“Qafqaz evi və ermənilər” adlı konfrans keçirilib

“Qafqaz evi və ermənilər” adlı konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası, Müasir İnkişaf İctimai Birliyi, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə dərnəyinin təşkilatçılığı ilə "Qafqaz evi və ermənilər" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova bildirib ki, Qafqaz burada yaşayan bütün xalqların birgə evidir və bu xalqların tarixi, ədəbiyyatı, mətbəxi, ənənələri bir-birinə çox oxşardır. Onun sözlərinə görə, Qafqazda sabitliyə mane olan 1828-ci ildən tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilərdir: "Azərbaycan və Gürcüstan alimləri ortaq proqramlar işləməklə ermənilərin Qafqazda törətdikləri əməlləri dünyaya çatdıra bilərlər".
Daha sonra söz alan İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva Azərbaycan və Gürcüstan arxivlərində ermənilərin törətdiyi cinayətlərlə bağlı kifayət qədər məlumatlar olduğunu söyləyib. Gürcüstan alimlərinin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına diqqətlə yanaşmalı olduqlarını deyən A. Mustafayeva Gürcüstan Cavaxetiya problemini xatırladaraq söyləyib ki, Cavaxetiya ermənilər tərəfindən hər an partlamağa hazır olan bombaya bənzəyir. O əlavə edib ki, alimlər erməni separatçılarına öz niyyətlərini gerçəkləşdirməyə imkan verməməli və öz regionumuzu xilas etməlidir.
Qeyd edək ki, tədbir müzakirələr əsasında davam edib. Tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə