Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır - MƏKTUBLAR
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ç.Gülməmmədovadan:
Zati-aliləri.
Son bir neçə aydır dünyanı sarsıdan koronavirus pandemiyası ən nəhəng dövlətləri belə öz təsiri altına alaraq sosial, siyasi və iqtisadi sahələrdə fəaliyyəti demək olar ki, iflic vəziyyətinə salıb. Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə COVID-19 pandemiyasına qarşı ölkə miqyasında həyata keçirilən qətiyyətli tədbirlər öz bəhrəsiniz verir, virusun Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində müsbət dəyişikliklərə nail olunub.
Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin kollektivi ulu öndər Heydər Əliyevin irsinə sadiq qalaraq Sizin yürütdüyünüz müdrik daxili və xarici siyasətiniz kimi, koronavirusla mübarizəyə dair fəaliyyət planınızı da minnətdarlıq hissi ilə qarşılayır. Əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınıza qoşulmaqla tez bir zamanda koronavirusa da birlikdə qalib gələcəyik.
Bu çətin günlərdə xalqımıza yüksək qayğı göstərərək, daim onun yanında olduğunuz üçün birliyimizin kollektivi adından Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, bu, Sizinlə Azərbaycan xalqının birgə qələbəsi olacaqdır.
Ağdam rayonundan Məhərrəm Quliyev yazır:
Hörmətli cənab Prezident.
Əvvəla Sizə təşəkkürümü bildirirəm. Mən dövlətini, Prezidentini sevən bir ağsaqqal kimi Masallı rayonunda Qarabağ qaçqınları və köçkünləri cəmiyyətinin sədri seçilmişəm. Siz mənim və ailəmin qəhrəmanısınız. Siz alicənab, xalqını qoruyan, onun qayğısına qalan dövlət başçısı kimi daim insanların yanındasınız. Sizə olan hörmətim sonsuzdur.
Cənab Prezident, pandemiya dövründə bir daha gördük ki, Siz xalqımızı necə mərdliklə qoruyursunuz. Buna görə ailəm adından və öz adından Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Nə yaxşı ki varsınız. Allah Sizi qorusun. Bir ağsaqqal kimi hər zaman yanınızdayam.
Zakir Muxtarov Füzuli rayonundan yazır:
Cənab Prezident.
Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın dəstəyi ilə biz koronavirus epidemiyasına da qalib gələcəyik.
Sizin tapşırığınızla yerlərdə yaşı 65-dən yuxarı olan vətəndaşlara, həmçinin imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı insana 190 manat məbləğində birdəfəlik ödənişin edilməsi, on minlərlə ictimai iş yerinin yaradılması sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Cənab Prezident, biz füzulililər Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi və ailənizi qorusun.
Quba rayonu, Dəvədabanı yaşayış massivindən Məmməd Səfərəliyev yazır:
Çox hörmətli Prezident və cənab Ali Baş Komandan.
İki əsgər atası kimi ürəyimdən gələn səmimi minnətdarlıq hisslərini Sizə bildirməyi özümə borc hesab edirəm. Ona görə ki, bir oğlum hərbi xidmətini bu ilin yanvar ayında, digər oğlum isə aprel ayında bitirərək sağ-salamat evimizə dönüblər. Karantin günlərində isə əsgərlərimizə və xalqımıza göstərilən böyük diqqət və qayğıya görə ailəmiz adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Həmçinin qeyd edim ki, ötən il Quba rayonunun Dəvədabanı yaşayış massivinin qazlaşdırılması, bu günlərdə yollarımızın yenidən qurulması və asfaltlanması bizləri çox sevindirdi.
Sakinlərimiz Sizdən çox razıdırlar, cənab Prezident! Çox sağ olun.
Abbasov Elxar Dünyamalı oğlu, Əlizadə Elçin Əlövsət oğlu, Hacıyeva Gülnarə Füzuli qızı Füzuli rayonu, Horadiz şəhərindən yazırlar:
Möhtərəm cənab Prezident.
Bütün dünyanı ağuşuna almış, hər gün minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resurslarının pandemiyanın təsirinin azaldılması üçün səfərbər edilməsini Füzuli rayon sakinləri olaraq alqışlayırıq.
Cəbhə bölgəsində yaşayan füzulili məcburi köçkünlər inanırlar ki, Sizin və Mehriban xanım Əliyevanın dəstəyi ilə biz koronavirus pandemiyasına da qalib gələcəyik.
Sizin tapşırığınızla yerlərdə yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı insana karantin dövründə 190 manat məbləğində birdəfəlin ödənişin edilməsi, on minlərlə yeni iş yerinin yaradılması sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Biz füzulililər, xüsusilə də tibb işçiləri Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi və ailənizi qorusun.
Ağsu şəhərindən Fazil Hasılov yazır:
Cənab Prezident.
Ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil və suveren Azərbaycanda xalqımızın xoşbəxt rifahı və gələcəyi naminə gördüyünüz işlər o qədər böyük və uğurludur ki, bu işlər bu gün dünyanın hər yerindən görünür. Tikilən saysız-hesabsız məktəblər, xəstəxanalar, uşaq bağçaları, abad yollar, möhtəşəm körpülər ölkəmizi tanınmaz dərəcədə dəyişib.
Cənab Prezident, rayonlarımızda daşqınlar, subasmalar, zəlzələlər olanda da Siz xalqımızın istəklisi, hamımızın özümüzə doğma bildiyimiz Mehriban xanımla birlikdə bütün zərərçəkmişlərin yanında oldunuz, hamıya lazımi kömək göstərdiniz. Koronavirus pandemiyası ilə mübarizədə isə öz əməli işinizlə sübut etdiniz ki, Sizin üçün ən dəyərli, ən müqəddəs, ən əziz olan inandığınız və etibar etdiyiniz Azərbaycan xalqıdır.
Əziz Prezidentim, bütün xalqımız inanır ki, bu ağır günlərdən mətanətlə çıxan Azərbaycan xalqı tezliklə Sizin rəhbərliyinizlə “Qarabağ Azərbaycandır!” deyəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB