Rauf Tağıyev: “Son üç ayda istehsalatda 61 bədbəxt hadisə baş verib ki, onlardan da 24-ü ölümlə nəticələnib”
Respublikamızda əməyin mühafizəsi məsələlərinə böyük diqqət yetirilsə də istehsalatda baş verən bədbəxt hadisələrin dinamikası həyacan təbili çalır. SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müfəttişliyi rəisi Rauf Tağıyev deyib. O, qeyd edib ki, son üç ayda istehsalatda 61 bədbəxt hadisə baş verib və bu hadisələr nəticəsində 24 nəfər dünyasını dəyişib. Belə ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 nəfər insanın çox olması deməkdir. R. Tağıyev həmçinin istehsalatda çalışan insanlarla bir çox hallarda əmək müqaviləsi bağlanmadığını və işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmadığını vurğulayıb: "Bu səbəbdən də bədbəxt hadisələr getdikcə artır. Bunun qarşısını almaq üçün biz sosial tərəfdaşlarla müvafiq proqram hazırlamışıq. Birlikdə bu tədbirləri həyata keçirəcəyik. Yəqin ki, xatırlayırsınız, bir on gün bundan əvvəl daş karxanalarında baş verən ölüm hadisələri ilə bağlı birgə reydlərimiz nəticəsində bir çox daş karxanaları bağlanılıb. Təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı müvafiq göstərişlər verdik. Əməyin mühafizəsi qaydalarına ciddi əməl olunmasına başlanılıb. Bu tədbirlər həyata keçirilir. Bunun qarşısını bir şüarla almaq olmaz. Bunu üçün mütəmadi olaraq tədbirlər həyata keçirilməlidir. Ən başlıcası Həmkarlar İttifaqları ilə işə götürənlərlə və əmək müfəttişləri ilə birgə sıx fəaliyyət olmalıdır ki, qarşıda duran nəticəyə nail olunsun".
Eyni zamanda işəgötürənlərin məsuliyyətini də artırmaq lazımdır. ƏƏSMN rəsmisi deyir ki, bu gün işə götürənlər bir çox hallarda işçilərlə əmək müqaviləsi bağlamadan belə onları işə cəlb edirlər: "Müqavilə bağlasalar da onlara real əmək haqqından az ödənilir ki, bu da əmək xəsarəti alan işçilərə sonradan aparılan araşdırmalar zamanı qanunvericiliyə uyğun olaraq çatdırılmalı olan ödənişin xeyli aşağı olması ilə nəticələnir. Bir çox hallarda isə heç alınmır da. Bunun qarşısının alınması üçün bir nömrəli vəzifəmiz işəgötürənlərin məsuliyyətini artırmaqdır. Eyni zamanda biz işəgötürənləri məcbur edirik ki, əmək fəaliyyəti ilə məşğul olanları sığorta etdirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB