"Sizin "Biz birlikdə güclüyük!" şüarınıza sadiqik" - PREZİDENTƏ YAZIRLAR
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanovdan:
Hörmətli cənab Prezident.
Rusiyada yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirirəm və mübarək Ramazan ayının gəlişi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu müqəddəs ay İslam dininin ümumbəşəri dəyərlərinə xas olan dərin məna kəsb edir: insanın təkmilləşmək cəhdi, fədakarlıq, xeyirxah işlər görməyə hazır olmaq, ehtiyac duyanlara kömək etmək.
Sizin iqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə ölçülüb-biçilmiş və məqsədyönlü siyasətiniz, ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanan idarəçilik təcrübəniz, insanlara sistemli və ardıcıl diqqət və qayğı xalqa bağlılığınızın və sevginizin parlaq təzahürüdür. Sizin təşəbbüsünüzlə ölkəmizdə həyata keçirilən təxirəsalınmaz və səmərəli tədbirlər öz bəhrəsini verir.
Bu gün doğma Azərbaycanımız pandemiya, bütün dünyanı bürümüş iqtisadi böhran təhlükəsi kimi ciddi sınaqlarla üzləşib və yalnız Sizin rəhbərliyinizlə vaxtında görülmüş operativ tədbirlərin sayəsində hazırda Azərbaycanda koronavirusa qarşı səmərəli mübarizə aparılır. Sizin sayəsində vətəndaşların sağlamlığının qorunması və pandemiyanın yayılmasının qarşısının alınması üçün hər cür səy göstərilir: xalqa, əhalinin imkansız təbəqələrinə mənəvi və maddi yardım edilir, kiçik və orta biznes dəstəklənir, xəstəxanalar modernləşdirilir, çətin vəziyyətə düşmüş bütün insanlara kömək edilir.
Bütün Azərbaycan xalqı kimi, biz də görülmüş tədbirləri yüksək qiymətləndirir və azərbaycanlılara göstərdiyiniz qayğıya görə sizə minnətdarlığımızı bildiririk.
İnanırıq ki, Sizin müdrik rəhbərliyinizlə xalqımız üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələcək, “XXI əsrin taunu”na mütləq qalib gələcək.
Biz birlikdə güclü və məğlubedilməzik!
Bu müqəddəs ayda Sizə və bütün Azərbaycan xalqına cansağlığı, səbir, sülh və firavanlıq arzu edirik. Ulu Tanrı Sizi, ailənizi əzizlərinizi qorusun.
Yevlax rayonundan Fərid Vaqifli yazır:
Hörmətli cənab Prezident.
Bu məktubu Sizin məqsədyönlü siyasi xəttinizi özünə məktəb bilən gənclərin adından yazıram. Bütün dünyanı bürümüş koronavirus Azərbaycandan da yan keçmədi. Lakin güclü dövlətlərin böyük insan tələfatı ilə üzləşdiyi halda Sizin sayənizdə ölkəmiz az itki ilə pandemiyadan qurtulmaq üzrədir. Məhz Sizin ciddi tapşırıq və nəzarətiniz virusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı.
Epidemiyanın sürətlə yayıldığı ölkələrdə yaşayan və təhsil alan vətəndaşlarımızı çarəsiz vəziyyətdən məhz Sizin xeyirxahlığınız çıxartdı. Qısa zaman kəsiyində ölkəmizdə tibbi maska istehsalının təşkili də Sizin əzmkarlığınız sayəsində oldu. Xəstələrin bütün ehtiyacı dövlət tərəfindən ödənildi.
Xalqımız bir daha əmin oldu ki, seçimində yanılmayıb. Sizin kimi yüksək idarəçilik qabiliyyətinə malik, Azərbaycan vətəndaşının rifahını hər şeydən üstün tutan bir rəhbərlə biz bütün çətinliklərin öhdəsindən gələrik.
Cənab Prezident, Siz biz gənclərin idealısınız. Biz Sizin yaratdığınız məktəbin tələbələriyik və bununla fəxr edirik. Allah Sizi qorusun.
Şamaxı şəhərindən Almas Baloğlanova:
Hörmətli Prezidentim.
Bir ağbirçək ana kimi Sizə və Mehriban xanıma şəxsən öz adımdan və ailəmin adımdan dərin minnətdarlığımı bildirirəm. Siz artıq Azərbaycan xalqının ümid yeri, pənah gətirdiyi insansınız. Şükürlər olsun ki, uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Mən - ağbirçək bir ana hər dəfə namaz qılanda Sizə saatlarla dualar edirəm. Allah Sizə bu məsuliyyətli işlərinizdə kömək olsun.
Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş vermisiniz. Sizin xalqımıza göstərdiyiniz qayğılar nəticəsində mənim kimi ahıl şəxslər də sosial qayğı ilə hərtərəfli təmin olunurlar.
Mən SSRİ dövrünü və ondan sonrakı - ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməmişdən qabaqkı dövrləri yaxşı xatırlayıram. O zamanlar pensiyanın, verilən bütün sosial ödənişlərin su, qaz, işıq kimi kommunal xidmətlərə yetmədiyinin şahidi olmuşam. Hazırda isə yaşa görə verilən təqaüd həm qaz, işıq, su kimi kommunal xidmətlərdən istifadə üçün, həm də rifahımız üçün yetərlidir. Biz yaşlı nəslə dəstəyinizi daha aydın görür, öz növbəmizdə Sizin siyasətinizi alqışlayırıq.
Mən 81 yaşlı ağbirçək ana olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizinlə fəxr edir.
Balakən Suvarma Sistemləri İdarəsinin mühasibi Elxan Bodurov yazır:
Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, eləcə də iqtisadiyyata, sosial sahəyə dəymiş zərərin minimuma endirilməsi üçün pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsinə, fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə, əhalinin sosial cəhətdən həssas təbəqələrinə yardım edilməsinə, habelə iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqaməti üzrə qəbul etdiyiniz operativ və düşünülmüş qərarlar bu gün ölkəmizin bu sınaqdan ən az itkilərlə şərəflə çıxmasına səbəb olmuşdur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Balakən Suvarma Sistemləri İdarəsinin işçi heyəti olaraq bizləri öz ailəniz kimi qoruduğunuz, həmişə çətin, dar günlərdə güclü bir Lider olaraq xalqımızın, millətimizin yanında olduğunuz üçün Sizə minnətdarlığımızı bildiririk.
Qubadlı rayonundan Fuad Bədəlov yazır:
Möhtərəm cənab Prezident.
Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə sahəsində vətəndaşların sağlamlığını düşünərək görülən tədbirlərin yüksək səviyyədə təşkilinə görə bir təhsil işçisi kimi Sizə öz minnətdarlığımı bildirirəm. Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Siyasətinizin əsasını həmişə vətəndaş amili, xalqına, dövlətinə yorulmadan göstərdiyiniz xidmət təşkil edir. Bu yolda Sizə uğurlar arzulayıram.
Cənab Prezident, qeyd etmək istəyirəm ki, Sizin "Biz birlikdə güclüyük!" şüarınıza sadiq olaraq biz hər zaman Sizinləyik. Allah Sizi qorusun.
Gəncə şəhərindən Rəfiqə Qurbanova yazır:
Hörmətli cənab Prezident.
Sizə bütün şəhid bacılarının adından təşəkkürümü bildirirəm. Siz Azərbaycan xalqına böyük qayğı göstərirsiniz. Bizim qardaşlarımız Vətən yolunda şəhid olublar, lakin biz özümüzü qardaşsız, arxasız hiss etmirik. Çünki Sizin diqqətinizlə, qayğınızla əhatə olunmuşuq.
Qəsəbəmizdə yaşayan aztəminatlı ailələr bu günlərdə yardımlarla təmin olunurlar. Onlar bir daha əmin oldular ki, dövlətimiz hər an onları düşünür.
Ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirirəm. Dualarımız Sizinlədir.
Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov yazır:
Çox hörmətli cənab Prezident.
Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, qayğıkeşliyi, humanistliyi ilə örnək olan Sizin kimi Prezidenti var. Mən bir neçə dəfə Sizin ictimaiyyət nümayəndələri ilə görüşünüzdə olmuşam. Sizin qayğıkeşliyiniz, sadəliyiniz, insanlara verdiyiniz yüksək dəyər qəlbimdə böyük qürur hissi yaradıb.
Bu gün dünyanı bürüyən koronavirus pandemiyası respublikamızdan da yan keçməyib. Hər gün dünyada yüzlərlə insan bu pandemiyanın qurbanı olur. Koronavirus pandemiyasına qarşı gördüyünüz qabaqlayıcı tədbirlər xalqımızı bu bəladan xilas etməkdədir. Karantin rejimi dövründə işləməyənlərə birdəfəlik yardımların verilməsi Sizin xalqımıza göstərdiyiniz qayğının növbəti nümunəsidir.
Hörmətli cənab Prezident, Qubadlı rayonunun əhalisi Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və Sizin ətrafınızda sıx birləşib. Gördüyünüz işlərə görə rayonumuzun ağsaqqalları adından Sizə təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Allah Sizi və ailənizi qorusun.
Salyandan Nilufər Bəşirova yazır:
Hörmətli cənab Prezidentimiz.
Mən bu məktubu yazmağı bir vətəndaş olaraq özümə borc bildim. Bu gün dünyanın 200-dən çox ölkəsində yayılan COVİD-19 pandemiyası ilə üz-üzə qalan Azərbaycan digər ölkələrlə müqayisədə çox az itki vermişdir. Bu Sizin vaxtında Nazirlər Kabinetinə verdiyiniz qabaqlayıcı göstəriş və gördüyünüz tədbirlərin sayəsində mümkün olmuşdur. Sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejimi, səhiyyə ocaqlarındakı qaynar xətlər, virusla bağlı maarifləndirmə işləri xalqımızı nə qədər düşündüyünüzün bariz nümunəsidir. Sosial rifahın inkişafı üçün maddi dəstəyiniz əvəzolunmazdır. Karantin rejimi əvvəl hamıda çaşqınlıq yaratsa da, bu gün hamı bu addımın nə qədər doğru qərar olduğunu anlayır. Xalqına daim arxa, dayaq bir Prezidentinin olması qürurvericidir. Belə çətin günlərdə maddi və mənəvi dəstəyiniz üçün mən şəxsən öz adımdan və işlədiyim Salyan rayon Arbatan kənd tam orta məktəbinin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm. Birliyimiz və Sizin uğurlu fəaliyyətiniz daimi olsun. Sizi sevirik.
Ləzgiyev İlyas Xıdır oğlu, şəhid atası, Hüseynov Səfər Qənahət oğlu, Qarabağ müharibəsi əlili, Məmmədov Bayram Əmrah oğlu, 1-ci qrup əlil, Yusifova Ədalət Tağı qızı, əmək veteran İbrahimova Xurşid Məmməd qızı və başqaları Samux rayonundan yazır:
Hörmətli cənab Prezident.
Azərbaycan Prezidenti kimi ölkəmizin bütün sahələrdə inkişafı, xalqımızın sağlam və gümrah olması üçün böyük işlər görürsünüz. Siz və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikilməsinə böyük diqqət göstərirsiniz. Siz gördüyünüz işlərlə bütün Azərbaycan xalqı kimi, Samux rayonunun Sərkar kəndinin ağsaqqallarının və ziyalılarının da rəğbətini qazanmısınız.
Bu yaxınlarda 6 minə yaxın əhalisi olan Sərkar kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə üçmərtəbəli, 800 yerlik məktəb binasının və 100 yerlik uşaq bağçasının tikintisinə başlanılması sakinlərin böyük sevincinə səbəb oldu.
Siz dünyanı bürüyən koronavirus bəlasından xalqımızı xilas etmək və onun sağlamlığını qorumaq üçün gecə-gündüz çalışırsınız. Bu günlərdə Sizin və Mehriban xanımın kəndimizdə imkansız ailələrə, əlillərə, qocalara, şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrinə etdiyiniz bu yardımlara görə Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, bizim sağlamlığımızın keşiyində müdrik və uzaqgörən Prezidentimiz dayanır. Ulu Tanrı Sizi və Mehriban xanımı qorusun.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyev yazır:
Hörmətli cənab Ali Baş Komandan.
Sizin koronavirusa qarşı vaxtında atdığınız addımlar, gördüyünüz qabaqlayıcı tədbirlər öz bəhrəsini verməkdədir. Dünyanın inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyətin bizdə yaşanmaması Sizin birbaşa fəaliyyətinizlə bağlıdır. “Biz birlikdə güclüyük!” çağırışınızın əks-sədası hər evdən, hər eldən keçərək möhkəmləndi, gücləndi və bütün xalqımızı Sizin ətrafınızda birləşdirdi. Allahın köməyi və Sizin rəhbərliyiniz ilə biz bu bəladan daha az itkilərlə xilas olaraq normal həyata qayıdacağıq. Ona görə də Sizə uzun ömür və cansağlığı arzu edirik.
Arzu edirik ki, bu milli birliyi daha da gücləndirərək, işğal olunmuş Qarabağ torpaqlarını azad edək. Biz - tovuzlu Qarabağ əlilləri və müharibə veteranları Sizin yürütdüyünüz daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. İnanırıq ki, azğınlaşmış erməni qəsbkarlarını Sizin bir əmrinizlə torpaqlarımızdan qovacaq, ərazilərimizi azad edəcəyik.
Əmin olun ki, biz əlillər və müharibə veteranları səhhətimizi və yaşımızı yaddan çıxararaq Sizin əmrinizi qanımızla, canımızla yerinə yetirəcəyik.
Bu yolda Sizə uğurlar, qələbələr və torpaqlarımızın bütövlüyünü arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB