Bakıda “Orqan transplantasiyası və beyin ölümü Forumu” öz işinə başlayıb

Bakıda “Orqan transplantasiyası və beyin ölümü Forumu” öz işinə başlayıb
Bu gün Bakıda Azərbaycan Respublikasının əməkdar həkimi, mərhum Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunmuş "Orqan transplantasiyası və beyin ölümü Forumu" öz işinə başlayıb. SİA-nın xəbərinə görə, aprelin 21-dək davam edəcək forum Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə və təşkilati dəstəyi ilə baş tutub. Forumda ölkənin tibb ictimaiyyətinin, rəsmi orqanların nümayəndələri, Milli Məclisin deputatları ilə yanaşı, ABŞ, Böyük Britaniya, Türkiyə, İran, Rusiya və bir sıra xarici ölkələrin yüksək ixtisaslı tanınmış tibb mütəxəssisləri də iştirak edirlər. Forum iştirakçıları forumdan öncə ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra başlanan forumda F.Cavadovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Forumun davamında ARDNş-ın vise-prezidenti Bədəl Bədəlov ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevin forum iştirakçılarına müraciətini oxuyub. Daha sonra çıxış edən forumun sədri Rəşad Mahmudov forumun məqsəd və vəzifələri barədə məlumat veirb. O həmçinin F.Cavadovla bağlı xatirələrini bölüşüb. R.Mahmudov vurğulayıb ki, F.Cavadovun rəhbərliyi ilə 13 insan üzırində yerli kadrlar vasitəsilə qaraciyər transplantasiyası olub. Onun sözlərinə görə, lakin bununla bütün problemləri həll etmək mümkün deyil və bunun üçün hər birimiz çalışmalıyıq: "Transplatologiyanın inkişaf edərək güclənməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Transplantologiya bu gün çox vacib bir problemlərdən biridir. Bu gün 100 min insan dünyada bir il ərzində transplantasiya vasitəsilə müalicə olunur. Transplatologiya sadəcə səhiyyənin poblemi deyil, qanunlarla təsdiqlənən ictimai, dini milli dəyərlərin ortaya qoyulması, kadrların hazırlanmasını ortaya qoyan bir məsələdir". Tədbirin davamında çıxış edən millət vəkilləri Ziyad Səmədzadə, Abel Məhərrəmov, ictimai xadimlər, xarici qonaqlar mərhumla bağlı xatirələrini və orqan transplantasiyası ilə bağlı fikirlərini bölüşüblər. Aprelin 21-dək davam edəcək forumun əsas müzakirə mövzuları xarici ölkələrdə orqan transplantasiyası və beyin ölümü sahəsində əldə edilən təcrübə, transplantasiyaya etik, hüquqi və dini nöqteyi-nəzərdən baxış və islam ölkələrində orqan bəxşi və digər məsələlər olacaq. Qeyd edək ki, forum çərçivəsində F.Cavadovun xatirəsinə həsr edilən "Fəxrəddin Cavadov fenomeni" adlı kitabın və "Dədə Qorqud" milli fondu tərəfindən təsis edilən "Azərbaycan dünyası" jurnalının xüsusi buraxılışlarının təqdimatı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə