"Virusun spesifik xüsusiyyəti təkrar yeni dalğaların olmasıdır" ÖZƏL - AÇIQLAMA

"Virusun spesifik xüsusiyyəti təkrar yeni dalğaların olmasıdır" ÖZƏL - AÇIQLAMA

"Ölkəmizdə də hər bir vətəndaş bu qlobal təhlükə ilə mübarizədə ciddi məsuliyyəti olduğunu başa düşməlidir və bütün qaydalara əməl etməlidir. Ehtiyatsızlıq və məsuliyyətsizliyimiz ölkəmizdə koronavirusa qarşı aparılan uğurlu mübarizəmizə kölgə sala bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Məlahət İbrahimqızı karantin qaydalarının yumuşaldılması ilə əlaqədar yaranmış abu-havadan danışarkən deyib.

Millət vəkili bildirib ki, ölkəmizdə koronavirusa qarşı çox erkən və kompleks mübarizə tədbirlərinin nəticəsidir ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatı dövlətimimizin bu fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanı bu virusdan ən az xəstələnmə, itki və qurban verən ölkələr siyahısında olduğunu elan etmişdi:

"Sözsüz ki, bütün bunlar eyni zamanda uğurla həyata keçirilən səmərəli, önləyici, preventiv, kompleks tədbirlərin nəticəsidir. Ölkədə koronavirusdan xəstələnmələrin, ölüm hallarının, aparılan test müayinələrinin və bunlar arasından aşkar olunmalar, ağır xəstələr və sağalanların dinamikası və statistikasının təhlilinin nəticələrini nəzərə alaraq Operativ Qərargah ictimaiyyətə karantin rejiminin tətbiqinə baxmayaraq, müəyyən yumşalmaların tətbiqini bildirdi. Müəyyən sosial məsafə və sosial hərəkətliliyə riəyyət etməklə bəzi qadağalar götürüldü və daha çox xidmət sektoruna aid olan bəzi iş yerlərinin işləməsinə icazə verildi. Lakin tətbiq edilən bu yumşalmalar o demək deyil ki, virusun təhlükəsi aradan qalxdı. Qətiyyən belə deyil".

Bu gün koronavirusdan daha çox əziyyət çəkən ölkələrdə ciddi nəzarət etməklə müəyyən yumşalmaların tətbiq edildiyini vurğulayan Məlahət İbrahimqızı əlavə edib ki, ölkəmizdə də post-pandemiya dövrünə hazırlıq üçün mərhələli və yumşaldıcı tədbirlər həyata keçirilir:

"Bütün bunlara baxmayaraq vətəndaşlar Operativ Qərargahın bütün təlimatlarına və qaydalarına əməl etməlidir Sözsüz ki, şəxsi gigiyena, özünütəcrid, kütləvi tədbirlərin qadağası və belə tədbirlərdən yayınmaq, ən önəmli qaydalardır. Heç cürə unutmaq olmaz ki, bu virusun spesifik xüsusiyyətlərdən biri də təkrar yeni dalğaların olmasıdır. Artıq bəzi ölkələrdə karantin rejiminə əməl etmədə problemlər olduğundan bu ölkələrdə yeni dalğalar başlayıbdır. Ölkəmizdə də hər bir vətəndaş bu qlobal təhlükə ilə mübarizədə ciddi məsuliyyəti olduğunu başa düşməlidir və bütün qaydalara əməl etməlidir. Ehtiyatsızlıq və məsuliyyətsizliyimiz ölkəmizdə koronavirusa qarşı aparılan uğurlu mübarizəmizə kölgə sala bilər. Ümumiyyətlə, yumşaldıcı tədbirlər müvəqqəti də ola bilər, bu bir növ həm də dinamikanın test edilməsidir. Yəni, dinamikada mənfiyə doğru hər hansı bir tendensiya baş verərsə yenidən çox ciddi qaydaların tətbiq edilə bilər".

Deputat qeyd edib ki, buna görə də vətəndaşlarımızı özünütəcridə, çölə çıxmaq zəruri olmadığı hallarda evdə qalmağa, sosial məsafə və sosial hərəkətliliyin ciddi məhdudlaşdırılmasına çağırır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə