Azərbaycan növbəti konvensiyaya qoşulur

Azərbaycan növbəti konvensiyaya qoşulur

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi barədə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, layihə Milli Məclisə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə təqdim olunub.

Onun sözlərinə görə, Konvensiya 3 dekabr 1958-ci il tarixdə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilib, 23 noyabr 1961-ci ildə qüvvəyə minib və artıq 47 dövlət tərəfindən ratifikasiya edilib: “Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir”.

Sənədə əsasən, mübadilə obyekti kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər (kitablar, qəzetlər, dövri nəşrlər, xəritələr və planlar, reproduksiyalar, fotoşəkillər, musiqi əsərləri, brayl nəşrləri və s.) nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə