Azərbaycan dövlətinin necə güclü olduğunu bir daha sübut etdiniz! - PREZİDENTƏ MƏKTUB
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir:
Yaşı 65-dən yuxarı olan tənha və ahıl insanlara xidmət göstərən könüllülər adından Aynur Hüseynova Göygöl rayonundan yazır:
Möhtərəm cənab Prezident.
Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri Azərbaycan hüquqi, dünyəvi və müstəqil ölkə kimi daim inkişaf edir, beynəlxalq aləmdə özünəməxsus yer tutur. Apardığınız uğurlu daxili və xarici siyasət Azərbaycanın Avropa və dünya strukturlarına inteqrasiyası, xalqımızın maddi və mənəvi inkişafının təmin olunması məqsədi daşıyır.
Son zamanlar bütün dünyanı zəbt etmiş COVID-19 pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Əminik ki, Sizin rəhbərliyinizlə bu bəladan da şərəflə və üzüağ çıxacağıq.
Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir.
Cənab Prezident, karantin vəziyyəti ilə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim hər birimizin sağlamlığının qorunması üçün atılmış addımlardır.
“Evdə qal!” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri Sizin birbaşa göstərişinizə uyğun olaraq bu çətin günlərdə maddi və mənəvi cəhətdən korluq çəkmədi.
Biz – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin sosial xidmət işçiləri də həmişə Sizin tapşırıqlarınızı icra etməyə hazırıq. Bu şərəfli işinizdə həmişə Sizinləyik. Bizlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.
Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər.
Arzu Babayev Bakı şəhərindən yazır:
Hörmətli cənab Prezident, Azərbaycan xalqının qəhrəman oğlu İlham Əliyev.
Məktubuma ümummilli liderimiz Heydər Əliyevin 18 il əvvəl Sizin haqqınızda dediyi sözlərlə başlamaq istərdim: “İlham Əliyev yüksək intellektual, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, yüksək enerjili, təşəbbüskar və tələbkar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları və işləri sizin yaxından dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Son 17 ildə Azərbaycanda görülən işlərə dönüb baxdıqda Ulu Öndərin Sizin barənizdə söylədiklərinin əsl həqiqət olduğuna bir daha əmin oluruq. Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Sizin zəhmətinizin izi olmasın.
Cənab Prezident, seçildiyiniz gündən davamlı olaraq ölkəmizin bölgələrinə səfər etmisiniz. Bəzən bir gündə 3-4 rayona getmisiniz, daim xalqla bir yerdə olmusunuz. Çünki xalqı maraqlandıran, onu narahat edən hər bir sözü insanların dilindən eşitmək istəmisiniz. Hətta bəzən doğum gününüzü bölgələrdə, xalqla bir yerdə keçirirsiniz. Bu isə xalqı əziz tutmağınızdan, onun rifahını ən vacib məsələ hesab etməyinizdən irəli gəlir. Elə ona görə də bu gün Azərbaycanda ən güclü birlik Prezidentlə onun xalqının birliyidir.
Azərbaycan xalqı bu gün dünyanın ən xoşbəxt xalqıdır ki, onun Sizin kimi sadə, humanist, hər bir vətəndaşın probleminə diqqətlə yanaşan, bütün ömrünü xalqına həsr edən Prezidenti var. Ona görə də xalqımız Prezidentin apardığı siyasəti ürəkdən bəyənir və dəstəkləyir.
Cənab Prezident, bilirik ki, xalqın sağlamlığını qorumaq Sizin üçün daim prioritet olub. Vətəndaşlarımız Sizin dəstəyiniz sayəsində hər il səhiyyə ocaqlarında pulsuz müayinə və müalicə olunurlar. Hazırda dünyanı zəbt etmiş ağır koronavirusla mübarizədə də Siz vaxtında çox qətiyyətli tədbirlər görməklə böyük fəlakətin qarşısını aldınız. İnşallah, Sizin köməyinizlə xalqımız bu bəladan minimum itki ilə çıxacaq.
Sizə cansağlığı və Azərbaycanımızın taleyüklü işlərində müvəffəqiyyətlər arzulayıram. Ulu Tanrı Sizi Azərbaycana və xalqımıza çox görməsin, Sizə və Sizinlə çiyin-çiyinə çalışan Mehriban xanıma daim kömək olsun.
Sumqayıt şəhər “Təfəkkür” liseyinin 9-cu sinif şagirdi Mehrəngiz Qurbanova:
Möhtərəm cənab Prezident.
Bütün dünya üçün qorxulu fəsadlarla nəticələnən koronavirus pandemiyası Vətənimiz Azərbaycandan da yan keçmədi. Dünyanın nəhəng dövlətlərinin COVID-19 qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Sizin-mənim xilaskar Prezidentimin uzaqgörən siyasəti sayəsində bu bəladan minimum ziyan gördü. Pandemiyanın üzə çıxdığı ilk gündən etibarən əhalinin mütəmadi olaraq məlumantlandırılması, qabaqlayıcı tədbir olaraq kütləvi toplanmaların qarşısının alınması, az bir vaxtda yeni tipli xəstəxanaların inşa edilməsi, ölkəmizdən kənarda olan vətəndaşlarımıza belə dövlət səviyyəsində qayğı və dəstək göstərilməsi, aztəminatlı ailələrə maddi yardım göstərilməsi və digər tədbirlər Sizin yüksək liderlik, təşkilatçılıq qabiliyyətinizin nəticəsidir. Mən milyonlarla Azərbaycan vətəndaşlarından biri olaraq Vətənə, xalqa göstərdiyiniz bu məhəbbət, maddi, ən əsası isə mənəvi dəstək üçün Sizə çox minnətdaram. Bir şagird kimi ilk vaxtlar məktəbimin fəaliyyətini dayandırmasına görə çox üzülsəm də, sonra anladım ki, bu tədbir mənim və minlərlə azərbaycanlı şagirdin rifahı naminədir.
Dəyərli Prezidentim, həyata keçirdiyiniz uzaqgörən siyasət üçün Sizə çox minnətdarıq. Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan.
Laçın Rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov:
Möhtərəm cənab Prezident.
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində rəhbərliyinizlə görülən işlər xalqımızın bu bəladan qorunmasında böyük əhəmiyyət kəsb etdi. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın ən etibarlı arxa və dayağı kimi vətəndaşlarla birlikdə olmağınız, hər bir ailənin rifah halını və sağlamlığını düşünərək, bu istiqamətdə göstərdiyiniz maddi və mənəvi dəstək bir daha nümayiş etdirir ki, Siz hər bir Azərbaycan vətəndaşının layiqli Prezidentisiniz.
Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı ətrafınızda bir daha səfərbər edərək, daha sıx birləşdirdi. Biz ahıl sakinlər də bu taleyüklü məsələlərin həlli istiqamətində gördüyünüz işləri daim bəyənir, bundan məmnunluq hissi keçirir, buna görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
İnanırıq ki, ölkəmiz Sizin müdrik rəhbərliyiniz sayəsində tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir.
Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Məmmədzadə Nuray Bakının Binəqədi rayonundan yazır:
Hörmətli cənab Prezident.
Dünyanı öz ağuşuna alıb məhvə sürükləyən “COVID-19” pandemiyası ilk günlərindən bütün ölkələrdə kütləvi ölümlərə səbəb olduğunda, bu qorxunc xəbər hamını məyus etmişdi.Lakin qəlbimin dərinliyində zülmət qaranlığı parçalayacaq parlaq bir günəşin doğacağına əmin olduğum üçün, nikbinlik hissi heç bir zaman məni tərk etməmişdi.Əmin əllərdə idarə olunan dövlətimizin həmişə vətəndaşının yanında olduğunu və onu qoruduğunu bildiyim üçün bu dəhşətin böyük faciə yaratmayacağına inanırdım.Təhlükənin ilk günlərində zərgər dəqiqliyi ilə alınmış uzaqgörən qərarlarınız vaxtında bu dəhşətin önünə sədd çəkdi.Bu ölüm saçan pandemiya ilə mübarizədə dünyanın bir çox ölkələrinə örnək olan davranışınızla Azərbaycan dövlətinin necə güclü olduğunu bir daha sübut etdiniz.
Cənab Prezident, hazırda pandemiya dəhşətinin sönən alovları tezliklə bu bəladan qurtulub normal həyata dönəcəyimizdən xəbər verir. Sizin apardığınız çoxyönlü islahatlar ölkəmizin və xalqımızın rifahını artırdığı kimi həm də dövlətimizin güclü olmasını təmin edir. Bu da biz gənclərin özünə güvən hissini, vətən sevgisini və vətənə layiqli övlad olma məsuliyyətini artırır. Qloballaşan dünyada ikili standartlara qarşı gecə gündüz apardığınız haqlı mübarizədə biz gənclər də sizin siyasi kursunuzun davamçılarıyıq. Gələcəkdə vətənimizə layiqli vətəndaş olmaq və bizlərə əmanət ediləcək irsi, mədəniyyəti, mental dəyərləri qoruyub gələcəyə daşımaq və bəşəriyyətin sürətlə inkişaf etdiyi bu dönəmdə yeni texnologiyalara daha müfəssəl yiyələnmək üçün, biz daha yaxşı oxumalı, müasir biliklərə yiyələnməli və bu yolda çox məsuliyyətli olmalıyıq. Doğma Azərbaycanımızı sevmək və onun layiqli vətəndaşı olmaq biz gənclərin ən vacib işidir. Çiçəklənən ölkəmizdə gündən-günə inkişaf edən iqtisadiyyatımızın hər sahəsində əldə olunan nailiyyətlər biz gəncləri daha da qürurlandırır və bizləri daha məsuliyyətli olmağa məcbur edir. Çünki bu gün əmin əllərdə idarə olunan ölkəmizin gələcəkdə daha da güclü və qüdrətli olması bizlərin prioritet məsələsidir. Bunun üçün də biz üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirməliyik.
Bildiyimiz kimi, tarixən ölkəmiz zaman-zaman yadellilərin və nankor qonşuların işğalına məruz qalmışdır. Bu gün də torpaqlarımızın 20 faizindən çoxu işğal altındadır. Bir milyondan artıq köçkün soydaşlarımız öz yurd-yuvalarından didərgin düşmüşlər. Lakin biz əminik ki, cənab Prezident, Siz bu çətin məsələnin tezliklə həllinə nail olacaqsınız və köçkün soydaşlarımız öz yurd yuvalarına geri dönəcəklər. Dünya ictimaiyyətinin də bildiyi bir həqiqət var ki, o da Azərbaycanın ərazi bütövlüyünün qeyri şərtsiz bərpa olunmasıdır. Sülh yolunun tükəndiyi anda ölkəmizin müzəffər ordusu Ali Baş Komandanın əmri ilə və xalqın dəstəyilə düşməni darmadağın edib, üç rəngli zəfər bayrağını indi işğalda olan torpaqlarımızda dalğalandıracaqdır. Vətənimizin azadlığı üçün bu yolda canımızı belə verməyə hazırıq.
Yaşasın Azərbaycan!
Təvəkkür İbrahimov Hacıqabul şəhərindən yazır:
Möhtərəm cənab Prezident.
Mən Hacıqabul şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Bütün dünyanı bürümüş koronavirus infeksiyasına qarşı ölkəmizdə səmərəli mübarizə aparıldığının şahidiyik. Eyni zamanda, ölkəmizdə də xəstəliyin qarşısının alınması üçün çox ciddi tədbirlər görülür. Karantin dövründə məktəblər bağlansa da, biz şagirdlər evdə qalsaq da, təhsildən qalmırıq. Sevimli müəllimlərimizin dəstəyi ilə dərslərimizi onlayn formada davam etdiririk.
Cənab Prezident, Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqının ən yaxın dostusunuz. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Mən xoşbəxtəm ki, Sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikasında yaşayıram. Siz qısa bir zamanda ölkəmizi cənnət bir məkana çevirdiniz. Siz öz xalqını sevən əsl lidersiniz. Azərbaycan xalqı Sizinlə fəxr edir. Biz şagirdlər də Sizi dəstəkləyir, Sizin möhtəşəm işlərinizə heyranlıqla baxırıq. Sizin gördüyünüz qabaqlayıcı və geniş tədbirlər nəticəsində koronavirus infeksiyasının kütləviləşməsinin qarşısı vaxtında alındı.
Cənab Prezident, Siz xalqımızın sağlam yaşaması üçün böyük işlər gördünüz, bizi xəstəlikdən qorudunuz. Allah Sizi qorusun.
Rusiya Federasiyasının Bryansk şəhərində yaşayan həmyerlimiz Elçin Mirzəyev:
Hörmətli cənab Prezident.
Rusiyanın Bryansk şəhərində yaşayan və ürəyi Azərbaycanla döyünən həmvətənlərimiz doğma ölkəmiz üçün gördüyünüz böyük və əhəmiyyətli işlərinizi hər zaman diqqətlə izləyir və təqdir edirlər.
Bütün dünyanı bürüyən pandemiya şəraitində hər bir vətəndaşımızın sağlamlığı üçün Sizin qabaqlayıcı tədbirlərinizin, imzaladığınız sərəncamların, qəbul etdiyiniz qərarların, həmçinin həkimlərimizin, polislərimizin qayğısı və xidmətləri əvəzsizdir. Buna görə Sizə bir vətəndaş olaraq minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, biz doğmalarımızla əlaqə saxlayanda rahatlıq tapırıq. Hər bir çətin dövrdə Sizin necə güclü lider olduğunuzun bir daha şahidi oluruq. Doğmalarımızın sağlamlığının, hüquqlarının qorunmasına, onlara yardımların verilməsinə, sadalamaqla bitməyən digər işlərə görə Sizə minnətdaram. Biz Sizinlə həmişə qürur duyuruq, fəxr edirik. Allah Sizə, xalqımıza yar olsun!
Şuşa rayonundan məcburi köçkün Cavanşir Əbilov Şamaxı rayonundan yazır:
Möhtərəm cənab Prezident.
Sizi salamlayır və xalqımızın rifahı naminə xidmətlərinizə, xüsusən bütün dünyanı bürümüş koronavirus xəstəliyinə qarşı aparılan mübarizə tədbirlərinə görə Sizə minnətdarlığımı bildirirəm.
Mənim oğlum məhkumluq həyatı yaşayır. Tez-tez bizimlə telefon əlaqəsi saxlayır. Sizin qabaqlayıcı tədbirləriniz, qayğıkeşliyiniz sayəsində cəzaçəkmə müəssisələri də bu bəla qarşı tam gücü ilə mübarizə aparır. Gördüyünüz işlər müsbət nəticələrini verməkdədir. Oğlumun dediyinə görə, cəzaçəkmə müəssisələrində hər gün dezinfeksiya işləri, antisanitariya tədbirləri yüksək səviyyədə aparılır. Bütün bunların nəticəsidir ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycandakı cəzaçəkmə müəssisələrində bu virus yayılmadı.
Hörmətli cənab Prezident, oğlumun adından və bir ata kimi öz adımdan cəzaçəkmə müəssisələrinə, eyni zamanda, respublikamızın bütün sakinlərinə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımı və dərin təşəkkürümü bildirirəm.
Allah Sizə yar olsun.
Hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsində məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkün Səfərova Səbinə yazır:
Möhtərəm cənab Prezident.
Ürəyimdən gələn xoş sözləri Sizə demək üçün hansı gözəl ifadələrdən istifadə etsəm də, azdır. Sizə olan rəğbətimi, səmimi duyğularımı ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirəm.
Bu ağır günlərdə dadımıza çatdığınıza, hamımıza maddi və mənəvi dəstək göstərdiyinizə görə çox sağ olun. Atalar gözəl deyib: “Ot öz kökü üstə bitər”. Azərbaycan xalqının xilaskarının oğlu da onun kimi xilaskar olmalıdır.
Dünyada pandemiya ilə bağlı baş verənlər əvvəllər məni az da olsa, qorxuya salmışdı. Ancaq Sizin gördüyünüz operativ tədbirlər nəticəsində sanki düşdüyüm quyudan xilas oldum, gələcəyə ruhlandım. İndi elə düşünürəm ki, sanki ölkəmizdə epidemiya olmayıb.
Dualarımız Sizinlə olsun. Siz mənim üçün tarixin ən qüdrətli sərkərdəsi, ən xeyirxah hökmdarısınız. Allah Sizə yar olsun.
Ağdaş Suvarma Sistemləri İdarəsinin kollektivi adından Əməkdar mühəndis Hacıyev Əhliman yazır:
Möhtərəm cənab Prezident.
Bütün dünyanı dəhşətə gətirən koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradır. Azərbaycan qısa müddət ərzində çoxlarının hətta uzun vaxta belə qət edə bilmədiyi bir yol keçmişdir. Ümid edirik ki, dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq.
Meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyiniz diqqət və qayğı, Sizin rəhbərliyinizlə ölkəmizdə bu sahədə həyata keçirilmiş önəmli genişmiqyaslı layihələr sayəsində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır, kənd təsərrüfatı məhsullarının istehsalı artır. Bütün bunlar bir daha sübut edir ki, xalqımızın gələcəyi əmin əllərdədir.
Bədən tərbiyəsi və idman xadimi Cəfərov Vaqif Şirvan şəhərindən yazır:
Möhtərəm cənab Prezident.
Artıq bir neçə aydır ki, bəşəriyyət koronavirus pandemiyası (COVID-19) ilə, sözün əsl mənasında, mübarizə aparır. Pandemiya ölkələrin iqtisadiyyatına və əhalisinə böyük zərər vurdu. Amma ölkəmiz Sizin qətiyyətiniz, uzaqgörən siyasətiniz və iradəniz sayəsində pandemiyaya qarşı mübarizədə də öncüllər sırasındadır. İnsanlarımızın daha az zərər görməsi, güclü iqtisadiyyatımızın qorunub saxlanması istiqamətində atdığınız addımlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər bir vətəndaş, idman veteranı kimi məni sevindirir, işıqlı sabahımıza ümidlə baxmağa ruhlandırır.
Cənab Prezident. bu pandemiya ilə mübarizədən üzüağ çıxacağımıza inanıram. Sizin çağırışınıza qoşularaq deyirik ki, biz birlikdə güclüyük.
Cənab Prezident, mən Sizinlə fəxr edir, Sizə minnətdarlığımı bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Həştərxan vilayətinin Azərbaycan diasporu adından Mirişov İrahid yazır:
Hörmətli cənab Prezident.
Ölkəmizin ərazisində koronavirusun yayılmasının qarşısının alınmasında bilavasitə Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlərə görə Rusiyanın Həştərxan vilayətinin Azərbaycan diasporu adından Sizə səmimi minnətdarlığımı bildirirəm.
Biz - Həştərxan vilayətində yaşayan azərbaycanlılar virusun yayılması ilə əlaqədar Vətənimizdəki vəziyyəti böyük diqqət və həyəcan ilə izləyirik.
Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması və firavanlığı məqsədilə əhaliyə tibbi yardımın göstərilməsi sahəsində islahatlara yönəldilmiş müdrik siyasətiniz, ölkə vətəndaşlarına tibbi yardımın və tibbi xidmətlərin yaxşılaşdırılması üzrə strateji proqramınız, həmçinin koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən operativ tədbirlər müsbət nəticəsini verib. Bu, nəinki Azərbaycan vətəndaşları, həmçinin beynəlxalq siyasətçilər tərəfindən yüksək dəyərləndirilib.
Biz Sizin göstərişinizlə və bilavasitə nəzarətinizlə pandemiyaya qarşı mübarizədə əhalinin qorunmasına və iqtisadiyyatın bütün həssas sektorlarına dövlət dəstəyinin göstərilməsinə istiqamətlənən tədbirləri alqışlayırıq.
Biz Azərbaycana, bütün Azərbaycan xalqına xüsusi karantin rejimindən tezliklə çıxmağı və epidemiya ilə bağlı çətinlikləri adlamağı səmimi qəlbdən arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB