Apardığınız mübarizədə daim Sizi dəstəkləyirik! - VƏTƏNDAŞ MƏKTUBLARI

Apardığınız mübarizədə daim Sizi dəstəkləyirik! - VƏTƏNDAŞ MƏKTUBLARI

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Salyan rayonu, Aşağı Kürkəndi kənd sakini Nuranə Dadaşova yazır:

Hörmətli cənab Prezident.
Azərbaycanda koronavirus pandemiyası yayılan andan indiyədək ölkəmizi, millətimizi mümkün olacaq itkilərdən və iqtisadiyyatımızı ziyanlardan maksimum şəkildə qoruya bildiniz. Tapşırıqlarınız əsasında hökumət tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirərək, Sizə, ailə üzvlərinizə və bütün dövlət strukturlarına minnətdarlığımı və sonsuz təşəkkürlərimi bildirirəm.
Karantin zamanında bizə edilmiş maddi yardımlara görə bütün sahibkarlar adından Sizə xüsusi minnətdarlığımı çatdırıram. Bu yardımlar hazırki dövrdə neçə-neçə ailənin maddi sıxıntısını minimuma endirdi. Bütün bu işlər vətəndaşlara diqqətinizin və insanların sağlamlığını hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir. Allahdan bütün arzularınızın yerinə yetməsini və xalqımıza etdiyiniz yaxşılıqların əvəzini almağınızı diləyirəm. Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqımızı qorusun.

Beyləqan rayonundan Səkinə Hüseynovanın qeydləri:

Hörmətli cənab Prezident.
Dünyanı saran COVID-19-un Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün atdığınız qabaqlayıcı addımlar ölkəmizdə xəstəliklə bağlı vəziyyətin yaxşılaşmasına səbəb oldu. Xalqımızın sağlamlığının qorunması üçün karantin rejimi tətbiq edilməsəydi, bəlkə də indi xəstələrin sayı ilə bağlı rəqəmlər bu virusun faciələr törətdiyi ölkələrdəki ilə eyni olardı. Dünyada xəstəliyə yoluxanların və bu səbəbdən ölənlərin sayında artım tempi müşahidə olunarkən ölkəmizdə koronavirusdan sağalanların sayında dinamika çox müsbətdir. Bu, bizi sevindirir.
Cənab Prezident, bu, Sizin yüksək idarəçilik qabiliyyətiniz, hər bir insana qayğıkeş münasibətiniz sayəsində mümkün oldu. Xəstəliklə mübarizə zamanı xalqımıza göstərdiyiniz kömək - əhalinin həssas qrupuna aid insanlara edilən yardımlar, tələbələrin illik təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi, 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi işsiz və həssas əhali qrupuna böyük dəstək oldu.
Atam 2-ci qrup əlil, anam isə şəkər xəstəsidir. Siz bizim kimi həssas əhali qrupuna aid olan valideynləri və tələbələri sevidirdiniz. Biz də üzərimizdə çalışaraq, seçdiyimiz ixtisasdan asılı olmayaraq, hər birimiz öz sənətimizi sevərək öyrənib dövlətimizə, xalqımıza şərəflə, layiqli şəkildə xidmət edəcəyik. "Biz birlikdə güclüyük!" çağırışınız işimizdə bizlərə stimul olacaq.

Siyəzən rayonu, Qara Siyəzən kəndi sakini Təsvir Musayev yazır:

Hörmətli cənab Prezident.
Bildirmək istəyirəm ki, dövlətə və dövlətçiliyimizə bağlı bir vətəndaş kimi, neft sənayesində çalışan bir insan olaraq ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəkləyir, gördüyünüz təqdirəlayiq işləri izləməklə yanaşı, həm də təbliğ edirəm.
Cənab Prezident, son dövrlər pandemiya ilə əlaqədar Sizin tərəfinizdən və Mehriban xanım Əliyeva tərəfindən xalqımıza ünvanlanan müraciətlər bizdə dövlətimizə qarşı böyük inam hissi oyatdı. Sizin rəhbərliyinizlə koronavirusa qarşı bir çox təşkilati məsələlərin operativ şəkildə həll edilməsi onu deməyə əsas verir ki, dövlətimiz etibarlı əllərdədir.
Görülən operativ tədbirlər nəticəsində güc strukturları asayişin qorunmasında fəal iştirak edir, səhiyyə işçilərimiz sanitar-epidemioloji vəziyyətə uyğun koronavirusla bağlı vəziyyətə nəzarət edirlər. Sosial sahədə də aidiyyəti qurumlar vətəndaşların maddi rifahının yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmir.
Sizin uzaqgörənliyiniz sayəsində respublikamızda qısa zaman ərzində tibbi maska istehsal edən müəssisə qurularaq istifadəyə verildi, bu xəstəliklə mübarizə üçün modul tipli xəstəxanaların tikintisinə başlanıldı və respublikamıza yeni tibbi ləvazimat və avadanlıqlar gətirildi. Bunlarla yanaşı, dövlətimiz üçün bu çətin anlarda böyük fədakarlıq göstərərək bəzi dost və qonşu ölkələrə yardımlar etdiniz.
Cənab Prezident, bütün bunlar Sizin aliliyinizdən, sadəliyinizdən və ucalığınızdan xəbər verir.
Dünya arenasında özünəməxsus dəst-xətti ilə seçilən bir rəhbər kimi Siz dövləti ilə dövlətləşən, milləti ilə millətləşən, el dilində əfsanələşən bir Lidersiniz.
Respublikamızın gələcək inkişafı naminə işlərinizdə Sizə uğurlar diləyir, Uca Allahdan xoş müjdələr arzu edirəm.

Ağstafa rayonu, Eynallı kənd sakini Nəzrin Rüstəmova yazır:

Hörmətli cənab Prezident.
Ölkəmizə də gəlib çatmış koronavirus pandemiyasına qarşı mübarizə respublikamızda yüksək səviyyədə təşkil edilib. Karantin rejiminin tətbiqi bu bəladan daha az itkilərlə qurtulmağımıza imkan verdi. Bu xidmətlərinizə görə Sizə minnətdaram. İnsanların sağlamlığını düşünərək verdiyiniz qərar və tövsiyələr öz müsbət nəticələrini göstərməkdədir.
İşsiz olsam da, karantin rejimində çətinlik çəkmədim.190 manat birdəfəlik ödəməni də aldım.Sizin sayənizdə karantin günlərini daha rahat keçirdik. Bütün bunlara görə Sizə "Çox sağ olun!" deyirəm.
Millətini, xalqını fikirləşən Prezident olduğunuz uçun Sizi çox sevirik.Allah Sizi var etsin. Sizə və xalqımıza bu pandemiya ilı mübarizədə səbir diləyirəm. Mən inanıram ki, biz bu imtahandan da üzüağ çıxacağıq.Şəxsən öz adımdan və ailəmin adından Sizə sonsuz təşəkkürlərimi bildirirəm.

Ağarəzi Mehdiyev Hacıqabuldan yazır:

Hörmətli cənab Prezident.
Yaşlı nəslin nümayəndəsi olaraq respublikamızda pandemiyanın yayılmasının qarşısının alınmasında gördüyünüz təxirəsalınmaz tədbirləri alqışlayıram.
Bütün sosial sahələrdə olduğu kimi, vətəndaşlarımızın sağlamlığının qayğısına qalmağınız və onlara göstərilən diqqətiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Koronavirus xəstəliyinin qarşısının alınmasını, vətəndaşların sağlamlığının qorunmasını təmin etmək üçün həyata keçirilən tədbirlər hamımızın ürəyincədir.
Bu tədbirlərə, vətəndaşların qayğısına qaldığınıza görə minnətdarlığımı bildirir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoş günlər, bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Ağsu rayonu, Çaparlı kəndindən Cümşüd Ayadov:

Əziz Prezidentimiz.
Tarix elminə məlumdur ki, hər bir millətin və xalqın çətin və kəşməkəşli anlarında çox güclü bir tarixi şəxsiyyətə ehtiyacı olur. Məhz bu mənada ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev keçən əsrin 90-cı illərində Azərbaycan adlı bu qədim məmləkəti məhv olmaq təhlükəsindən xilas edərək, xalqına arxalanmaqla müstəqil və suveren Azərbaycan Respublikasını qurdu. Ulu Öndər demişdi: "Mən İlhama özüm qədər inanıram".
Cənab Prezident, istər dövlətimizin, istərsə də dünyamızın bu çətin, fəlakətli günlərində Siz əməli işinizlə, böyük dövlətçilik təcrübənizlə düşmənlərimizə sübut etdiniz ki, hər bir Azərbaycan ailəsinin yanındasınız, xalqımızın ümid, güvən, pənah yerisiniz. Artıq Sizin təkcə Azərbaycanın yox, dünyanın tanınmış siyasi liderlərindən biri olmağınızla fəxr edirik.
Sizin tövsiyə və tapşırıqlarınıza əsasən bölgələrimizdə də həssas təbəqədən olan aztəminatlı ailələrə, eləcə də bütün rayon sakinlərinə xüsusi diqqət və qayğı göstərilir.
Uca Allahdan Sizə möhkəm cansağlığı arzulayıram. Tanrı Sizi qorusun.

Quliyev Mətləb İsax oğlu, Rüstəmov Şair Salman oğlu, Eminov Şahin Qafar oğlu, Qurbanov Mübariz Mədət oğlu, Şükürov Ələmdar Əfil oğlu və başqaları Naftalan şəhərindən yazırlar:

Möhtərəm cənab Prezident.
Biz - Naftalan şəhər Qasımbəyli kəndinin sakinləri əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi barədə Sərəncamınızla yeni subartezian quyularının qazılacağı yaşayış məntəqələri sırasına bizim kəndimizin də daxil edilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu çətin dövrdə, bütün qüvvələrin koronavirusla mübarizəyə səfərbər olunduğu bir zamanda Sizin bu addımınız bizlərdə işləməyə daha böyük həvəs oyadır.
Kəndimizdə suvarma suyunun çatışmazlığı neçə illər idi ki, bizi narahat edirdi. Əkin sahələrini vaxtında suvara bilmədiyimizə görə məhsulumuz itkiyə gedirdi. Sizin müvafiq Sərəncamınızla kəndimizdə yeni subartezian quyusunun qazılması əkin sahələrinin su təminatının daha da yaxşılaşdırılmasında və həyətyanı sahələrin suvarılmasında mühüm rol oynayacaqdır. Bu, suvarma suyu məhdud olan kəndimiz üçün bir bayramdır desək, yəqin ki, yanılmarıq.
Sizə sonsuz ehtiramımızı bildiririk. Allah Sizi, ailənizi və millətimizi qorusun.

Vaqif Həbibov Şirvandan yazır:

Salam hörmətli Prezidentimiz.
Mən Sizə bir Milli Qəhrəman ailəsi olaraq bu təşəkkür məktubunu yazmağı özümə borc bildim. Koronavirusla bağlı göstərdiyiniz diqqətə görə Sizə minnətdaram. Bu çətin günlərdə əsl rəhbər kimi xalqımızın yanında olub bizə dəstək oldunuz. Siz bizə çox məsuliyyətlə yanaşırsınız, hər birimizə öz isti münasibətinizi göstərirsiniz. Bu minvalla mən də öz vətəndaşlıq borcumu yerinə yetirirəm və Sizə dəstək oluram. Çox sağ olun, cənab Prezident.

Bakı şəhəri, Nizami rayonundan Qubadlı rayonundan məcburi köçkün İlkin Cabbarlı yazır:

Çox hörmətli möhtərəm Prezident.
Mən bir Azərbaycan gənci olaraq, bu çətin dövrdə biz məcburi köçkünlərə göstərdiyiniz qayğıya görə Sizlərə öz adımdan və məskunlaşdığımız yataqxananın məcburi köçkünləri adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik. Hər şey üçün təşəkkür edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə