Millət vəkili Sabir Rüstəmxanlının “Difai fədailəri” kitabının təqdimat mərasimi keçirilib

Millət vəkili Sabir Rüstəmxanlının “Difai fədailəri” kitabının təqdimat mərasimi keçirilib
Bu gün Qarabağ İctimai Forumunun təşkilatçılığı ilə Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqının çox önəmli və şərəfli sahələrindən birinə- 1905-1907-ci illərdə ölkəmizdə, eləcə də Cənubi Qafqazda baş verən hadisələrin üzərinə işıq salan "Difai fədailəri" kitabının təqdimat mərasimi keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Milli Məclisin deputatı Qənirə Paşayeva, tənqidçi, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Rəhim Əliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı və digər ictimai xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BAMF sədri Umud Rəhimoğlunun sözlərinə görə, "Difai fədailəri" kitabı çox maraqlı kitabdır və bu kitabı oxuyarkən həyacanlanmamaq mümkün deyil. "Başımıza gələn faciələrin kitabda işıq üzü görməsi bizi çox sevindirir. Bu kimi kitablar universitetlərə, məktəblərə ümumiyyətcə, cəmiyyətə çatdırılmalıdır".

Tədbirdə söz alan tənqidçi, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Rəhim Əliyev bildirib ki, bu kitab bizim üçün çox dəyərlidir. R.Əliyev qeyd edib ki, kitabda tarixçilərimizin maraqlı dialoqları var və "Difai fədailəri" kitabı bizə maariflənməkdə kömək olur.

Çıxışı zamanı Milli Məclisin deputatı Qənirə Paşayevanın söylədiyinə görə, "Difai fədailəri" kitabındakı yazılan məsələləri daha öncə bilsəydik, başımıza bu cür faciələr gəlməzdi. Millət vəkilinin fikrincə, bu cür romanlar əsnasında tariximizin keçmişini bilirik və hər bir azərbaycanlı öz keçmişini xarici ölkələrdə də tanıtmalıdır.

Qeyd edək ki, tədbirin sonunda qonaqlar kitab haqqında öz fikir və rəylərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə