“Əhali dövlətinə arxayındır. Problem başqa dövlətlərlə müqayisədə çox uğurla həll olunduğuna görə, insanlar düşünür ki, her şey geridə qaldı. Əslində heç nə geridə qalmayıb. Məsələ burasındadır ki, kiminsə koronavirusla müqaviləsi yoxdur. Koronavirusa yoluxma təhlükəsi hələ də davam edir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, dövlət bütün hallarda işləməyənləri də təmin etməyə çalşır: “Lakin görünür ki, ya maarifləndirmə işimiz bir qədər yüksək səviyyədə deyil, ya da kimlərsə məsələyə başqa cür yanaşır. Mənə elə gəlir ki, maarifləndirmə işi də kifayət qədər aparılıb. Buna baxmayaraq insanlarda həddən artıq əminlik yaranıb ki, artıq her şey keçib gedib. Dünya, eləcə də Çin təcrübəsi göstərir ki, yenidən xəstəliyə tutulmaq ehtimalı çox yüksəkdir. Bəzi dövlətlər rəqəmləri gizlətsə də belə, fakt faktlığında qalır. Bir şeyi nəzərə alsınlar ki, dünyanın ən nəhəng dövləti olan ABŞ-da koronavirusa yoluxma halı 1 milyon nəfəri, ölənlərin isə sayı 60 min nəfəri ötüb. Bu məsələdə dövlət atılacaq bütün addımları atıb”.
C.Nuriyev vurğulayıb ki, karantinlə bağlı müəyyən qədər yumşalmalar var: “3 gün ərzində şəhərdə əvvəlki ilə müqayisədə nəqliyyat artıq o qədər çoxalıb ki, 40 gündən sonra ilk dəfə tıxaclar müşahidə olunur. Bütün hallarda insanlar bu məsələyə ciddi yanaşmalıdır. Virusun ikinci fazası gündəmə gəldikdə dövlət bu addımları yenidən gərginləşdirə bilər. Mayın axırına qədər xaricə giriş-çıxış dayandırılıb. Bu gözəl bir addımdır və xəstəlin kənardan gəlmə riskini sıfıra endirib. Deməli yoluxma artarsa, bu artıq bizim özümüzün yaratdığımız təhlükədir. Bu məsələdə biz əgər diqqətli olmasaq, artıq bu millətin problemidir, dövlətin deyil. Amma bizdə psixoloji bir məsələ var ki, hər hansı çətinliyimiz olanda o işdə ancaq dövləti ittiham edirik. Heç kim öz səhvini görmək istəmir. Hər hansı bir çətinlik olanda ancaq başqasını tənqid etməyi sevirik. Mənə elə gəlir ki, biz bu psixoloji yanaşmadan qurtulmalıyıq. Çünki bu millətimizin taleyidir və heç kimin ixtiyarı yoxdur ki, özü bir tərəfə ailəsinin, ətrafındakı insanların taleyi ilə oynasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB