"Biz hər zaman Sizinləyik" - MƏKTUBLAR

"Biz hər zaman Sizinləyik" - MƏKTUBLAR

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Qobustan şəhər 3 saylı tam orta məktəbin direktoru Əlibəy Abduləzizov Qobustandan yazır:

Möhtərəm Prezidentimiz.

Dünyanın bir çox ölkələrində yayılmış koronavirus pandemiyasından ölkə vətəndaşlarını qorumaq üçün həyata keçirdiyiniz təcili və təxirəsalınmaz tədbirləri ilk gündən alqışlayırıq. Hər bir vətəndaşın qayğısına qalan ölkə rəhbəri kimi Sizin göstərişinizlə həyata keçirilən qabaqlayıcı tədbirlər Azərbaycan xalqının bu bəladan minimum itki ilə qurtulmasına hesablanıb. İşləyən vətəndaşlarımızın, o cümlədən təhsil işçilərinin əməkhaqqı saxlanılmaqla evdə qalmaları, aztəminatlı ailələrə aylıq 190 manat məbləğində vəsaitin verilməsi, həmçinin bu çətin günlərdə aztəminatlı vətəndaşlara digər yardımların edilməsi Sizin humanist siyasətinizin nəticələridir. Siz bizə birlikdə güclü olmağın yolunu göstərdiyiniz. Biz hər zaman Sizinləyik.

“Evə qal, təhsildən qalma!” şüarı ilə çalışan, dərslərini onlayn şəkildə davam etdirən bütün müəllimlərimizin adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Nəsirova Nuriyyə Natiq qızı, məcburi köçkün, Pənah Məmmədov adına Laçın rayon 46 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Nuriyyə Nəsirova:

Hörmətli cənab Prezident.

Koronavirus xəstəliyi ilə bağlı apardığınız mübarizədə verdiyiniz qərar və göstərişlərin ölkəmizi, Azərbaycan xalqını qorumaq və onun sağlamlığının qeydinə qalmaq olduğunu çox gözəl dərk edirik. İnanırıq ki, Sizin sayənizdə tez bir zamanda bu bəladan qurtulacağıq.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınıza uşaqdan böyüyə hamımız qoşularaq hər zaman Sizə dəstək olmağa hazırıq.

Bu günlərdə bütün dünyaya dövlətimizin güclü olduğunu sübut etdiniz. Buna görə biz Sizinlə fəxr etdik.

Cənab Prezident, ailə üzvlərimin və sinif yoldaşlarımın adından Sizə və Mehriban xanıma təşəkkür edir, Ramazan günlərində Uca Allahdan Sizi və xalqımızı qorumasını arzu edirik.

Masallı rayonu, Kürdəbazlı kənd sakini İlkin Mirzəyevdən:

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olmağınız bizi bir çox qlobal fəlakətlərdən qoruyub. Biz Sizin sayənizdə koronavirusdan minimum zərər çəkən ölkələrdən biri olduq. Dünyanın aparıcı ölkələrində həyatın iflic olduğu halda, ölkəmizdə vətəndaşlarımız normal həyatlarına davam edirlər.

Sizin uzaqgörən siyasətiniz ölkəmizi bəlalardan qorudu. Buna görə, sözün əsl mənasında, lider olan Prezidentimizlə qürur duyuram. Şərəf hissi keçirirəm ki, məhz Azərbaycan Respublikasının vətəndaşıyam.

Allah Sizi və ailənizi qorusun. Sizə bundan sonra da böyük müvəffəqiyyətlər arzulayıram.

Qaxdan Əməkdar müəllim Şəkər Abdullayeva yazır:

Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası doğma yurdumuzdan da yan keçmədi. Ölkəmiz dəhşətli xəstəliyin yaratdığı çətinliklərlə üzləşdi. Lakin Sizin uzaqgörənliyiniz sayəsində bu xəstəliyin fəsadları digər ölkələrlə, hətta inkişaf etmiş dövlətlərlə müqayisədə Azərbaycanda daha az hiss edildi. Sizin ölkəmizi bütün sınaqlardan uğurla çıxmasını həmişə təmin edən qətiyyətli addımlarınız və söylədiyiniz “Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi və rifahı hər şeydən üstündür” fikri xalqımızın bu sınaqdan üzüağ çıxacağına inamı artırdı.

Rəhbər və xalqın vəhdəti, ölkə başçısına dərin etimad öz bəhrəsini verdi. Sizin böyük uzaqgörənliklə gördüyünüz tədbirlər dünyaya nümunə oldu. Bu dövrdəki fəaliyyətiniz ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaqdır. Biz əminik ki, ölkəmizin gələcəyi daha parlaq olacaqdır. Sizə inanır və güvənir. Çətin bir dövrdə xalqımızın sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Biz ziyalılar həmişə Sizinləyik. Sizə cansağlığı və firavan həyat arzulayıram. Allah Sizi və ailənizi qorusun.

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Üzeyir və Aynurə Zeynalovlar yazırlar:

Cənab Prezident.

Koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəliyin qurbanı olduğu bir dövrdə Sizin Azərbaycan xalqının genefondunu qorumaq istiqamətində atdığınız addımlar ziyalılar tərəfindən rəğbətlə qarşılanır.

Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün üçün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

Xızı Suvarma Sistemləri İdarəsinin kollektivi adından Fərrux Haqverdiyev yazır:

Hörmətli cənab Prezident.

Bu gün aktuallığı ilə dünyada diqqət mərkəzində olan koronavirus pandemiyasına qarşı ölkəmizdə Sizin rəhbərliyinizlə aparılan işlər, virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər bütün xalqımız, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı bir çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır.

Meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyiniz diqqət və qayğı ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, kənd təsərrüfatı məhsullarının qıtlığının qarşısının alınmasına böyük köməkdir.

Cənab Prezident, Azərbaycan xalqını koronavirus təhlükəsindən qorumaq üçün ilk günlərdən atdığınız addımlar onu göstərir ki, Siz daim xalqın sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutursunuz. Uğurlu siyasətiniz nəticəsində Azərbaycanımızı dünyaya örnək göstərilə biləcək bir məmləkətə çevirmisiniz. Bu xalq Sizin rəhbərliyinizlə bir çox çətinliklərin öhdəsindən gəlib. Dünyanın qabaqcıl ölkələrində bu xəstəlik səbəbindən həyatın iflic olduğu dönəmdə Azərbaycanda hər şeyin öz axarı ilə davam etməsi Sizin sayənizdədir. Vaxtında verdiyiniz sərəncamlar, görülmüş təxirəsalınmaz tədbirlər virusun ölkəmizdə kütləvi yayılmasının qarşısını aldı.

Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq.

Gülağa İsgərdərov Zərdab rayonundan yazır:

Çox hörmətli cənab Prezident.

Bütün dünyada yayılan koronavirus pandemiyası çox təəssüf ki, ölkəmizə də sirayət etdi. Dünyanın ən güclü dövlətləri də bu virusla mübarizədə çətinlik çəkirlər. Bütün bunlara baxmayaraq, Sizin yorulmaz fəaliyyətiniz, pandemiya əlaqədar vaxtında qəbul etdiyiniz qərarlar, ilk günlərdən təhsil müəssisələrinin bağlanması nəticəsində Azərbaycanda infeksiyanın əhatə dairəsi digər ölkələrlə müqayisədə o qədər də geniş olmadı.

Şagirdlərin təlim-tərbiyəsi önəmli olduğu qədər, onların sağlamlığı da hər birimiz üçün çox vacibdir. Sizin sayənizdə bu gün ölkəmizdə uşaqlar sağlam və xoşbəxtdirlər.

Zərdab rayonunda da koronavirusla mübarizə tədbirləri yüksək səviyyədə təşkil olunur, həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına ciddi riayət edilir.

Cənab Prezident, inanırıq ki, biz birlikdə tezliklə bu çətinliyi dəf edəcək və yeni-yeni uğurlara imza atacağıq.

Azərbaycanımızın uğurlu gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

“Grand Motors” MMC-nin idarə heyətinin sədri Rüfət Məcidov yazır:

Möhtərəm cənab Prezident.

Sizin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respubilkasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamınıza əsasən “Grand Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi yardım ayrılmış, işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi cəmiyyətimizin bank hesabına köçürülmüşdür. Həmçinin cəmiyyətimizin elektron ünvanına daxil olan bildirişdə maddi yardımın 2020-ci ilin may ayında da veriləcəyi qeyd edilmişdir.

Azərbaycan Respublikasında yayılmış pandemiyanın vurduğu ziyanın aradan qaldırılması istiqamətində apardığınız siyasət, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə ayırdığınız diqqətə görə şirkətimizin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Cənab Prezident, Sizə bir daha yüksək ehtiramımızı və xoş arzularımızı çatdırırıq.

Şirvan şəhərindən Samid Əmirəliyev yazır:

Möhtərəm cənab Prezident.

Dünyanı saran pandemiya (COVID-19) bir çox ölkələrdə böyük fəsadlara, tələfata, insanların aclıq içində yaşamasına, iqtisadiyyatın zəifləməsinə səbəb olub. Bu virusun əksər ölkələrdə sürətlə yayıldığı halda, Sizin uğurlu siyasətiniz və tapşırıqlarınız nəticəsində onun ölkəmizdə genişlənməsinin qarşısı alındı. Siz bununla bir daha sübut etdiniz ki, Azərbaycan güclü dövlətdir və onun güclü iqtisadiyyatı vardır.

Cənab Prezident, mən Sizinlə fəxr edir, Sizə minnətdarlığımı bildirir, Zati-alinizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə