Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Yardımlı rayonundan Ağagül Nəbiyev yazır:
Hörmətli cənab Prezident.
Mənim 90 yaşım var. Həyatın hər üzünü görmüşəm. Ulu öndər Heydər Əliyevin dövründə uzun illər məsul vəzifələrdə çalışmışam. O illəri indi də xoş duyğularla xatırlayıram.
İndiki koronavirus zamanında xalqımızın sağlamlığı üçün Sizin rəhbərliyinizlə atılan bütün addımları dəstəkləyirəm. Bir daha əmin oldum ki, xalqımızın həyatı, sağlamlığı Sizin üçün hər şeydən əhəmiyyətlidir.
Mehriban xanım Əliyevanın bizim kəndin aztəminatlı ailələrinə göndərdiyi ərzaq yardımı təkcə maddi kömək deyil, həm də onun sübutudur ki, Siz və Mehriban xanım xalqımızın kədərinə də, sevincinə də hər zaman şəriksiniz. Ulu Tanrı birliyimizi, həmrəyliyimizi daha da möhkəm etsin.
Salyan rayonundan Rəşidə və Rəşid Zeynallı yazır:
Hörmətli cənab Prezident.
Dünyanın qorxu və təlaş içində olduğu bir zamanda Azərbaycanda yaşamağımıza görə sevinc hissləri keçiririk. Bu çətin günlərdə xalqımıza arxa duraraq millətimizə, Vətənimizə layiqli Prezident olduğunuzu bir daha sübut etdiniz.
Sizin uzaqgörənliyiniz, yüksək idarəçilik qabiliyyətiniz bizi valeh etdi. Sizin çağırışlarınıza canla-başla əməl edirik. Sizə Salyan rayonunun bütün məktəbliləri adından dərin təşəkkürümüzü bildiririk. Sizin bu qayğınıza cavab olaraq biz də dərslərimizi daha yaxşı oxuyacaq, Vətənimizə, Sizə layiq övlad olacağıq.
Goranboy rayonundan İlham Nəcəfov yazır:
Zati-aliləri cənab Prezident.
Biz Sizin apardığınız siyasəti bəyənir və alqışlayırıq. Siz pandemiya dövründə bir daha göstərdiniz ki, daim xalqın yanındasınız. Aztəminatlı, şəhid və Milli Qəhrəman ailələrinə daim diqqət və qayğı göstərməklə bir daha sübut etdiniz ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Biz Milli Qəhrəman ailəsi olaraq daim Sizin qayğı və diqqətinizi hiss etmişik.
Cənab Prezident, əminəm ki, Sizin Ali Baş Komandan kimi apardığınız ordu quruculuğu sayəsində milli ordumuz və xalqımız erməni mənfurlarını işğal edilmiş ərazilərimizdən qovub çıxararaq Azərbaycan bayrağını o torpaqlarında dalğalandıracaq.
Son dövrlərdə apardığınız siyasət və kadr islahatları xalqın böyük rəğbətini qazanıb. Təhsilə göstərdiyiniz qayğı əvəzolunmazdır. Aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi ölkədə savadlı gənc nəslin yetişdirilməsi yolunda atılmış mühüm addımlardan biridir və bu, göstərir ki Siz daim xalqın yanında olan Prezidentsiniz. Biz Milli Qəhrəman və şəhid ailəsi olaraq Sizin qayğınızı daim hiss etmişik.
Cənab Prezident, mən bir müəllim olaraq Sizinlə qürur duyuram. Apardığınız daxili və xarici siyasəti ailəliklə bəyənir, Sizə uzun ömür, cansağlığı arzulayırıq.
Sabirabad rayonundan Əfras Əsgərov yazır:
Cənab Prezident.
Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda Sizin tərəfinizdən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir. Buna görə Sizə xüsusi təşəkkür edirəm. Bir daha ona görə təşəkkür edirəm ki, yaşadığımız karantin günlərində Sizin göstərişinizə əsasən aqrar sahədə çalışan şəxslərə xüsusi diqqət və qayğı göstərildi, eyni zamanda, fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmadı. Mən 70 hektar taxıl sahəmi rahat suvardım, gübrələmə və dərmanlama işlərini normal apardım, Sabirabad və Kürdəmir rayonları ərazilərində əkəcəyim 170 hektar pambıq sahəsində normal arat apara bildim və bu günədək həmin sahələrin 100 hektarında çiyid səpini işlərini aparmışam və bəzi sahələrdə çıxış almışam. Nəzərinizə çatdırım ki, həmin pambıq sahələrindən 120 hektarını özüm düzəltdiyim xüsusi səpin aqreqatı vasitəsilə Çin (qoşacərgə) üsulu ilə əkirəm.
Cənab Prezident, 4 il bundan qabaq pambıqçılığın inkişafı təşəbbüsü ilə keçirdiyiniz müşavirə şəxsən mənim və digər pambıqçıların həyatında çox əhəmiyyətli rol oynadığı üçün Respublika Fermerlər Şurasının üzvü kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Bir daha təşəkkürlər, Cənab Prezident. Sağ olun.
Ağcabədi rayonundan Səringül İbrahimova yazır:
Hörmətli cənab Prezident.
Bu məktubu Sizə Ağcabədi rayonunun Kürdlər kəndindən yazıram. Dünyada koronavirusun yayıldığı dövrdə Sizin ölkəmizdə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu təhlükəli bəladan xilas olmaq üzrədir. Lazımi anda karantin rejimini tətbiq etməyiniz bir daha onu göstərdi ki, xalqımızın sağlamlığı, rifahı Sizin üçün ən vacib məsələlərdən biridir və daim diqqətinizdədir.
Cənab Prezident, Allah Sizə və ailənizə uzun ömür, cansağlığı qismət etsin. Xalqımızın və dövlətimizin başı üzərindən əksik olmayasınız. Sizə təşəkkürümü bildirir, hər zaman yüksək əhval-ruhiyyə, sevinc dolu günlər arzulayıram.
Bakı şəhərindən Abbas Quliyev yazır:
Hörmətli cənab Prezident.
Ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə qəbul etdiyiniz qərarlar və gördüyünüz tədbirlər nəticəsində Azərbaycanda genişmiqyaslı işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qoruyub saxlaya bilməkdədir.
Mən bir Qarabağ müharibə veteranı olaraq Sizin verdiyiniz qərarları müsbət qarşılayıram. Sizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram. Ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm. Biz həmişə Sizinləyik.
Tərtər rayonundan Vidadi Məmmədzadə və başqaları yazır:
Cənab Prezident.
Əvvəla Sizin və ailənizin Ramazan bayramını təbrik edirik.
Hazırda inkişaf etmiş ölkələr belə pandemiyadan gündəlik minlərlə insan itkisi ilə üzləşdiyi halda Sizin müdrikliyiniz, hadisələri zamanında düzgün qiymətləndirməyiniz sayəsində Azərbaycan xalqı bu ümumbəşəri bəladan ən az yoluxma və itkilərlə çıxmaqdadır. Çünki Siz bizləri, milləti və xalqı ailəniz olaraq gördünüz, bu günlərdə diqqət və qayğınızı vətəndaşlarımızdan əsirgəmədiniz.
Cənab Ali Baş Komandan, Vətənimiz və xalqımız üçün etdikləriniz əsrlərboyu insanların qəlbində yaşayacaqdır. Sizin millətinizə və xalqınıza olan böyük sevginiz, milli mentalitetə dərin bağlılığınız tərəfimizdən yüksək dəyərləndirilir.
Cənab Prezident, biz Çernobıl bəlasını, Əfqanıstan müharibəsini, birinci Qarabağ müharibəsini və hazırda bəşəriyyəti qorxuya salan pandemiyanı görmüş və yaşamış insanlar olaraq xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə təmsil etdiyimiz ictimai birliklərin üzvləri adından Sizə səmimi qəlbdən təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk.
Bakı şəhərindən İsmayıl Məmmədov yazır:
Möhtərəm cənab Prezident.
Koronavirus epidemiyasının tüğyan etdiyi günlərdə Sizin Azərbaycan xalqının arxasında dayanmağınız hər bir vətəndaşın Prezidenti olduğunuzun bariz nümunəsidir. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.
İnanıram ki, Sizin düşünülmüş xarici siyasətiniz nəticəsində Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunacaq Qarabağ torpağında, Qubadlıda dalğalanacaqdır. Allah Sizi qorusun.
Sabirabad rayonundan Nüsrət Muradov yazır:
Cənab Prezident.
Dünyanı cənginə almış koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, işsiz və aztəminatlı ailələrə 190 manat məbləğində birdəfəlik ödənişin edilməsi, yeni ictimai iş yerlərinin açılması onu göstərir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, onların sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Gündən-günə çiçəklənən və inkişaf edən Azərbaycanımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. “Biz birlikdə güclüyük!”.
Bakı şəhərindən Ayxan Abdullayev yazır:
Əziz Prezidentimiz.
Mən Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin 9 "b” sinif şagirdiyəm. Hazırda bütün dünyada yayılan koronavirus pandemiyası ilə mübarizədə Sizin rəhbərliyinizlə ölkəmizdə böyük işlər görülür. Həmişə olduğu kimi bu çətin günlərdə də xalqın yanında olduğunuza görə şəxsən öz adımdan və valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə biz bu mübarizədən üzüağ, alnıaçıq çıxacağıq. Sizin kimi rəhbərimizin olmağı ilə fəxr edir, qürur duyuruq. Sizə Allahdan uzun ömür, cansağlığı arzu edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB