"Məmurlar nəticə çıxarmasalar qanun qarşısında cəzalanacaqlar" ÖZƏL - AÇIQLAMA

"Məmurlar nəticə çıxarmasalar qanun qarşısında cəzalanacaqlar" ÖZƏL - AÇIQLAMA

"Prezident İlham Əliyevin bu çıxışından sonra həmin nazirlik və qurumlar bundan nəticə çıxardacaqlar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov Prezident İlham Əliyevin rüşvətxorluq və korrupsiya ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun özlərinə görə, Prezident İlham Əliyevin yeni Baş prokuror ilə videoqəbulu zamanı səsləndirdiyi problemlər bu gün çox aktualdır və əsas da Prezidentin səsləndirdiyi fikirlər korrupsiya və rüşvətxorluğa qarşı gedən mübarizə haqqında idi:

"Yeni Baş prokurora görülmüş işlər və bu sahədə aparılmış mübarizə və tədbirlər haqqında məlumat, eyni zamanda da tövsiyyələr verildi. Prezident İlham Əliyev bir daha vurğuladı ki, bəzi məmurlar onun xəbərdarlığına indiyə qədər məhəl qoymadılar. Ölkə rəhbəri bir daha qeyd etdi ki, bu məsələ ilə bağlı qətiyyətlidir və xəbərdarlığının arxasında real olaraq mübarizə durub. Təbii ki, bu alqışlanmalıdır.

Prezident İlham Əliyev bir sıra neqativ hallara da toxundu. Həbs edilən İcra Başçıları haqqında, onların gördüyü əməllərə qarşı öz neqativ fikirlərini səsləndirdi. Əgər məmurlar bu hadisədən nəticə çıxarmasalar onları da bu aqibət gözləyir. Hesab edirik ki, cənab Prezident İlham Əliyevin apardığı yeni islahatlar fonunda eyni zamanda respublikamızda rüşvətxorluğa və korrupsiyaya qarşı başlatdığı bu geniş kompaniya öz müsbət nəticələrini verir və verəcək də. Heç kim bundan yayına bilməyəcək. Əgər məmurlar Prezidentin fikirlərindən nəticə çıxarmasalar onlar qanun qarşısında cəzalanacaqlar".

Anar Xəlilov vurğulayıb ki, Prezident bu gün korrupsiyaya qarşı respublikamızda gedən qətiyyətli mübarizələr fonunda daha bir fikrə toxundu və bu aparılan mübarizə çərçivəsində tezliklə respublikamızda korrupsiya və rüşvətxorluğun yox dərəcəsinə çatdırılacağını bildirdi:

"Onun bu məsələdə qətiyyətli olduğunu və prosesin ciddi davam etdiriləcəyi görünürdü. Prezident bir məsələyə daha toxundu və bildirdi ki, bəzən nazirliklərdə və dövlət idarələrində işə götürmə pulla gedir. Təbii ki, bu da çox neqativ haldır. Mən hesab edirəm ki, bu faktlar var və cənab Prezident İlham Əliyevin bu çıxışından sonra həmin nazirlik və qurumlar bundan nəticə çıxardacaqlar. Əgər nəticə çıxarmayacaqlarsa hesab edirəm ki, tez bir zamanda biz onların da cəzalanacağının şahidi olacağıq. Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı başlatdığı bu mübarizə əzmini biz dəstəkləyir və Prezidentin bu islahatlarının müsbət nəticə verəcəyinə əminik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə