Əminik ki, bu problemlər Sizin rəhbərliyinizlə tezliklə həll olunacaq! - VƏTƏNDAŞ MƏKTUBLARI
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Qusar rayonunun Yasab kəndindən Mafiyat Bədəlova yazır:
Möhtərəm cənab Prezident.
Xalqımızın sosial rifahının və sağlamlığının dövlətimiz üçün ən ümdə vəzifə olması biz vətəndaşları sevindirməyə bilməz.Çətin koronavirus dövründə biz bunun bir daha şahidi olduq.
Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Fondun bizə yardım etməsinə, bizi sevindirməsinə görə Sizə “Çox sağ olun!” deyirik. Allah Sizə və Mehriban xanım Əliyevaya uzun ömür, cansağlığı versin.
Ümid edir və inanıram ki, dünyanı ağuşuna alan bu COVID-19 infeksiyası tez bir zamanda başımızın üstündən gedəcək, Azərbaycan yenidən çağlayan və dinamik inkişaf edən həyatına dönəcək.
Gədəbəy rayonunun İnəkboğan kəndinin bir qrup sakini adından Ənvər İsgəndərov yazır:
Hörmətli cənab Prezident.
Dünyada gözlənilmədən yayılan koronavirusla əlaqədar Sizin atdığınız qabaqlayıcı tədbirlər Azərbaycan xalqını yaşaya biləcəyi acınacaqlı vəziyyətdən çıxardı. Bir çox ölkələr isə bu bəlaya hazırlıqsız yaxalandı və təsirli tədbirlər görə bilmədiyindən kütləvi yoluxma və ölüm hallarına məruz qaldı. Bu müqayisə özlüyündə Azərbaycanın qüdrətinin təzahürüdür.
Sizin və Mehriban xanım Əliyevanın xalqa müraciətlərinizdə yer alan fikirlər, görülən əməli tədbirlər xalqa nə qədər bağlı olduğunuzu bir daha göstərdi. Xalqımız da Sizə bağlıdır və Sizi sevir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”
Sizə daim sağlamlıq və firavan həyat arzu edirik.
Naxçıvan şəhər sakini, Dövlət İdarəçilik Akademiyasının tələbəsi Sultan Məmmədzadə yazır:
Hörmətli cənab Prezident.
Mən bir gənc olaraq Sizinlə fəxr edirəm. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın bugünkü inkişafı Sizin müvəffəqiyyətlə davam etdirdiyiniz uğurlu siyasətlə bağlıdır. Hazırda dünyada sürətlə yayılan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə hazırlanan və həyata keçirilən dövlət proqramı bir daha sübut edir ki, Siz bu xalq üçün çalışırsınız və hər zaman hər bir vətəndaşınızın yanındasınız. Bu çətin günlərdə xalqımızın rifahı üçün gördüyünüz işlər biz gəncləri də ölkəmiz və xalqımız üçün əlimizdən gələni etməyə həvəsləndirir. Biz Azərbaycan xalqı olaraq əminik ki, bu problemlər Sizin rəhbərliyinizlə tezliklə həll olunacaqdır. Allah Siz başda olmaqla bütün xalqımızı qorusun.
Nəzrin Nuriyeva Bakının Nizami rayonundan yazır:
Əziz və qayğıkeş Prezidentimiz.
Mən bir vətəndaş olaraq Sizin xalqımız üçün etdiklərinizin vurğunuyam. Ölkəmizin, həmçinin bəşəriyyətin keçdiyi bu əziyyətli yolda Siz qəti və dəqiq qərarlar alaraq bir çox ölkələrə nümunə oldunuz. Koronavirus pandemiyasının yayıldığı andan bəri verdiyiniz qərarlar sayəsində hazırda ölkəmizdə yoluxma və ölüm halları digər ölkələrlə müqayisədə çox azdır. Təkcə səhiyyə ilə bağlı deyil, həmçinin digər sahələrdə də verdiyiniz qərarlar ölkəmizi yüksək zirvələrə qaldırdı. Sizin təhsil sisteminə göstərdiyiniz qayğını biz şagirdlər hiss edir və qürurlanırıq. Sizin siyasətinizin nəticəsidir ki, koronovirus pandemiyası ilə mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrini qabaqlayan Azərbaycan nümunəvi ölkə oldu. Xalqımıza belə önəm və diqqət verdiyiniz üçün həm öz adımdan, həm də ailəmin adından Sizə dərin minnətdarlığımı bildirəm. Mən 9-cu sinif şagirdi olaraq Sizinlə fəxr edirəm və Sizi çox istəyirəm. Yaxşı ki, bizim Prezidentimizsiniz.
Təqaüddə olan müəllim Laləzər Məmmədova Şirvandan yazır:
Çox hörmətli cənab Prezident.
Bu gün dünyanın böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Dünyada qlobal pandemiya hesab olunan koronovirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın, xüsusilə də məktəblilərin, 65 yaşdan yuxarı olan insanların təhlükəsizliyini təmin etmək məqsədilə verdiyiniz qərarlar, gördüyünüz təxirəsalınmaz tədbirlər, ən əsası, Sizin çağırışınız ətrafında xalqımızın həmrəyliyə dəvət olunması çox mühüm təşəbbüs və addımlardan oldu.
Cənab Prezident, Siz hər zaman vətəndaşların yanında olub, onların sevincinə də, kədərinə də şərik çıxmısınız, öz qayğınızı əsirgəməmisiniz. Biz, Azərbaycan xalqı olaraq inanırıq ki, məhz Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq çıxacağıq. Yaşlı nəslin nümayəndələri olaraq dövlətimiz tərəfindən bizə göstərilən qayğıya görə Sizə minnətdarıq. Mən təqaüddə olan müəllim kimi Sizin müəllimlərə verdiyiniz dəyəri, dəstəyinizi görür və Sizə Azərbaycan müəllimi adından öz təşəkkürümü bildirirəm. Siz bizləri-xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun. Amin.
Quba rayonu, Aşağı-Xuc kənd sakini Minbər Osmanov yazır:
Hörmətli cənab Prezident.
Bütün dünyanı bürüyən koronavirus pandemiyasının Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə qarşısı alınmaq üzrədir. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı hər kəsə bəllidir.
Cənab Prezident, Sizin düşünülmüş siyasətiniz nəticəsində Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədən dünya dövlətləri arasında ən az itki ilə çıxan ölkələrdən biridir. Əlbəttə, bunun əsas səbəbi Sizin xalqla birlikdə olmağınızdır. Siz hər zaman vurğulayırsınız ki, "Mən hər bir azərbaycanlının Prezidentiyəm". Biz də bunu həmişə hiss edirik. Bu çətin dövrdə Sizin xalqın yanında olmanız buna bariz nümunədir. Məhz buna görə Sizə minnətdarıq.
Naxçıvan Muxtar Respublikası, Sədərək rayon sakini Murad Abbaslının qeydləri:
Möhtərəm cənab Prezident.
Azərbaycan xalqı tarixin çox ağır sınaqlarından çıxıb. Hazırda üzləşdiyimiz koronavirus pandemiyasını da bunlardan biri hesab edirik. Pandemiyanın başladığı ilk gündən indiyə qədər gördüyünüz işlərlə vətəndaşların sağlamlığı və təhlükəsizliyi tam nəzarət altına alınmışdır. Sizin uzaqgörənliyiniz sayəsində Azərbaycan bu gün pandemiyadan ən az itki verən ölkələr sırasındadır. Siz bu savaşda hər bir vətəndaşın yanında olduğunuzu bir daha göstərdiniz.
Bizim yaşadığımız hazırkı dövr dünya tarixinin çox əlamətdar bir mərhələsidir. Qərinələr, əsrlər keçəcək, gələcəkdə bir çoxları 2020-ci ili “koronavirus ili” kimi xatırlayacaqdır. Bəzi insanlar üçün bu xatirə acı olsa da, ümumilikdə xalqımız üçün növbəti mübarizlik, mətinlik, birlik rəmzi kimi söylənəcəkdir.
Hər şeyə görə təşəkkürlər, cənab Prezident.
Ağayar Səfiyarov Füzuli rayonundan yazır:
Möhtərəm cənab Prezident.
Bir gənc müəllim ailəsi olaraq Sizə təşəkkürümüzü bildiririk. İlk növbədə, təhsil ocaqlarını vaxtında bağlayaraq minlərlə insanın həyatını xilas etdiyinizə görə Sizə minnətdarıq. Siz bununla ölkəmizdə kütləvi yoluxma halının qarşısını almağa nail oldunuz. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunəvi dövlət kimi təqdim edir. Bu, Sizin uğurunuzdur.
Ölkəmizin koronavirus pandemiyasının təsirindən minimum zərərlə çıxmasına nail olmaqla bir daha sübut etdiniz ki, hər zaman xalqımızın sağlamlığını və rifah halını hər şeydən üstün tutursunuz. Ailədə hər ikimiz müəllim olduğumuzdan əməkhaqqımız saxlanılmaqla məzuniyyətə göndərilməyimiz gənc ailənin rifah halının yaxşılaşmasına səbəb oldu.
Cəbhə bölgəsində yaşayan gənc ailə olaraq gördüyünüz bütün tədbirlərə, bizə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.
Elnur Kərimov Bakının Yasamal rayonundan yazır:
Möhtərəm cənab Prezident.
Mən bir vətəndaş, aktyor, “Əməkdar artist” olaraq, ölkəmizin üzləşdiyi pandemiya ilə əlaqədar xalqa göstərdiyiniz diqqətə, vətəndaşların yanında olduğunuzu sübut edən hər bir addımınıza görə Sizə təşəkkür edirəm.
Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu ilk günlərdən Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza qoşularaq evdə qalırıq. Buna baxmayaraq, yaradıcılığımızdan qalmırıq. Vətəndaşlarımıza onlayn tamaşalar, şeir, monoloqlar və hətta beynəlxalq teatrların yaradıcı insanları ilə birlikdə video çarxlar hazırlamışıq.
Evdə qalan insanlara əməkhaqlarının verilməsinə, göstərdiyiniz qayğıya görə bir daha Sizə təşəkkür etmək istəyirəm. Müstəqil Azərbaycanımızın hər bir vətəndaşının sağlam gələcəyi naminə bütün əmrlərinizi yerinə yetirməyə hazıram. Bir ölkə vətəndaşı olaraq hər zaman Sizi dəstəkləyirəm.
Elmir Həşimli Qax şəhərindən yazır:
Möhtərəm cənab Prezident.
Bu gün bütün dünyanı cənginə almış koronavirus pandemiyasının (COVID-19) Azərbaycan xalqı üçün yarada biləcəyi ağır nəticələrin qarşısının alınması, Sizin dünya ölkələrinə nümunə olan, zamanında verdiyiniz qərar və tapşırıqlar sayəsində mümkün oldu.
Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi, sahibkarlara edilən güzəştlər, tibb işçilərinin sosial təminatının yaxşılaşdırılması, minlərlə işsiz vətəndaşın ictimai işlərə cəlb olunması və bu istiqamətdə atılan digər addımlar Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdi.
Gənc bir könüllü olaraq Sizin biz gənclərə göstərdiyiniz diqqət və qayğını daim üzərimdə hiss edirəm. Sizin “Biz birlikdə güclüyük!” çağırışına qoşulur və Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün qürur hissi keçirirəm.
Ucar rayon sakini Mirzağa Soltanovdan:
Hörmətli Cənab Prezident.
Koronavirus pandemiyası ilə mübarizədə dünyanın aparıcı dövlətlərinin aciz qaldığı bir vaxtda Azərbaycanda virusun yayılmasına qarşı daha səmərəli mübarizə təşkil olundu. Dövlətimiz Sizin rəhbərliyinizlə kifayət qədər sürətli və çevik tədbirlər həyata keçirdi. Ölkədə sanitar-epidemioloji vəziyyət nəzarət altına alındı, özünütəcridlə bağlı karantin rejimi uğurla tətbiq edildi, digər qabaqlayıcı tədbirlər həyata keçirildi və nəticədə Azərbaycan bu bəladan çox az itki ilə çıxmaq üzrədir. Aztəminatlı ailələrə, işsiz vətəndaşlara, sahibkarlara dövlətin maddi dəstəyi təmin olundu, kommunal ödənişlərə güzəştlər edildi, tələbələrin bir qisminin təhsil haqqı dövlət hesabına ödənildi və bir-sıra digər işlər görüldü.
Bütün qeyd olunanlar bir daha göstərdi ki, Siz əsl dövlət başçısı, lider kimi ölkəsini sevən Prezidentsiniz. Bütün bunlar xalqımız tərəfindən yüksək qiymətləndirilir, xalqın Sizə olan inamını daha da artırır.
Cənab Prezident, bir daha əmin olun ki, xalqımız həmişəkimi kimi, bu gün də Sizə güvənir, Sizinlə fəxr edir, Sizinlə qürur duyur. Biz Sizinləyik, Sizin arxanızdayıq, Sizi dəstəkləyirik.
Qəbələ rayonunun Vəndam qəsəbəsindən Nuriyə Çələbizadə yazır:
Cənab Prezident.
Dünyada cövlan edən koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə gördüyünüz tədbirlər sözlə ifadə olunmayacaq qədər əvəzsiz və təqdirəlayiqdir. Bütün vətəndaşlara ayrı-ayrılıqda diqqət yetirməyiniz bizləri çox sevindirir. Bir müəllim kimi bizə xüsusi diqqət göstərməyiniz, xüsusilə virtual məktəb layihəsi məni və şagirdlərimi çox sevindirdi. Biz dərslərlə davamlı şəkildə məşğul oluruq.
Cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm. Belə çətin anlarda vətəndaşlara göstərdiyiniz qayğı və yardım hər bir insanın həyatının Sizin üçün nə qədər dəyərli olduğunu təcəssüm etdirən ən bariz nümunədir. Sizə hər zaman dəstəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB