"Azərbaycan dövləti böyük fədakarlıqlara imza atır" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan dövləti böyük fədakarlıqlara imza atır" ÖZƏL - AÇIQLAMA

"Mənim tanıdıqlarımdan heç kəs bu virusa yoluxmayıb" və ya "mənə koronavirusdan ölən bir nəfərin adını çəkin" - tipli qeyri-ciddi yanaşmalarla insanları sanitar-gigiyenik qaydalara əməl etməkdən çəkindirmək qətiyyən olmaz. Azərbaycanın 10 milyon əhalisi var. Biz onların neçə nəfərini şəxsən tanıyırıq? Yaxud Azərbaycan dövləti hər gün 150 milyonu sizinlə zarafat etmək üçünmü itirir?". Bu sözləri SİA-ya açıqlamasında Teleqraf Media Qrupun rəhbəri Aynur Camal deyib.

O vurğulayıb ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejiminin müddəti may ayının 31-ə qədər uzadıldı, eyni zamanda koronavirus pandemiyası ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək bir sıra məhdudiyyətlərin aradan qaldırılması qərara alındı: "Beləliklə, bu gündən Azərbaycanda karantin qaydalarının nisbətən yumşaldıldığı dövrə keçid edirik. Təbii ki, bu qərar verilərkən ölkəmizdəki vəziyyətlə yanaşı, başqa dövlətlərdə tətbiq olunan preventiv tədbirlər və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri diqqətə alınıb. Azərbaycanda pandemik virusla bağlı hazırkı situasiya digər ölkələrlə müqayisədə qənaətbəxş hesab edilir. Çünki dövlət səviyyəsində həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində infeksiyaya yoluxma kütləviləşmədi. Dövlət başçısı səviyyəsində vəziyyətə ciddi nəzarət edilir. Sevindirici haldır ki, virusa yoluxanların sayında azalma, bu xəstəlikdən sağalanların sayında isə çoxalma müşahidə olunur. Bu səbəbdən Operativ Qərargahın karantin rejimində bəzi məhdudiyyətlərin götürülməsi qərarı vaxtında və düzgün verilmiş qərardır".

Aynur Camal əlavə edib ki, bu məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, əhali indiyədək tətbiq olunan qaydaları gözardı edə, lazım oldu-olmadı evdən çıxa bilər: "Karantin qaydalarının yumşaldıldıqdan sonra bir neçə ölkədə, məsələn, Almaniya, İspaniya və Fransada infeksiyaya yoluxma sayında artım müşahidə olunmağa başladı. Buna görə də insanlar əvvəlki kimi, məsuliyyətli olmalı, sosial izolyasiya qaydalarına əməl etməlidir. Bu virusla bağlı kollektiv immunitet yaranmayanadək və ya vaksin tapılmayanadək insanların həyatı, sağlamlığı ilə bağlı ciddi təhlükələr qalır. Xüsusən uşaqlar və yaşlı insanları qorumaq üçün nə mümkündürsə, etməliyik. Pandemik virusla bağlı məsuliyyətsiz qərarlar vermək olmaz. Unutmayaq ki, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti böyük fədakarlıqlara imza atır. Karantin rejimində dövlət olaraq hər gün 140-150 milyon manat civarında vəsait itiririk. Prezident İlham Əliyev insanlarımızın sağlamlığının onun üçün iqtisadiyyatdan daha üstün olduğunu demək olar, hər çıxışında təkrar edir. Bu baxımdan özümüzü, ətrafımızı qorumaq üçün gigiyena qaydalarına əməl etməli, lazım olmadıqca küçəyə çıxmamalı, ictimai nəqliyyatda məsafəni qorumalı, ictima-iaşə obyektlərinə getməməliyik. Karantin rejiminin tamamilə aradan qaldırılmasını, əvvəlki həyat tərzinin bərpa olunmasını istəyən hər kəs Operativ Qərargadın elan etdiyi qaydalara ciddi əməl etməlidir. Əks halda, xüsusi karantin rejimi daha sərt formada tətbiq oluna bilər, yəni vəziyyət o dərəcədə ağırdır".

Koronavirus pandemiyası ilə bağlı dünyadakı statistikaya, rəqəmlərdəki qorxulu artıma ciddi yanaşmalı olduğumuzu bildirən media qrupu rəhbəri qeyd edib ki, "mənim tanıdıqlarımdan heç kəs bu virusa yoluxmayıb" və ya "mənə koronavirusdan ölən bir nəfərin adını çəkin" - tipli qeyri-ciddi yanaşmalarla insanları sanitar-gigiyenik qaydalara əməl etməkdən çəkindirmək qətiyyən olmaz: "Azərbaycanın 10 milyon əhalisi var. Biz onların neçə nəfərini şəxsən tanıyırıq? Yaxud Azərbaycan dövləti hər gün 150 milyonu sizinlə zarafat etmək üçünmü itirir? İnsanları zorla evlərində oturtmaq kimə lazımdır? Bunları ona görə qeyd edirəm ki, aradan bu qədər müddət keçməsinə, dünyadakı təhlükə saçan COVID-19 statistikasına rəğmən, hələ də sosial şəbəkələrdə bu tip həqiqəti əks etdirməyən yersiz "bəyanatlar" eşidirirk. Dünyada 3.5 milyondan artıq insan koronavirusa yoluxub və bu sayda az qala hər dəqiqə artım müşahidə olunur. 250 minə yaxın insan bu infeksiyadan dünyasını dəyişib. Hətta dövlətlərin yüksək ranqlı məmurları, millət vəkilləri bu xəstəlikdən həyatını itirir. Bu baxımdan Azərbaycanın xüsusi karantin rejimindən uğurla, az itkiylə çıxması hər birimizdən, hər birimizin məsuliyyətli davranışından asılıdır. Ölkəmizin infeksiyanın yayılmaması, kütləviləşməməsi üçün həyata keçirdiyi preventiv tədbirlərin həyata keçirilməsi üçün hər birimiz dövlətimizin yanında olduğumuzu, sağlamlığımız üçün edilən fədakarlqların fərqinə vardığımızı davranışımızla göstərməliyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə