomatik siyasəti beynəlxalq səviyyədə
Antonio Quterreş: "COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün əlçatan olmasını və bərabərliyi təmin etməliyik"
Bu barədə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciətində deyərək, bildirib ki, bu gün həmrəylik göstərən ölkələr azdır: "Etiraf etməliyik ki, inkişaf edən ölkələrə münasibətdə kifayət qədər həmrəylik göstərilməyib. Həm pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərindəki boşluqları, həm də cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiqyaslı dəstəyə ehtiyacı var. Biz COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik…Bizim üç təxirəsalınmaz prioritetimiz var: COVID-19 pandemiyasına son qoymaq, onun sosial-iqtisadi təsirlərini aradan qaldırmaq və bərpa mərhələsindən daha güclü əsasları qurmaqda və heç kəsi kənarda qoymamaqda istifadə etmək".
Tedros Adhanom Qebreyesus: "Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm"
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan xalqına, Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürünü bildirib: «Siz təşkilatımıza əlavə olaraq 5 milyon ABŞ dolları həcmində yardım göstərmisiniz… Biz bilirik, əməkdaşlıq bizim üçün çox vacibdir ki, ölkələr cavab tədbirlərini həyata keçirə bilsin, COVID-19 xəstəliyinə qarşı mübarizə aparılsın və bu kimi digər fövqəladə halları aradan qaldırsın. Tamamilə aydındır ki, heç bir ölkə öz ölçüsündən, resurslarından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməz. Biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq».
Cozef Borrell: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə sadiq qalır"
Zirvə görüşündə çıxış edən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə Aİ-nin dəstəyini ifadə edib. C.Borell Avropa İttifaqının münaqişələrin müəyyən edilmiş formatda sülh yolu ilə həllini dəstəkləməyə sadiq olduğunu da bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstinə gəldikdə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini və təkliflərini dəstəkləməkdə davam etdiyi Ali Nümayəndə tərəfindən vurğulanıb.
Bir daha həmrəyliyin nümayişi
Qeyd edək ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib.
Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Respublikası öz üzərinə götürüb. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.
Beləliklə, hər bir ölkənin inkişafı və xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir. Məhz əvvəlki beynəlxalq tədbirlərdə olduğu kimi, bu mötəbər Zirvə görüşündə də Prezident İlham Əliyevin düşünülmüş diplomatik siyasəti bir daha yüksək dəyərləndirildi.
Bir sözlə, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB