Sərhəddən narkotik keçirmək istəyənlər yaxalandı - FOTOLAR

Sərhəddən narkotik keçirmək istəyənlər yaxalandı - FOTOLAR

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, 1 may tarixində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xid-məti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur.

Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edərək İran İslam Respub-likasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlayıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr - “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək-daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməddin Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il təvəllüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilib.

Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə