İnsanların toplu halda gəzmələri xoşagəlməz haldır - MÖVQE ÖZƏL

İnsanların toplu halda gəzmələri xoşagəlməz haldır - MÖVQE ÖZƏL

"Karantin rejiminin qaydalarının yumşaldılmasından sonra insanlar arasında məsələyə laqeyid yanaşma var. Küçədə tibbi maskasız, toplu şəkildə sosial məsafəni qorumadan gəzənlərin sayının artdığı müşahidə olunur. Bu laqeyidlik, koronavirus təhlükəsinə qarşı bu cür ehtiyatsız davranış qayğı verir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, karantin qaydalarına riayət etmək məsələsində müəyyən çatımazlıqlar var: "Kəndlərdə kənd təsərrüfatı işləri ilə əlaqədar olaraq insanların təsərrüfat işlərinə cəlb edilməsini başa düşmək olar və bu tamamilə anlaşılandır. Şəhər həyatında qayğısız şəkildə, əvvəllər olduğu kimi insanların toplu halda gəzmələri və tibbi gigienik qaydalara riayət etməmələri xoşagəlməz haldır. Bütün bu hallar virusa yoluxma hallarının artmasına gətirib çıxara bilər. Qətiyyən bu cür sərbəstliyə yol vermək olmaz".

Q.Hüseynli vurğulayıb ki, koronavirusun vaksini hələ tapılmayıb: "Üstəlik bu xəstəliyin müalicəsi üçün effektli dərman preparatları da yoxdur. Aparılan tibbi müayinələr və müalicələr yalnız bir neçə dərmanın kombinasiyası vasitəsilə aparılır və burada əsas rolu insanın immun sistemi oynayır. Buna görə də insanlar qaydalara riayət etməli və sağlamlıqlarını təhlükə altına atmamalıdırlar. Koronavirusun yenidən peyda olmaması üçün Operativ Qərargahın tövsiyyələrinə və karantin rejiminin tələblərinə sonuna qədər əməl edilməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə