"ÜST-ün Azərbaycanda görülən işləri yüksək qiymətləndirməsi təsadüfi deyil" - RƏY ÖZƏL

"ÜST-ün Azərbaycanda görülən işləri yüksək qiymətləndirməsi təsadüfi deyil" - RƏY ÖZƏL

“Koronavirus pandemiyası bütün ölkələrə öz təsirini göstərib. 2 milyondan çox insan bu virusa yoluxub, 10 minlərlə insan isə həyatını itirib. Demək olar ki, bu virus bütün dünya ölkələrinin iqtisadiyyatına, səhiyyəsinə ağır zərbələr vurub. Dünyada bu virusa qarşı vaxtında qabaqlayıcı tədbirlər görən ölkələr barmaqla sayılacaq qədərdir. Bu ölkələrədən ön sıralarda gələn biri də Azərbaycan Respublikasıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ölkəmizdə koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı əsasında hələ ilin əvvəlindən çox ciddi və davamlı tədbirlər həyata keçirilib: “Azərbaycanda ilk koronavirusa yoluxma halı fevral ayının 28-i aşkar olunub və dərhal 3 gün sonra bütün növ təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Bundan sonra cənab Prezidentin tapşırığı əsasında Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Eyni zamanda 10 yeni müasir lobaratoriya quraşdırılıb. Ən müasir xəstəxanalar bu virusa yoluxmuş xəstələrin istifadəsinə verilib. Tibb sahəsində çalışan şəxslərin əmək haqqları 3-5 dəfə artırılıb. Ölkədə virusun yayılmasının qarşısının alınması üçün ən vacib addımlardan biri olan karantin rejiminin tətbiq olunması idi ki, Azərbaycanda tam zamanında karantin rejimi tətbiq edilib. Xaricdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün lazımı tədbirlər görülüb və gətirilən vətəndaşlar ən müasir otellərdə 14 gün ərzində karantin rejimində saxlanılıb. Ölkədə maska istehsalı ilə əlaqədar qıtlıq mövcud idi və bildiyiniz kimi cənab Prezidentin tapşırığı ilə qısa bir zamanda maska istehsal edən müəssisə öz fəaliyyətinə başlayıb”.

C.Osmanov qeyd edib ki, bir müddət sonra açılması nəzərdə tutulan “Yeni Klinikanın” öz fəaliyyətinə başlaması və həmin xəstəxananın koronavirusa yoluxmuş xəstələrə təsis edilməsi görülən ən vacib işlər sırasındadır: “Ümumiyyətlə bu sadalananlar Azərbaycanda koronavirus pandemiyasına qarşı görülmüş işlərin çox kiçik bir hissəsidir. Bu virusun təkcə tibbi tərəfi yox, eyni zamanda sosial tərəfi də diqqətdə saxlanılıb. İnsanların xüsusən aztəminatlı ailələrin, sahibkarların və digər bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar ölkədə çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirilib. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə keçirilən monitorinqdən sonra Azərbaycanda həyata keçirilən tədbirləri çox yüksək qiymətləndirmişdilər. Bir neçə dəfə artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda koronavirusla mübarizədə həyata keçirilən tədbirlər diqqətəlayiq hesab ediblər. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycanda bu virusa qarşı görülən ciddi tədbirlərə görə, cənab Prezidentimizə dərin minnətdarlığını bildirib. Heç də təsadüfi deyil ki, koronavirusla mübarizədə Azərbaycan modeli bir çox inkişaf etmiş ölkələrdə tətbiq edilir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda görülən işləri yüksək qiymətləndirməsi təsadüfi deyil”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə