Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Baxışov Vəli Famil oğlu, Quliyeva Esmira Mustafa qızı, Hüseynov Talıb Tahir oğlu, Quliyev Mürsəl Azay oğlu, Quliyev Məhəmməd Qurban oğlu, Ağcabədi Rayon Meliorasiya İdarəsinin əməkdaşları yazır:
Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. “Taclı virus” adlandırılan COVID-19 infeksiyası dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olaraq hökmranlıq etsə də, ölkəmizə ciddi ziyan vura bilmədi. Bu, bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Həm də onu göstərdi ki, ölkəmiz əmin əllərdədir. Xalqımız da gedən proseslərdən qürurlanır.
Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Bakı şəhəri, Pirallahı rayonundan Sevda Alxasova:
Möhtərəm və dəyərli Prezidentimiz.
Əvvəlcə onu deyim ki, ailəmin və yaşadığım Pirallahı rayonu 168 saylı məktəbin müəllim kollektivinin Sizə və ailənizə bu müqəddəs Ramazan ayında duaları vardır.
Pandemiyanın ilk vaxtlarında çox təlaşlı günlər yaşadım. Ermənilərin Qarabağda Şuşa və Laçını işğal edərkən Alazan tipli raketlərlə evlərimizi bombaladığının şahidi olmuşam. Körpələrimi götürüb evimizin zirzəmisində qalmışam, ancaq qorxmamışam. Bu gözəgörünməz düşməndən çox qorxdum. Televizorda xəbərləri izləyəndə Sizin çox möhtəşəm, inamlı və qürurverici nitqiniz, dəyərli Birinci vitse-prezidentimiz Mehriban xanımın müraciəti mənə bir ümid, təsəlli oldu. “Uca Allahımıza şükür olsun!”, - deyərək əmin oldum ki, ölkəmizin taleyi etibarlı əllərdədir. Ulu Öndərimizin yaratdığı müasir müstəqil Azərbaycan onun şah əsəridir. Siz isə bu şah əsərin növbəti layiqli səhifələrini yazan ədalətli, mətin və mübarizələrdən qalib çıxmağı bacaran Lidersiniz.
Cənab Prezident, Siz hadisələri gecə-gündüz nəzarətdə saxlamaqla, lazımi tapşırıqlar verməklə bu bəlanın təsirlərini minimuma endirə bildiniz və hər bir vətəndaşınızın yanında olmağı bacardınız. Mən və eləcə də mənim kimi minlərlə insan Sizin bu xeyirxah əməllərinizin canlı şahidləriyik. Bütün bunları saymaqla bitirmək, bir məktuba sığdırmaq mümkün deyil. Bu gün dünyaya meydan oxuyan pandemiya göydə Uca Allahımızın, yerdə Sizin sayənizdə Azərbaycanda tüğyan edə bilmədi. Nə yaxşı ki, varsınız...
Allah Sizi və ailənizi, Azərbaycanımızı qorusun.
Salyan rayonundan Tehran Ağabəyova:
Çox hörmətli cənab Prezident.
Ölkəmizin koronavirus pandemiyası ilə üz-üzə olduğu bir dövrdə Sizin uzaqgörən siyasətiniz və verdiyiniz qərarlar nəticəsində dövlətimiz bu sınağın da öhdəsindən məharətlə gəlməkdədir. Bütün dünya ölkələrindəki kimi, bizim səhiyyəmiz də hazırda çətin bir sınaqla üz-üzə qalmışdır. Bu sınaqdan ən yaxşı şəkildə, uğurla çıxmaq üçün ölkəmizin bütün tibb işçiləri səfərbər olmuşlar. Mən bir həkim kimi məsuliyyətimi dərk edərək ailəmi və iki azyaşlı övladımı evdə qoyaraq xəstələrimizi müalicə etmək məqsədilə Astara rayon Mərkəzi Xəstəxanasına ezam olundum. Sizin göstərişinizlə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün yüksək təchizatla təmin olunmuş xəstəxanada yaradılan şərait, göstərilən diqqət və qayğının şahidi oldum. Bütün bu gördüklərim dövlətimi, xalqımı, Prezidentimi sevən bir həkim kimi mənə mənəvi güc verdi. Bu çətin dövrdə Sizin də yanımızda olmağınız, bizə dəstək verməyiniz, çıxışlarınızla, müraciətlərinizlə, mükafatlarınızla səhiyyə işçilərimizi dəyərləndirməyiniz bizim ruh yüksəkliyimiz üçün ən böyük amildir.
Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir həkim kimi Sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə yeni nailiyyətlər arzulayıram.
Tarverdi Tarverdiyev Yardımlıdan yazır:
Hörmətli cənab Prezident.
Mən fəxr edirəm ki, azərbaycanlıyam. Müstəqil dövlətim var və dövlətimin də rəhbəri cənab İlham Əliyevdir. Bir ziyalı kimi yaşadığım ərazinin əhalisi adından Sizə təşəkkür edir və minnətdarlığımızı bildirirəm. Son hadisələrdə bir daha sübut etdiniz ki, doğrudan da hər bir vətəndaşın Prezidentisiniz və daim onların qayğısına qalırsınız. Ona görə də icazə verin ki, Sizi xalqımızın "Qayğıkeş Prezident"i adlandırım və bir daha təşəkkürümü bildirim.
Qobustandan Əlisəfa Cəbiyev yazır:
Möhtərəm cənab Prezident.
Biz uzun illərdir ki, Sizin Azərbaycan xalqının rifahı naminə ardıcıl olaraq həyata keçirdiyiniz tədbirlərin, gördüyünüz işlərin uğurlu nəticələrinin şahidiyik. Sizin çevik və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan dünya birliyində söz sahibinə çevrilmişdir. Dünyanı cənginə almış koronavirus pandemiyasının bir sıra böyük dövlətləri iflic vəziyyətinə saldığı göz qabağındadır.
Cənab Prezident, Sizin xalqımızı bu bəladan qorumaq üçün həyata keçirdiyiniz çoxşaxəli qabaqlayıcı tədbirlər öz bəhrəsini verir, ölkəmizdə bu dəhşətli virusa yoluxma hallarının məhdudlaşdırılmasına etibarlı təminat yaradır. Xalqımız bu həssas vaxtda hər bir insana qarşı qayğınızı hiss edir və dəyərləndirir.
Hörmətli cənab Prezident, dünyada müxtəlif vaxtlarda baş verən iqtisadi böhranlar Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycanımıza təsirsiz olmuşdur. İnanırıq ki, Siz uzaqgörən siyasətinizlə xalqımızı çətin imtahan olan koronavirus bəlasından da uğurla çıxaracaqsınız. Azərbaycan xalqının rifahı naminə sərf etdiyiniz gərgin əməyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu Tanrı Sizə yar olsun. Biz Sizinlə güclüyük!
Bakıdan pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev yazır:
Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Siz çıxışlarınızın birində dediniz: “Burada biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı”. Məhz bu seçiminiz bütün xalqımızı ruhlandırdı.
Bu infeksiyanın sərhədlərimizə çatdığı ilk gündən Sizin təşəbbüsünüzlə Nazirlər Kabineti yanında Operativ Qərargah və Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Ölkəmizdə qısa müddətdə tibbi maska istehsalı müəssisəsi açıldı. Azərbaycanda koronavirusla mübarizədə işsiz şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsi, əhalinin həssas qrupuna aid tələbələrin təhsil haqqının dövlət hesabına ödənilməsi, tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi və digər tədbirlər bütün xalqımız tərəfindən bəyənilir. Həmçinin Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı insanları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir.
Möhtərəm cənab Prezident, zaman göstərdi ki, əgər Siz vaxtında bu tədbirləri görməsəydiniz, indi bizi ölkəmizdə vəziyyət daha çətin ola bilərdi. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir.
Biz ziyalılar da çağırışlarınıza qoşularaq evdə qalır, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Sizin rəhbərliyinizlə bu sınaqdan da zəfərlə çıxacaq. Siz “Biz birlikdə güclüyük!” deyirsiniz, biz isə “Biz Sizinlə güclüyük!” deyirik. Xalqımızın fıravanlığı üçün yorulmadan çalışdığına görə Sizin ən yaxın silahdaşınız Mehriban xanım Əliyevaya da təşəkkür edirik.
Bakıdan 268 nömrəli xüsusi məktəbin müəllim kollektivi yazır:
Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə 268 nömrəli xüsusi məktəbin şagird və müəllim kollektivi Sizə təşəkkürünü bildirir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də təhsildir. Biz müəllimlər Sizin bu sahədə gördüyünüz işlərin real şahidi olduq. 2017-ci ildə məktəbimizi müasir tələblərə cavab verən təhsil ocağına çevirərək təmir etdirib açılışında şəxsən iştirakınız bizə və daim qayğıya ehtiyacı olan şagirdlərimizə nə dərəcədə sevinc bəxş etdiyinizi sözlə ifadə etmək çətindir. Buna görə Sizə minnətdarıq.
Hörmətli cənab Prezident, Sizin və Mehriban xanımın müəllimlərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz bütün işlər, atdığınız bütün addımlar təqdirəlayiqdir. Ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə müəllim kollektivi olaraq Sizə öz minnətdarlığımızı bildiririk. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyünüz işlərin miqyası nə qədər böyükdürsə, əhəmiyyəti də o qədər çoxdur. Buna görə xalq Sizi sevir və dəstəkləyir. Vaxtında atdığınız uğurlu addımlar və verdiyiniz müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib çıxacağıq. Sizə və ailənizə təşəkkür edirik.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsinin kollektivindən:
Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması və sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi üçün pandemiyadan zərər çəkmiş sahələrdə çalışan işçilərin əmək haqqının ödənilməsinə, əhalinin sosial cəhətdən həssas təbəqəsinə yardım edilməsinə, eləcə də, iqtisadiyyatın qorunması istiqaməti üzrə verdiyiniz tapşırıqlar ölkəmizin bu bəladan ən az itkilərlə çıxması ilə nəticələnmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsinin işçi heyəti olaraq indiki bu ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Bakının Səbail rayonundan Ruslan Abışov yazır:
Möhtərəm cənab Prezident.
Mən, "Azneft" İB-nin Bibiheybət Neft və Qazçıxarma İdarəsində çalışıram. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir. Ulu öndər Heydər Əliyev demişdir: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”. Bu şüara sadiq qalan neftçilər, səbirlə, fədakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz neftçilərə ən gözəl örnək, ən xeyirxah insan Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Siz öz çıxışlarınızda daim vurğulayırsınız: “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və Vətən övladının nəbzi ilə bir vurdu.
Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyi ilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxacağıq. Çünki biz birlikdə güclüyük. Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır.
“Zirvə” liseyinin direktoru Xəzər Babayev Xırdalandan yazır:
Möhtərəm cənab Prezident.
Ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Sizin uzaqgörən və çevik qərarlarınızla dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür. Sizin tapşırıqlarınız əsasında dövlət və özəl sektora böyük dəstək verilir, məqsədyönlü yardım tədbirləri həyata keçirilir. Əminik ki, pandemiyadan zərər çəkən sahələrə göstərilən diqqət onların mövcud vəziyyətdən zərərsiz çıxmaları üçün həlledici rol oynayacaqdır.
Cənab Prezident, Xırdalan şəhərində yerləşən “Zirvə” liseyinə dövlət büdcəsindən ayrılmış maliyyə yardımına görə şirkətimizin kollektivi adından Sizə xüsusi minnətdarlığımızı bildiririk.
Apardığınız uğurlu siyasətinizi dəstəkləyir, ölkəmizdə həyatın tezliklə öz axarına düşəcəyinə və Azərbaycanın bu inkişaf yolunda daha böyük zirvələrə doğru uğurla addımlayacağına inanırıq.
“Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin Qaradağ rayon təşkilatının sədri Rahib Eyvazov yazır:
Möhtərəm cənab Prezident.
Hazırda dünyada koronavirus pandemiyasının geniş vüsət aldığı bir dönəmdə yaşayırıq. Bu çətinlik bütün dünya ölkələri kimi, Azərbaycanda da yaşanmaqdadır. Buna baxmayaraq, Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi itkilərimizin başqa ölkələrlə müqayisədə daha az olmasına gətirib çıxardı.
Məhz Sizin göstərdiyiniz səylər nəticəsində ölkəmizdə bu virusun qarşısı vaxtında alındı. Səmərəli qabaqlayıcı tədbirlərin görülməsi, “Evdə qal!” çağırışınız, əhalinin daha sıx toplaşdığı məkanların bağlanması, bütövlükdə, ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi bunun əyani sübutudur. Atdığınız məqsədyönlü addımlar bir daha sübut etdi ki, Siz və Mehriban xanım Əliyeva daim xalqın yanındasınız. Xalqımızın evdə qaldığı müddətdə insanlara göstərdiyiniz maddi və mənəvi dəstəyə, onların rifahının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayırdğınız vəsaitə görə çox sağ olun. Gördüyünüz işlər, atdığınız addımlar ulu öndər Heydər Əliyevin başlatdığı işlərin davamıdır. Azərbaycan Sizinlə gözəldir, cənab Prezident!
Hörmətli cənab Prezident, biz Sizinlə fəxr edirik. Biz birlikdə güclüyük! Daim var olun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB