Millət vəkili: “Gürcüstanın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycanla münasibətlərinə kifayət qədər mənfi təsir göstərə bilər”- MÜSAHİBƏ

Millət vəkili: “Gürcüstanın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycanla münasibətlərinə kifayət qədər mənfi təsir göstərə bilər”- MÜSAHİBƏ

Millət vəkili Fəzail İbrahimlinin SİA-ya müsahibəsi:

- Azərbaycan müstəqilliyi tarixində ilk dəfə olaraq özünün istehsal etdiyi hərbi texnikası ilə Dağlıq Qarabağda hərbi təlimlərə başlayacaq. Artıq bununla bağlı Ermənistan narahatçılıq keçirdiyini açıq şəkildə bəyan etməyə başlayıb. Ermənistanın bu təşvişi nə ilə bağlıdır?

- Ermənistanın bu təşvişi ilk növbədə hərbi təlimlərlə bağlıdır. Bir respublikanın özünün müstəqil hərbi texnikası varsa, bu texnika vasitəsilə təlim keçirirsə, özgə istehsala, qonşu dövlətlərin hərbçisinə ehtiyac duyan və işğalçı bir dövlət təbii ki, narahatçılıq keçirməlidir. Mənə elə gəlir k, bu təlim olmadan da Azərbaycanın hərbi gücü, potensialı, iqtisadi qüdrəti Ermənistanı daim təşvişdə saxlayır. Sadəcə olaraq arxasında durub və diktə etdiyi dövlətin marağına xidmət etdiyi üçün Ermənistan heç bir konstruktiv addım ata bilmir.

- Sizcə, bu təlimlər müharibəyə gedən yolun başlanğıcı demək deyilmi?

- Müharibə kifayət qədər məsuliyyətli bir ifadədir. Bu sadə bir toqquşma, mübahisə deyil, müharibə kifayət qədər məğlubiyyətindən və qələbəsindən asılı olmayaraq bəşəriyyət üçün fəlakətli bir ifadədir. Ona görə də güman edirəm ki, bu ifadəni işlətmək düzgün olmazdı. Azərbaycanın öz ərazisində hərbi strateji kursunu, hərbi təcrübəsini ifadə etməsini tam sərbəst addım kimi qiymətləndirmək olar. Müharibəyə gəlincə, dövlətin Ali Baş Komandanı var, bütün bu məsələlər onun səlahiyyətindədir. Heç kim bu haqda münəccimlik xarakteri daşıyan fikir söyləməməlidir.

- Ermənistanın arxasında bir sıra dövlətlər dayanır. Bəs o zaman Ermənistan bu məsələdə nədən narahat olur?

- Ermənistanın arxasında dayanan dövlətlər istənilən, lazımi məqamda onu taleyin ümidinə buraxa bilərlər. Çünki dünya ictimaiyyəti, beynəlxalq hüquq var. Onlar Ermənistanı sona qədər müdafiə etmək istəsələr belə hansısa bir nöqtədə dayanmaq məcburiyyətindədirlər. Burada təkcə hərbi güc deyil, beynəlxalq hüquq da mühüm rol oynayır. Əgər belə olmasaydı, o zaman nüvə silahına malik olan dövlətlər dünyanın yarısını işğal edərdi. Ona görə də bu məsələlərdə görünməyən tərəflər, strateji əməkdaşlıq, eyni zamanda görünənən tərəflər də var ki, bu tərəfdə dövlətlər kifayət qədər ehtiyatlı, diqqətli olurlar. Qafqaz regionunda nüfuz qazanmaq üçün ağlı başında olan hər bir dövlət Azərbaycanla münasibətini düzgün qurmalıdır. Əks təqdirdə Qafqazda heç bir zaman nüfuz sahibi ola bilməz.

- Gürcüstan Ermənistanla hərbi müqavilə imzalamağa hazırlaşır. Bu Azərbaycanla Gürcüstan arasında ciddi problemlər yaratmayacaq?

- Gürcüstanın bütün energetika sistemi Azərbaycan tərəfindən təmin olunur. Ən dar günündə Gürcüstana Azərbaycan kömək edib. Rusiya onu telayin ümidinə buraxdığı zaman, hər şeydən əli üzülündə Azərbaycan onu müdafiə etdi. Gürcüstanın özünün daxilində yaşayan ermənilər daima əqrəb kimi hərəkət edərək istəyirlər ki, orada bir muxtar qurum yaratsınlar. Nəhayət Gürcüstanın Rusiya kimi kifayət qədər münasibətləri kəskin olan qonşusu var. Bütün bunların hamısı Gürcüstanı ağıllı addımlar atmağa vadar etməlidir. Çünki Ermənistanla onun hərbi əməkdaşlığı Azərbaycanla münasibətlərinə kifayət qədər mənfi təsir göstərə bilər. İşğalçı dövlətlə hərbi müttəfiqlik Azərbaycan üçün məqbul hesab edilə bilməz. Güman edirəm ki, bu məsələ diqqət çəkən bir məsələdir. Azərbaycan tərəfi öz mövqeyini ortaya qoya bilər.

- Nəyə görə Gürcüstan hərbi müttəfiqliyə Azərbaycanı deyil, məhz Ermənistanı layiq görüb?

- Hələ ki, saziş bağlanmayıb. Ola bilər ki bu da erməni ideologiyasıdır. Ancaq bu saziş Gürcüstanın mövqeyinə kifayət qədər təsir göstərən bir saziş ola bilər. Bu addımı atanda Gürcüstan yüz ölçüb bir biçməlidir. Azərbaycanla hərbi müttəfiqliyinə gəldikdə bu sualı Gürcüstanın siyasi rəhbərliyinə ünvanlandırmaq lazımdır. Çünki bizim üçün də bu məsələ kifayət qədər sual doğuran, cavab tələb edən məsələdir.

Bütün xəbərlər Facebook səhifəmizdə