Veteran: “İkinci Qarabağ savaşında keçmiş döyüşçülərin təcrübəsindən mütləq istifadə olunmalıdır”- DEBAT (SƏS TV)
Bakı Əlil və Veteranlar İctimai Birliyinin sədri Fuad Rzayev, polkovnik Telman Mehdiyev, "Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Gənclər Təşkilatının sədri Rasim Əhmədlinin SİA-ya müsahibəsi:
- I Qarabağ savaşında uduzduğumuzu geri qaytarmaq üçün siz həmin müharibənin döyüşçüləri özünüzü buna necə hazır hiss edirsiniz?
Fuad Rzayev - I Qarabağ savaşında uduzmağımızın ən əsas səbəblərindən biri böyük dövlətlərin Ermənistanın arxasında dayanması idi. Buraya xüsusilə Rusiya daxil idi. Digər dövlətlər isə Ermənistanı müdafiə edirdi. İkinci ən böyük səbəb həmin dövrdə həddindən artıq özünü lider adlandıran insanlar peyda olmuşdu ki, onların hərəsi 300-500 nəfəri ətrafına döyüşə bilən igidləri toplayır, lakin onları döyüşə buraxmırdılar. Azərbaycanın ən seçmə insanlarını ətraflarında yığmaqda məqsədləri həmin insanların gələcəkdə öz siyasi məqsədlərində istifadə etmək istəmələri idi. Şükür Allaha bu gün elə bir şey yoxdur. Biz bütün göstəricilərə görə Ermənistandan üstün olduğumuza görə Dağlıq Qarabağ müharibəsi başlayarsa, bu müharibə qısa müddətli müharibə olacaq. Ola bilsin ki, bu müharibə 2 həftə və ya bir ay davam etsin. Bir ay müddətində biz öz ərazilərimizi tamamilə azad edə bilər, hətta Ermənistan ərazilərinə də daxil ola bilərik. Lakin bizim Ermənistan ərazilərinə daxil olmaq kimi arzumuz yoxdur. Amma köhnə keçmiş hərbçilərin təcrübəsindən mütləq istifadə olunmalıdır. Təəssüf ki, buna bir o qədər diqqət yetirmirlər. İndiki hərbçilərimiz nəzəriyyəni keçirlər, lakin praktikadan xəbərləri yoxdur. Onlar təcrübəli insanlardan, veteranların biliklərindən mütləq istifadə etməlidirlər. Gələcəyin zabitlərinə dərs deməliyik. Heç bir kitabda olmayanları onlara başa salmaq lazımdır.
Telman Mehdiyev - O zaman da biz torpaqlarımızı azad etməyə qadir idik. Ordunun bünövrəsini qoyanlardan biri də mənəm. Çox çətinliklərlə üz-üzə gəlirdik. Ermənilərin böyük planı var idi. Onlar Kür çayının Şimal hissəsini tamamilə ələ keçirmək istəyirdilər. Lakin bizim qeyrətli oğullarımızın sayəsində onların planları alt-üst oldu. Bizim gənclər getdikcə qüvvətlənirdi, onlar hər şeyi atıb ölkəni qorumağa gəlmişdilər. Lakin bəzi qüvvələr bizə döyüşməyə imkan vermir, maneələr yaradırdılar. Onlar Azərbaycanın gələcəyini dərk etmir, öz maraqlarını güdür və bu istiqamətdə də hərəkət edirdilər. Ancaq bizim hərbçi, döyüşçü kimi ölkəmizin daxili işlərinə qarışmağa imkanımız, nə də vaxtımız yox idi. Bunun üçün vahid komandanlıq yaradılmalı idi. Ümummilli lider Heydər Əliyevin ölkəyə gəlişi ilə Gəncədə vahid komandanlıq yarandı. Orada bizim qərargahımız oldu. Çox problemlərimiz qısa müddətdə həll olunmağa başlandı. Azərbaycanın daxilində bəzi qüvvələr ölkəmizi parçalamaq üçün ermənilərlə sıx əlaqələr yaradırdılar. Bunların hamısı böyük maneə idi. Biz o zaman yuxarıdan göstəriş alaraq qüvvələrimiz vasitəsilə 1993-cü ilin noyabrında erməniləri Beyləqandan uzaqlaşdırdıq, ermənilərin döyüş silahları əllərindən alındı. Həmin müharibədən sonra biz 23 kəndi və Horadizi azad etdik. Məcbur olduq, atəşkəsə getdik. Çünki həlak olan gənclərimiz çox idi. Bizə lazım idi ki, ölkə iqtisadi cəhətdən inkişaf etsin, müharibəyə hazırlaşmalı idik. Biz indi də hazırıq döyüşə. Çünki biz bütün çətinlikləri görmüşük. Lakin o mühiti gənclərimiz bilmir. Onları öyrətmək lazımdır ki, müharibə zamanı itkiyə məruz qalmasınlar.
- Belə fikir yürüdülür ki, əsgərin arxasındakı təminatı onun düşmən üzərinə daha əminliklə getməsinə zəmin yaradır. Sizcə, dövlətimiz Azərbaycan əsgəri üçün bu zəmini yarada bilibmi?
Şamil Sabiroğlu - 1941-1945-ci illər müharibəsi hamımızın gözü qarşısında baş verib. Görmüşük ki, əsgər döyüşə gedəndə onun arxasında vətən, ana, bacı, dövlət var. Bu gün də o var. Amma mənə elə gəlir ki, bu lazımı səviyyədə deyil. Ali baş komandanın verdiyi tapşırıqlar yerlərdə lazımi icra olunmur. Biz hərbi hissələrdə oluruq. Hərbi hissələrdə çox gözəl əhval-ruhiyyə var. Əsgərlərin nizam- intizamı qaydasındadır. Amma ümumilikdə Azərbaycan əsgərinə zəmin mən istədiyim şəkildə deyil.
Rasim Əhmədli - Mən 11 yaşından müharibədə vuruşmuşam. Bunu Azərbaycan xalqı görüb, ümummilli liderimiz də bilirdi. Bu gün mən gənclər təşkilatının sədriyəm və təşkilatımızda olan gənclərə öz gördüklərimizdən deyir, onları başa salıram. Düşünürəm ki, bu gün hər hansı bir gənc məndən müharibə haqqında nəsə soruşsa, mən ona lazımı məlumatları verə bilərəm. Bu gün mən səbirsizliklə Ali Baş Komandanın müharibə ilə bağlı əmrini gözləyirəm. Ali Baş Komandan əgər belə bir əmr verərsə, mən və mənim ətrafımda olan gənclər, veteranlar döyüşə hazırdılar.
- Bəzən Azərbaycan ordusu, silahlı qüvvələri haqda çox təəssüf doğuran ittihamlar səsləndiririlir. Bu cür ittihamları daxili qüvvələrlə yanaşı xaricdə Azərbaycanı sevməyən qüvvələr tərəfindən də səsləndirilir. Olubmu ki, bu cür mövqelərə sərt münasibətinizi bildirəsiniz?
Telman Mehdiyev - Bəzi rəhbərlər veteranları ağsaqqal kim qəbul edirlər. Ümummilli liderin veteranlarla bağlı gözəl fikri var. O bildirib ki, hər kəs, Azərbaycanın namuslu vətəndaşları, rəhbər işçiləri veteranlara qayğı göstərməli, kömək əli uzatmalıdırlar. Bəzən veteranlara xoşa gəlməyən cavablar verirlər. Bu bizə çox pis təsir edir. Veteran dövlətimizə, xalqımıza ən sadiq insanlardır. Əgər veteran odun, alovun içinə atılıb, sağlamlığını itiribsə, onları sıradan çıxarmağa ehtiyac yoxdur. Ulu öndərin söylədikləir fikirlər həyata keçirilməlidir. Biz ordunun bünövrəsini qoyanda Azərbaycana məxsus ordu yaratmaq fikrində idik. Veteranların statusu haqqında gözəl qanun var. Lakin bu qanunun mexanizmi yoxdur. Bunlar aradan götürülməlidir. Ordu xalqın dayağıdır. Ordumuz getdikcə qüvvətlənir, iqtisadiyyatımız inkişaf edir. Bir həftəyə, bir neçə günə Dağlıq Qarabağ müharibəsində qalib gələ bilərik. Lakin düşünürəm ki, ordu ilə bağlı bütün qanunlar həyata keçirilməlidir.
Şamil Sabiroğlu- Ordu xalqın ümidi, güvənc yeridir. Ordu lə bağlı ölkəmizdə bir çox işlər görülür. Amma mənə elə gəlir ki, veteranlar bu cür ziyalılarla görüşlər keçirilməlidir. Bunlar sistemli şəkildə olmalıdır. Əgər gənc əsgərlərlə veteranlar arasında görüş keçirilsə, onların təcrübəsindən istifadə olunarsa, ordumuz daha qüvvətlənər. Əlbəttə ki, xaric qüvvələr ölkəmizə xələl gətirmək üçün ordumuz haqqında mənfi fikrilər səsləndirə bilərlər. Lakin biz buna imkan verməməliyik.
- Bu gün Qarabağ əlillərinə, şəhid ailələrinə dövlət qayğısı sizi razı salırmı?
Rasim Əhmədli - Bəli razıyam. 1995-ci ilə qədər olan qayğı ilə indiki qayğını müqayisə etsək, o zaman 1995-ci ilə qədər heç bir qayğı görmədiyimizi deyə bilərik. O zaman biz yalnız müharibə görmüşük, yaralı, itki vermişik. O dövrlə bu dövr arasında böyük fərq var. Qaçqınlarımız bir müddət bundan əvvəl çadırlarda pis vəziyyətdə yaşayırdı. Lakin hazırda qaçqınlara ev verilib, yerləşdirilib, veteranlara maşın verilib. Fərq çoxdur.
Fuad Rzayev- Hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməli, müharibəyə hazırlaşmalıdır. Bu yaxınlarda biz Gürcüstan veteranları ilə əlaqəyə girdik və bizim nümayəndə heyətimiz Gürcüstana getdi, orada biz onlarla saziş əldə etmişik. Biz mübarizəni birgə aparmaq qərarına gəlmişik. Onlar Azərbaycana gələcək və bu sazişləri burada təntənəli şəkildə bağlayacağıq. Bu əlaqələri daha da genişləndirmək istəyirik. Lakin hər hansı bir məsələ ilə bağlı məmura müraciət etdikdə bəzən soyuq münasibət görürük. Müharibə hər an başlaya bilər. Buna hazır olmaq lazımdır. Veteran təcrübəli əsgər deməkdir. Əgər biz onlarla müqavilə bağlayıb bir oluruqsa, bu bizə gələcəkdə çox kömək edə bilər. Bunun üçün hər hansı bir mexanizm tapılmalıdır.
Şamil Sabiroğlu - Ümummilli lider hakimiyyətə gəldikdən sonra sosial sahəyə daha çox diqqət ayrıldı. Şəhid ailələrinə, veteranlara, böyük qayğı göstərildı. Hazırda da qaçqın və məcburi köçkünlərə evlər tikilir. Dövlətimizə inamımız böyükdür. Ali Baş Komandana böyük hörmətimiz var. Biz Ali Baş Komandanın müharibə ilə bağlı əmrini gözləyirik ki, içimizdə olan sıxıntı götürülsün. Biz də deyə bilək ki, qalibik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB