"İndi insanlar qorxur və bilmirlər nə etmək lazımdır" ABŞ-dan - MÜSAHİBƏ - SƏS TV
Azərbaycanın Bakı şəhərində yaşamış Əlizadə Ehsan Qurban oğlu 25 aprel 2013-cü il tarixindən Amerika Birləşmiş Ştatlarında ailəsi ilə birgə yaşayır. Orada kompyuter elmləri üzrə təhsil alıb və hazırda Texas Dövlət Universitetində Coğrafiya fakültəsində professor köməkçisi kimi fəaliyyət göstərir. Bundan əlavə Ehsan "hiking" ilə də məşğuludr. Çoğrafi gəzintilər zamanı turlarda insanlara bələdçilik edir.


Hazırda koronavirus pandemiyası ilə bağlı ABŞ-da yaranmış vəziyyət haqqında obyektiv məlumat ala bilmək üçün Ehsanla əlaqə saxladıq və o da bizə ölkədəki hazırkı vəziyyətdən danışdı. SİA sizə həmin müsahibəni təqdim edir:
- Ehsan, bizə bu gün Amerikada koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyət haqqında məlumat verə bilərsənmi?
- Çox insanlar çətinlik çəkir. Bilmirdilər ki, qabaqlarına nə çıxacaq. Düşünürdülər ki, bütün mağazalar bağlanacaq və lazım olan su, dəsmal və s. aldılar. Mağazalarda indi bunları tapmaq çətindir. Lakin dövlət ərzaq mağazalarını bağlamadı. Bir çox qaydalar var. Ən azı iki metr məsafə saxlamalıyıq. Ştatların çoxunda ərzaq mağazalarından başqa hər yeri, geyim mağazalarını və "mall"ları bağlayıblar. Nyu-York, Nyu-Cersi və San Fransisko şəhərlərində 10-12 milyon, mənim yaşadığım Hyuston şəhərində 5 milyon insan yaşayır. Hyuston ərazi baxımından Bakıdan 5-6 dəfə böyükdür. İnsanlar biri-birinə çox da yaxın deyil. Biz nigaran deyilik. Lakin, çox insan burada da virusa yoluxub.
- Buradan müşahidə etdiyimiz qədərilə, vəziyyət ABŞ-da çox ciddidir. Bəs, sən necə dəyərləndirirsən, bir vətəndaş kimi həqiqətən də Amerikada vəziyyət gərgindir?
- Bəli, çox ştatlarda belədir. Prezident Tramp elan edib ki, qayda-qanun qoymayacaq, hər ştatın özünün qayda-qanunu olacaq, hər ştata icazə verəcək ki, vəziyyəti idarə etsin. Texasda vəziyyət çətin deyildi, lakin indi məsələni daha çox ciddiyə alırlar. Məsələn, çölə çıxsan və maska geyinməsən səni cərimə edəcəklər, Kaliforniyada əgər sən maska geyinmədən çölə çıxsan 1000 dolar cərimələnirsən.
- Bəs, ümumiyyətlə, insanlar karantin qaydalarına riayət edirlərmi?
- Bəli, deyə bilərəm ki, 80 faiz insan əməl edir. Bəzi insanların burada şəraiti yoxdur ki, çox yemək alsın və evdə saxlasın. Məsələn, maaş alan insanlar mağazaya getməlidirlər ki, ərzaq alsınlar. Lakin, çox insan qabaqcadan yemək alıb və lazım deyil ki, çölə çıxsınlar. Çox iş yerləri də onlayndır və demək olar ki, hər şey onlayndır.
- Sizdən başqa orada Azərbaycandan gələn və ya Azərbaycan əsilli ailələr varmı?
- Bəli, burada azərbaycanlılar çoxdur. 20-30 ildir ki, burada yaşayan azərbaycanlılar var. Bəziləri 5-6 ildir ki, gəlib. Şükr Allaha, hələ heç birinin virusa yoluxduğunu eşitməmişəm. Bu yaxşı bir haldır ki, hələ ki, eşitməmişəm. Ümid varam heç vaxt da eşitməyim.
- Ehsan, oradakı Azərbaycan Səfirliyinin gördüyü işlərdən xəbərdarsan və bu işləri izləyirsənmi?
- Azərbaycan səfirliyi Nyu Yorkda yerləşir. Lakin burada - Hyustonda azərbaycanlılar türklərlə yaxındır və hər bir işi görmək istəyəndə birlikdə görürlər.
- Orada əsasən insanlara özlərini virusdan qorumaq üçün nə məsləhət görürlər?
- Çölə çıxma, özünü qoru, çölə çıxanda da insanlara yaxın durma, maska geyin, həmişə əllərini təmiz saxla. Prezident Tramp əvvəllər məsələni o qədər də ciddiyə almadı. Sonra gördü ki, çox insan xəstələnir və ölənlər çoxalır, ona görə də indi ciddi qəbul edir. Demirəm ki, düzəlmək imkanımız yoxdur, lakin, bir az çətin olacaq. Əgər Prezident əvvəllər buna inanmırdısa insanlar necə inansın belə bir şeyə. İndi Tramp çox qorxub və hər şeyin qabağını tez almaq istəyir. İndi insanlar da qorxur və bilmirlər nə etmək lazımdır.
- Düzü bu sualı verməyi düşünmürdüm, lakin, sən Trampdan danışanda ağlına bu gəldi. Bir vətəndaş kimi necə düşünürsən, Tramp növbəti mərhələdə Prezident seçilə bilərmi? İnsanların hələ də ona etimadı qalıbmı?
- Ola bilər. Mən inanmıram amma, ola bilər. Əvvəllər varlı amerikalılar Trampın tərəfini tuturdu, kasıb insanların çoxu onun tərəfini tutmurdu. Amma indi çox kasıb insan işləmir və onların ərzaq almağa pulu yoxdur. Prezident Tramp isə hər adama 1200 dollar, hər uşağa 500 dollar pul ayırdı. Bir neçə gün əvvəl verildi ki, insanlar ərzaq ala bilsinlər. Bu kasıb əhaliyə böyük bir təsir edə bilər.
- Necə düşünürsən, karantin davam etdiriləcək yoxsa deyildiyi kimi ABŞ-da iqtisadiyyatın bəzi sektorları açıla bilər?
- Məsələn, yavaş-yavaş mağazaları açmaq istəyirlər, lakin insanları çox ciddiyə alırlar ki, maska geyin, əlcək geyin və s. Çünki mağazalar bağlı olanda bu Amerikanın iqtisadiyyatına da zərbə endirir. Dövlət pul qazana bilmir və hər bir vətəndaşa 1200 dolar da verəndə, Amerikanın cəmiyyəti 400 milyona yaxındı və bu çox pul edir.
- Virusa yoluxmuş və sonradan müalicə alaraq sağalmış şəxslə ünsiyyət qura bilmisən?
- Xeyr. Amma mənim yaxın bir dostum var, həkimdir. O mənə demişdi ki, çox insanlar bu virusdan sağalır və bəziləri yenidən bu xəstəliyə tutula bilirlər. Bu zaman onların sümüyündə ləkə olur. Bu bədənində xəstəliyin hələ də qaldığını göstərir. Koronavirus elə bir xəstəlikdir ki, hələ də müalicəsi 100 faiz yoxdur. İnsanlar xəstəxanaya getdikdə belə 100 faiz müalicə alıb sağalmırlar sadəcə onun qarşısını alırlar.
- Təşəkkür edirəm Ehsan, fikirlərini bizimlə bölüşdüyünə görə, özünə yaxşı bax.
- Çox sağ ol, ümid edirəm ki, Bakıda da, Azərbaycanda da hamı yaxşıdır, heç kəs xəstələnməsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB