“Pakistan Observer” qəzetində Ümummilli Liderə həsr olunmuş məqalə dərc olunub

“Pakistan Observer” qəzetində Ümummilli Liderə həsr olunmuş məqalə dərc olunub

Pakistanda nəşr edilən “Pakistan Observer” qəzetində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı “Heydər Əliyev – davamlı inkişaf edən Azərbaycanın qurucusu” adlı məqalə dərc olunub. SİA-nın verdiyi məlumata görə, məqalədə Heydər Əliyevin Sovet dövründə hakimiyyətdə olduğu müddətdə və müstəqil Azərbaycanın prezidenti kimi də xalqı üçün misilsiz işlər gördüyü qeyd olunur.

Heydər Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə milli birliyi təmin etdiyi, onu qoruyub saxladığı və iqtisadi inkişafı təmin etməklə güclü demokratik təsisatların qurulması üçün yorulmadan çalışdığı vurğulanır.

Məqalədə 1993-2003-cü illərdə, 10 il müddətində müasir Azərbaycanın Heydər Əliyevin rəhbərliyi altında müsbət dəyişiklik, inkişaf və rifah səviyyəsinin yüksəlməsi sahəsində uğurlu bir yol keçdiyi oxucuların diqqətinə çatdırılır.

Heydər Əliyevin uzaqgörən siyasətinin Azərbaycanı dünyanın ən sürətli inkişaf edən ölkələri sırasına daxil etdiyi vurğulanır, məhz onun sayəsində Odlar Yurdunun indi Şərqlə Qərb, Şimal və Cənub arasında körpü rolunu oynadığından bəhs olunur və qlobal aləmdə Azərbaycanın böyük dövlətlərin yanında yer aldığı bildirilir.

Məqalədə Ümummilli Liderin daima Pakistana xüsusi diqqət yetirdiyi və Pakistanla Azərbaycan arasındakı münasibətləri qardaş və strateji adlandırdığından da bəhs edilir.

Məqalənin sonunda Heydər Əliyevin karyerası boyu milyonlarla insanın sevgisini və hörmətini qazanan əvəzedilməz bir lider olduğu bildirilərək, onun indi həyatda olmadığını, lakin ideya və irsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı qeyd olunur.

https://pakobserver.net/heydar-aliyev-founder-of-steadily-emerging-azerbaijan/

Bütün xəbərlər Facebook səhifəmizdə