"Azərbaycan tərəfi onsuz da danışıqlar prosesinə sadiqdir. Lakin, Ermənistanın beynəlxalq hüquq və normalara ümumiyyətlə hörmətlə yanaşdığını düşünmürəm". Bu sözləri SİA-ya açıqlamasında hərbi məsələlər üzrə ekspert, Azərbaycanın ehtiyatda olan polkovnik-leytenantı Üzeyir Cəfərov Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin növbəti görüşündə hansı məsələlərin müzakirə oluna biləcəyindən və Ermənistanın hazırkı dövrdə təxribatlarını davam etdirərkən Azərbaycanın hansı mövqedə durduğundan danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistanın Xarici İşlər nazirinin məlum açıqlaması bir çox azərbaycanlını, o cümlədən Üzeyir Cəfərovun özünü də hiddətləndirib və ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlarla bağlı yekun bəyanatlarında bir kəlmə də olsun Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın danışıqlar prosesinə zərbə vuracaq açıqlamasına münasibət bildirilməyib: "Ermənistan danışıqlar prosesini daha çox uzatmağa cəhd edir. Bundan əvvəl də Ermənistanın XİN başçıları və siyasi rəhbərləri müxtəlif illərdə, müxtəlif bəyanatlar səsləndiriblər və indi də bu fikirlərini səsləndirməyə davam edirlər. Düşünürəm ki, biz danışıqlar prosesində bir qədər möhkən və qətiyyətli olmalıyıq. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan tərəfinin müəyyən fikirlər səsləndirdiyini və tələblər irəli sürdüyünü bildirir, təbii ki, bunlar yerində atılan addımlardır. Lakin, Ermənistanın axırıncı hərəkətindən sonra Azərbaycan vətəndaşı və Qarabağ müharibəsi iştirakçısı kimi Azərbaycanın danışıqlar prosesindən çıxmasını istəyərdim. Bu zaman həmsədrlərdə sual yaranacaq: Axı, niyə Azərbaycan danışıqlardan çıxır? Buna cavab olaraq demək istəyərdim: Axı, biz kiminlə söhbət etməliyik, qeyri-ciddi insanlarla? Mən, Ermənistan tərəfini nəzərdə tuturam. Onlar danışıqlar prosesindən sonra öz həyasızlıqlarına davam edirlər".
Ekspert Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlardan da danışaraq bildirib ki, artıq Ermənistan tərəfi avtomat və pulemyotlardan deyil, mina atanlardan istifadə edərək iki gündür ki, cəbhədə gərginlik yaradır: "Ermənistan ayrı-ayrı istiqamətlərdə atəşkəsi pozmağa davam edir. Azərbaycan tərəfi onsuz da danışıqlar prosesinə sadiqdir. Lakin, Ermənistan öz həyasızlığını davam etdirir. Ermənistanın beynəlxalq hüquq və normalara ümumiyyətlə hörmətlə yanaşdığını düşünmürəm. Mən, danışıqlar prosesində Ermənistanla bir qədər sərt danışmağın tərəfdarıyam. Başa düşürəm ki, bu diplomatiyaya bir qədər ziddir, lakin, bizim də səbrimizin bir həddi var. Ermənistan mülkü vətəndaşlarımızı atəşə tutur. Ərazilərimizdə özbaşınalıq edir. Hərbiçilərimizə qarşı açıq təxribatlar həyata keçirir. Azərbaycan bütün bunların qarşısını almaq üçün beynəlxalq qurumların yaxasından möhkəm yapışmalıdır ki, özbaşına və işğalçı ölkəni yerini göstərsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB