"Evdə qal", "özünü təcrid et" kimi kampaniyalar hələ bitməyib - ŞƏRH ÖZƏL
“Təəssüf ki, karantin qaydalarının nisbətən yumşaldılması ilə əlaqədar hökümətin verdiyi qərar bizim ictimaiyyətimizin müəyyən kəsimi tərəfindən çox yanlış qəbul olunub. Hətta bəziləri səhvən belə hesab etdilər ki, qadağalarda yumşalma bütün karantin qadağa və məhdudiyyətlərini ortadan götürülməsi deməkdir. Lakin burada sadəcə müəyyən qadağaların yumşaldılmasından söhbət gedir. Ona görə də, ictimaiyyət bu məsələdə çox diqqətli olmalı və koronavirusa qarşı dövlətin başlatdığı mübarizənin məntiqi sonluğuna qədər bugünkü məhdudiyyətlərə və qadağalara əməl etməlidirlər”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, çox təəssüf ki, şəhərdə yersiz bir canlanma hiss olunur, bu da müəyyən insanların qadağaların yumşalmasının karantin məhdudiyyətlərinin tam şəkildə ləğv edilməsi kimi başa düşülməsinin nəticəsi oldu: “Amma hər kəs bilməlidir ki, Azərbaycanda koronavirusla mübarizə bitməyib. Sadəcə koronavirusa qarşı mübarizənin birinci fazası arxada qalıb. Onun ən təhlükəli növbəti fazaları isə qarşıda ola bilər. Ona görə də evdə qal, sosial məsafəni saxla, özünü təcrid et kimi kampaniyalar hələ bitməyib və davam etdirilməlidir. Çünki bir sıra ölkələr artıq pandemiyanın ikinci dalğasını yaşamaqdadırlar. Azərbaycan üçün də bu cür təhlükə var. Belə bir təhlükədən bizim yan keçməyimizin vacib və mütləq şərti dövlətin müəyyənləşdirdiyi karantin tədbirlərinə cəmiyyət tərəfindən sona qədər əməl olunmasıdır”.
A.Quliyev vurğulayıb ki, xüsusilə də mən yaşlı nəslin içərisində bu tədbirlərin yumuşaldılmasına başqa cür münasibətin şahidi oldum: “Ətrafda yaşı 65-dən yuxarı insanlar gözə dəyir, hansı ki, onlar bu qadağanın hələ də qüvvədə olduğundan sanki xəbərsizdirlər. Ona görə də vətəndaşlarımızın daha şüurlu hissəsi bu cür faktlara qarşı barışmaz olmalı, risk kateqoriyasına daxil olan insanların evdən çıxmasının qadağan olması ilə əlaqədar onlara xatırlatma etməlidirlər. Bir sözlə koronavirusla mübarizə davam edir və bu mübarizədə bizim uğur şansımız, əldə etmək istədiyimiz nəticə onun ikinci dalğasının Azərbaycana gəlməsinin qarşısını almaqdır. Bunun üçün də karantin qaydalarına tam şəkildə və bir nəfər kimi əməl olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB