“Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu” mövzusunda mətbuat konfransı keçirilib

“Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu” mövzusunda mətbuat konfransı keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və "Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva "Müstəqillik dövründə Azərbaycan ailəsinin keçdiyi inkişaf yolu" mövzusunda mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən S.Vəliyeva bildirib ki, "Kaspi" qəzetinin yeni layihəsi olan bu tədbir silsilə xarakter daşıyacaq. O vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyinin 20 illik, "Kaspi" qəzetinin isə 130 illik yubileyi ərəfəsində Azərbaycan dövlətinin müxtəlif sahələrini əhatə edən müxtəlif nazirliklər, komitələrin fəaliyyəti, 20 ildə qazanılan uğurlar, nailiyyətlər, görüləcək işlər birlikdə təhlil olunacaq.

"Azərbaycan dövləti ailə problemini, ənənəsini milli dəyərlərə daxil edərək böyük önəm verdiyi, dövlət siyasətinin tərkib hisəəsi hesab etdiyi üçün Azərbaycan müstəqillik qazandıqdan sonra bu işlərlə məşğul olan komitə yaradılıb. Ailə doğrudan da cəmiyyətə, insanlığa Allah tərəfindən verilən ən böyük dəyərdir. Cəmiyyətin inkişafı, insanların yer üzərində ünsiyyətləri, münasibətləri ailə olmadan qeyri-mümkündür. Ailə kiçik bir dövlətdir. Bütün iqtisadi, maddi, siyasi, ideoloji münasibətlər ailədə formalaşır. Azərbaycanın ailə modeli, ailədə şəxsiyyətin formalaşması prosesi milli-mənəvi dəyərlər sistemində formalaşıb. Qadına verilən önəm isə ailənin əsasını təşkil edir. Azərbaycandə müstəqillik əldə edildikdən sonra Azərbaycan ailəsi yeni inkişaf mərhələsinə qədəm qoydu. Milli təfəkkür milli dövlətçilik təfəkkürü ilə uzlaşa bildi. Müstəqilliyini qorunmaq üçün dövlətçilik ideologiyaları ətrafında birləşməyi qarşısına məqsəd qoydu. İntellekti, təfəkkürü dəyişdi, inkişaf etdi və xüsusilə Azərbaycan böyük bir elmi tərəqqi dövrünü yaşadı. Azərbaycan ailəsi üçün yeni sayılan təhsilin inkişafından vətəndaşları bəhrələndi. Yeni təfəkkürlü gənclərin, müstəqil dövlət quruculuğu proseslərinə qoşulması müsbət bir haldır. Şərəfli ailənin formalaşması güclü dövlətin, cəmiyyətin formalaşması deməkdir", - deyə o əlavə edib.

Daha sonra çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova ilk önə "Kaspi" qəzetini 130 illik yubileyi münasibətilə təbrik edib və uğurlar arzulayıb. O, ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində dövlət komitəsinin fəaliyyətinə diqqəti çəkən məsələlər barədə ətraflı məlumat verib. H.Hüseynova bildirib ki, heç bir dövlət qurumu təklikdə hansısa uğur əldə edə bilməz: "Artıq Azərbaycanda belə bir mühit yaranıb ki, bütün dövlət qurumları həmrəylik formasında çalışırlar. Burada yalnız sağlam rəqabət ola bilər. Komitə 5 il ərzində çoxlu nailiyyətlər əldə edib və bu bizim hamımızın qazancıdır. Vaxt var idi ki, bizim təkliflərimiz, fikirlərimizi insanlar düzgün başa düşmür, hətta bunun əleyhinə də çıxırdılar. Amma indi insanlarda inam yaranıb və birlikdə bir sıra işlər görülür".

Tədbirin davamında Hicran Hüseynova və Sona Vəliyeva jurnalistləri maraqlandıran sualları cavablandırıb. Bu zaman onlar cəmiyyətdə gender bərabərliyi, qızların təhsildən yayınması, erkən nigahlar, boşanmalar və digər məsələlərə aydınlıq gətiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə