Hazırda dünyanın bir nömrəli probleminə çevrilən yeni növ koronavirusdan heç birimizin sığortalanmadığı açıq aydın göz qarşısındadır. Artıq dünyada 3.5 milyon insanı cənginə alan COVİD-19 hər kəsdə özünü fərqli şəkildə göstərə bilir. Orqanizmdən asılı olaraq, bəziləri xəstəliyi daha ağır, bəziləri yüngül şəkildə keçirsə də, bəziləri isə heç fərqinə varmadan virus daşıyıcısı olur. Dünya ölkələrinə nəzərə yetirdikdə, nəticələri müsbət çıxan amma özünü o qədər də pis hiss etməyən koronavirus xəstələrini görə bilirik. Bəs görəsən, COVİD-19 testi müsbət çıxıb, lakin özünü yaxşı hiss edən xəstələr nə etməlidir?
Mütəxəssislər karantin müddətini evdə keçirən şəxslərin ailələri üçün hər hansı bir riskin qarşısını almaq üçün müəyyən qaydalara riayət edilməli olduğunu bildirirlər. SİA məsələ ilə bağ önəmli məqamları açıqlayır.
Koronavirusu yüngül və ya qeyri-müəyyən bir formada keçirsinizsə…

Yüksək temperatur, quru öskürək, nəfəs darlığı, bədən ağrıları, zəiflik, qoxu və dad ala bilməmək kimi şikayətlərlə ortaya çıxa bilən COVİD-19 bəzən heç bir əlamət göstərmədən çox yüngül şəkildə keçə bilir. Bu vəziyyətdə həyacanlanmadan həkimə müraciət etmək vacibdir. Tələb olunan testlər edildikdən sonra nəticələr müsbət olarsa, mütəxəssislər tərəfindən qiymətləndirmə aparılır və müalicə planına qərar verilir.
Əvvəla, yaş və xroniki xəstəliklər çox vacib meyardır. 60 yaşdan yuxarı olmaq və ya xərçəng, ürək, ağciyər, böyrək, qaraciyər, həzm sistemi və ya endokrin sistemlə bağlı problemlər müalicənin yol xəritəsini dəyişdirir. Ancaq bu mövzuda heç bir problem olmadıqda və xəstəlik stasionar müalicəni tələb etmirsə, prosesi ev karantində davam etdirmək məqsədəuyğundur.
Ailə üzvlərinin qorunması çox vacibdir

Koronavirus testi müsbət çıxan şəxsin ailə üzvləri, iş yoldaşları və yaxın ətrafı risk altındadır. Əvvəla, yaxın zamaqnda xəstə ilə əlaqə quran insanlara mövzu haqqında məlumat vermək vacibdir. Bununla onlar öz vəziyyətlərini müşahidə etməklə, mümkün problemlərin və xəstəliyin yayılmasının qarşısını ala bilərlər. Bundan əlavə, ailə üzvlərinin də testdən keçməsi mütləqdir. Əgər ailədə yaşlı insanlar və ya xroniki xəstəliyi olan biri varsa, ona xüsusi diqqət yetirilməli, şərait imkan verərsə eyni evdə qalmamalıdırlar.
Maskanı yalnız tək olanda çıxarın

Evdə karantin şəritində qalan xəstənin otağı mütləq şəkildə ayrı olmalıdır. Mümkün olduğu qədər tualet və vanna otağından ortaq istifadə etməmək məqsədəuyğundur. Xəstənin olduğu mühitdə ailə üzvlərinin olması məsələhət görülmür. Evdə hərəkət məhdud olmalı, xəstə ilə ən azı 2 metr məsafə saxlanmalıdır. Evdəki hər kəsin tibbi maska taxması vacibdir. Xəstəyə qulluq edən şəxs N95 maskası taxa bilər. Yoluxan şəxs yalnız tək olduğu zaman tibbi maskanı çıxara bilər. Karantin müddətində evə qonaq qəbul edilməməlidir.
Evin təmizliyi və şəxsi gigiyena qaydalarına diqqət

Xəstə şəxsin gün ərzində istifadə etdiyi vasitələr ayrı olmalıdır. Ev mütəmadi olaraq təmizlənməli və havalandırılmalıdır. Xüsusilə elektrik açarları, qapı və pəncərə tutacaqları tez-tez dezinfeksiya edilməlidir. Evdəkilər əllərini mütəmadi olaraq yumalı və şəxsi gigiyenasına diqqət yetirməlidir. Öskürək və asqırma zamanı birdəfəlik salfetlərə üstünlük verilməlidir. Maska, dəsmal kimi materialları zibilə atarkən diqqət yetirilməli, onlar iki qat torba ilə bağlanmalıdır.
Vitamin və mineralların müalicəvi gücündən faydalanın

Xəstələr və onların yaxınları antioksidantlar, vitaminlər və minerallarla zəngin qidalarla qidalanmalıdır. Düzgün və adekvat qidalanma ümumi sağlamlığın qorunması baxımından ən vacib məqamdır. Koronavirus üzərində aparılan elmi araşdırmalar nəticəsində 3 əsas elementin müalicədə fərqləndiyi məlum olub. Vitamin C, sink və D vitamini həkim nəzarəti altında müvafiq miqdarda qəbul edilə bilər. Bundan əlavə, gün ərzində bol su içilməli, xəstə istirahət etməli, yuxusuna diqqət etməlidir. Bu qaydalar xəstəlikdən qurtulmaq üçün vacib məqamlardır.
Pozitiv düşüncə və düzgün qayğı COVİD-19-la ən yaxşı mübarizə üsuludur

Koronavirusa yoluxan xəstələrin bu müddət ərzində psixologiyası müsbət olmalıdır. Bu, xəstəliyin daha da ağırlaşmaması üçün ən vacib məqamdır. Müalicə zamanı özünə yaxşı qulluq, stres və narahatlıqdan uzaq olmaq mühümdür. Məsələn, xəstə öz əhvalını qaldırmaq üçün sevdikləri ilə video zənglər edə bilər. Bununla yanaşı, gün ərzində nəfəs alma və istirahət məşqlərindən istifadə etmək tövsiyə edilir. Karantin müddətində yeni filmlərə baxmaq, musiqi dinləmək, müxtəlif kitabları oxuyub bitirmək olar. Başqa sözlə, bu prosesi ən səmərəli şəkildə keçirməyə çalışmaq vacibdir. Tövsiyə edilmədiyi təqdirdə xəstələr dərman qəbul etməməlidirlər. Vəziyyətlərində dəyişikliklərlə bağlı həkimləri ilə təmasda olmalıdırlar. Bu proses xəstənin tam sağalmasına qədər davam etməlidir. COVİD-19 xəstələrinin qohumları, yaxınları stress keçirmədən lazımi tədbirləri görərək özlərini və yaxınlarını qorumağa çalışmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB