"İnsanlar arxayınlaşıb və yoluxanların sayında da artım müşahidə edilir" ÖZƏL - AÇIQLAMA

"İnsanlar arxayınlaşıb və yoluxanların sayında da artım müşahidə edilir" ÖZƏL - AÇIQLAMA

"Karantin qaydalarının yumuşaldılması ilə arxayınçılıq və məsuliyyətsizlik artmağa başlayıb və virusa yoluxanların sayında da artım müşahidə edilir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Kamilə Əliyeva Azərbaycanda karantin qaydalarının yumuşaldılması ilə əlaqədar insanlarda məsuliyyətsizlik hallarının artığı ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar son statistikaya nəzər saldıqda bir çox ölkələrdə yoluxanların sayının artdığını müşahidə etmiş olacağıq və bu da onu göstərir ki, bütün dünya hələ də koronavirus pandemiyası ilə üz-üzədir:

"Bildiyiniz kimi Azərbaycan dövlətinin və ölkə rəhbərinin qabaqlayıcı tədbirləri nəticəsində Azərbaycan ən az zərən çəkən ölkələr siyahısındadır. Bununla əlaqədar Operativ Qərargah tərəfindən karantin qaydalarının yumuşaldılması ilə bağlı qərar verildi. Bundan sonra mən deyərdim ki, insanlarda nədənsə bir qədər biganəlik yarandı, məsuliyyətsizlik artdı, bu rejimə keçdikdən sonra insanların küçələrdə, marketlərdə və s. ictimai yerlərdə nədənsə qoruyucu maskalardan və digər vasitələrdən istifadə etmədiyini müşahidə edirəm. İnsanlarımızda arxayınçılıq yaranıb. Sanki biz bu pandemiyadan tamamilə xilas olmuşuq. Artıq insanlar məsələyə məsuliyyətsiz yanaşmağa başlayıblar. Hətta yollarda nəqliyyat vasitələrinin sayı da artmağa başlayıb".

Kamilə Əliyevanın sözlərinə görə, karantin qaydalarının yumuşaldılması ilə arxayınçılıq və məsuliyyətsizlik artmağa başlayıb: "Müəyyən bir dövrdə bizdə müsbət bir dinamika yaranmışdı. Gün ərzində yoluxanların sayı azalmağa doğru gedirdi. Müalicə alaraq sağalanların sayı yoluxanların sayını iki dəfə üstələmişdi. Karantin qaydaları yumuşaldılmağa başlayandan sonra yoluxanların sayında artım müşahidə edilir.

Burada hər şey insanların üzərinə düşür. Məsuliyyət bu gün yalnız və yalnız insanların üzərinə düşür. Çünki dövlət lazım olan bütün tədbirləri gördü. Təbliğat yüksək səviyyədə aparıldı. İnsanlar yüksək səviyyədə məlumatlandırıldı. İnsanlarımız bu məsuliyyəti ciddi qəbul etməlidirlər. Arxayınlaşmamalıdırlar ki, artıq karantin qaydaları yumuşaldırılırsa hər şey yaxşıdır. Bunun ikinci bir dalğası da ola bilər. Prezident özü də vurğulamışdı ki, yoluxanların dinamikasına baxılacaq, əgər insanlar məsuliyyətsiz yanaşsalar və gün ərzində yoluxanların sayı artarsa biz karantin qaydalarının sərtləşdirilməsinə gedə bilərik".

Deputat qeyd edib ki, insanlar bunu dərk etməlidirlər, bu problem tək bir fərdin, ailənin problemi deyil və bu artıq bizim ümumi milli təhlükəsizlik problemimizdir, buna görə də hər bir insan qaydalara riayət etməli və məsuliyyət hiss etməlidirlər, başqa çıxış yolu yoxdur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə