5 may Xalçaçıların Peşə Bayramı Günü kimi qeyd olunur

5 may Xalçaçıların Peşə Bayramı Günü kimi qeyd olunur

Bütün dövrlərdə dünyanı heyran qoyan Azərbaycan xalçalarının şöhrəti ölkələri qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Azərbaycan xalçaları dünya xalçaçılığında müasir Azərbaycan modelidir. Xalçaçılıq isə Azərbaycan mədəniyyətinin bir hissəsidir. Qədim dövrlərdən başlayaraq, xalçaçılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.

Bu gün xalılarımız, nəinki dünyanı heyrətdə saxlayır, həm də 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməklə bəşəriyyətin irsi və sərvəti sayılır. Xalqın milli mədəniyyəti tarixində müstəsna yer qazanan xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmış olsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə kimi qəbul olunur. Azərbaycan xalça sənətinin kökü və mənbəyi çox qədimlərdən bəri bir sənət və dəyər nümunəsinə çevrilib. Gəmiqayadan, Qobustandan, Kür-Araz mədəniyyətindən qaynaqlanan xalça sənətində rəmzlər dünyası yaşayır. Bu sənətin dünya mədəni irsində yer alması Azərbaycan xalçasının bir uğuru və nailiyyəti kimi əks-səda doğurur.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, xüsusilə, əhəmiyyətlidir. Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Ölkə Prezidenti İlham Əliyev 7 dekabr 2004-cü il tarixində “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Ölkə başçısı, bu qanunun təsdiqindən az sonra, 2005-ci il fevralın 7-də “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq etdirilməsi barədə Fərman imzalayıb. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha da intensiv inkişafına misilsiz töhfə verib. Azərbaycan Prezidentinin 2016-cı ilin 5 may tarixli Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət xalçaçılığı inkişaf etdirərək, ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaratmağı qarşısına məqsəd qoyub. “Azərxalça” ASC-nin yaradılmasının əsas məqsədlərindən biri, məhz xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə, bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Qeyri-neft sektorunun inkişafının prioritet təşkil etdiyi müasir dövrdə dövlət başçısının “Azərxalça”nın yaradılması barədə Sərəncamı xüsusi əhəmiyyət daşıyır. “Azərxalça” ASC-nin Füzuli, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı və digər rayonlarda filiallarının yaradılması bu sənətin inkişafina səbəb oldu. Dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq xalça istehsalı emalatxanaları yaradıldi. Artıq ilk məhsullar “Azərbaycan brendi” olaraq beynəlxalq sərgilərdə nümayiş olunur, əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında tələbat böyükdür. Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşnisi hazırlanıb və onların bir qismi istehsalatda tətbiq edilib. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir.

Göründüyü kimi, xalçaçılıq sənətinin inkişafı istiqamətində ardıcıl işlər görülməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, xalçaçılığın çox böyük potensialı var: “Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq.

Bu, çox müsbət irəliləyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusilə, qadınlar arasında işsizliyi aradan qaldıran sahədir”. İstifadəyə verilən xalça fabriklərində işləyənlərin mütləq əksəriyyəti qadınlardır. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır. Bəli, xalçaçılıq bizim milli sərvətimizdir, bu sərvət qorunur və yaşayır. Bu gün Azərbaycan qədim xalçaçılıq sənətinin vətəni olaraq tanınır və xalça dünyaya Azərbaycan brendi kimi təqdim olunur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə