“Məsuliyyətsizlik ikinci dalğanın başlamasına səbəb ola bilər” ÖZƏL-MÜNASİBƏT

“Məsuliyyətsizlik ikinci dalğanın başlamasına səbəb ola bilər” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan dövləti həqiqətən də dünya dövlətlərinə örnək ola biləcək tədbirlər həyata keçirir. Ona görə də bizim ölkəmizdəki durum bir çox ölkələrdən, xüsusən də inkişaf etmiş Avropa ölkələrindən, Amerika Birləşmiş Ştatlarından fərqli olaraq fəlakət həddində deyil. Lakin vətəndaşlarımız məsuliyyət məsələsində sinifdə qalarsa fəlakət qaçılmaz olacaq.” Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, yumşalmaya gedilibsə, bunu duzgün anlamaq lazımdır. “İnsanlar düşünməməlidirlər ki, əgər yumşalmaya gedilirsə, deməli, hər şey keçdi, hər şey bitdi, arxada qaldı. Əsla bu mümkün deyil. Çünki, dünya bununla bacara bilmir. Bacara bilmədiyi şəraitdə Azərbaycan özünü xarici aləmdən təcrid edib, sərhədlər bağlanıb, gediş-gəliş kəsilib. Eyni zamanda “evdı qal” kampaniyası aparmaqla vətəndaşlar bir-birindən təcrid olunub. Yəni bu olduqca vacibdir. Digər bir tərəfdən də insanlarımıza fikir verirəm ki, azacıq yumşalma olunca küçələrimiz dolub daşmağa başladı. Sanki, hər kəs harasa tələsir. Əslinə qalanda şəxsi müşahidələrimi deyim ki, bir çox insanlar elə özüm yaşadığım ərazidə fikir vermişəm ki, böş-boş gəzirlər. Heç bir işə, heç bir iş dalınca getməyənlər elə ətrafda dolaşırlar. Dükana gedirsən belələri qarşına çıxırlar, pəncərədən baxırsan onları görürsən. Yəni, hiss olunur ki, adamlar məsuliyyətsiz yanaşırlar. Bu məsuliyyətsizlik isə Azərbaycanda ikinci və daha dəhşətli bir dalğanın başlamasına səbəb ola bilər. Ona görə də dövlətin yumşalma tədbirləri ilə paralel vətəndaşın məsuliyyətinin də artırılmasına ciddi ehtiyac var. İnsanlarımız ciddi olmalıdırlar. Xüsusən də ticarət mərkəzlərində, boyük ticarət mərkəzlərində, əsasən ərzaq satışı ilə məşğul olan ticarət mərkəzlərində diqqətli olmalıdırlar. Şəxsən müşahidə edirəm, özüm də dəfələrlə insanlara deyirəm ki, məsafələr gözlənilsin. Dəfələrlə demişəm ki, mütəmadi olaraq televiziya kanallarında, mətbuat səhifələrində də bu barədə xəbərdarlıq edilib ki, məsafə saxlayın.
Bəllidir ki, bu yoluxucu virusdur, yoluxucu xəstəlikdir, insanlardan insanlara keçir, ən adi təmasda belə bir insanın başqasını və başqalarını, özü də çoxsaylı insanları yoluxdurma imkanı var. Ona görə də mən düçünürəm ki, dövlətin atdığı addımlarla paralel vətəndaş öz məsuliyyətini dərk etməlidir. Əks təqdirdə çoxsaylı yoluxmalar qaçılmaz olacaq. Təbii ki, belə yoluxmalar ardınca ölümlər də gətirəcək. Başqa bir tərəfdən isə bu gün həvəslə bayıra can atan, çölə can atan insanlarımız daha uzun müddətə evdə qalmağa məcbur olacaqlar. Ümumiyyətlə isə dövlət məcbur olub fövqəladə vəziyyət elan etməli olacaq. Bütün bunların baş verməməsi üçün vətəndaşlarımızı mütləq və mütləq məsuliyyətli olmağa çağırmalıyıq”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə