Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Tərifə İsmayılova Lənkəran şəhərindən yazır:
Hörmətli cənab Prezident.
Ali təhsil almış oğlumun işlə təmin edilməsinə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Hazırda oğlum işləyir, xalqına xidmət edir, həm də ailəsini maddi baxımdan təmin edir.
Koronavirus pandemiyasına qarşı mübarizənin aparıldığı bir vaxtda oğlumun işlə təmin olunması Sizin bütün qüvvələri səfərbər edərək, heç bir sahəni nəzarətsiz qoymadığınızı göstərir.
Cənab Prezident, Sizə dərin minnətdarlığımı bildirirəm. Hazırda ölkəmizdə hökm sürən sabitlik Sizin xalqın rifahı üçün həyata keçirdiyiniz işlərin təzahürüdür.
Bir daha Sizə “Çox sağ olun!” deyir, Ulu Tanrıdan tükənməz enerji, xoşbəxtlik arzulayırıq.
Cəbrayıl rayonu, Hovuslu kənd sakini Köçəri Tumasov:
Möhtərəm və əziz Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev.
Sizin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz 17 il ərzində sürətlə inkişaf edən Azərbaycanın bütün istiqamətlər üzrə müasirləşməsindəki real fəaliyyətinizlə öz təsdiqini tapıb. COVID-19 pandemiyası dövründə bir daha bütün Azərbaycan vətəndaşlarına açıq-aydın bəlli oldu ki, Siz nəinki hər bir azərbaycanlının Prezidenti, həmçinin hər bir azərbaycanlı ailəsinin doğması, əzizi, dayağı, dəstəyi, güvən yeri, istinadgahısınız.
Cənab Prezident, hər zaman xalqımıza dayaq olduğunuz üçün Sizə həm öz adımdan, həm də ailəmizin adından təşəkkürümü bildirirəm.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Siz Ulu Öndərin daxili və xarici siyasət strategiyasını layiqincə davam etdirirsiniz. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gordüyünüz bütün işlərdə Sizə müvəffəqiyyətlər arzulayıram. Var olasınız. Var olasınız ki, Azərbaycanımızı daha yüksəklərə ucaldasınız. Var olasınız ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Qarabağımızda bayrağımızı dalğalandıraq.
Dünyamıza, ölkəmizə, Sizə və doğmalarınıza sağlıq və bir daha sağlıq diləyirik.
Mailə Hacıyeva Salyan şəhərindən yazır:
Hörmətli Prezidentim.
Sizə bu günün gənci, sabahın valideyni kimi yazıram. Pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınmasında gördüyünüz qabaqlayıcı tədbirlərə, xüsusən də bunun üçün ayırdığınız maliyyə vəsaitinə, həkimlərin və bu işdə əməyi olan hər kəsin əməkhaqqının qaldırılmasına, ehtiyacı olan ailələrə edilən yardımlara və digəri nümunəvi addımlara görə Sizə minnətdarlığımı bildirirəm.
Dünyanın hətta ən inkişaf etmiş ölkələrinin prezidentləri əhali ilə birbaşa təmasdan imtina etdikləri bir vaxtda Siz və çox hörmətli Mehriban xanım durmadan xalq üçün çalışmaqla bərabər, səfərlərdə, açılışlarda oldunuz. Buna görə Sizə səmimi təşəkkürlərimi bildirirəm. Sizin vaxtında verdiyiniz düzgün qərarlar sayəsində biz hazırda bu bəladan az itki ilə, alnıaçıq çıxmağa hazırlaşırıq. Dünya statistikasına nəzər salsaq, bunun bizim kimi gənc dövlət üçün çox böyük bir uğur olduğunu görərik. Bu çətin dövrdə bir daha nümayiş etdirdiniz ki, biz bir-birimizə yetərik və biz birlikdə güclüyük. Biz Sizə hər zaman güvənirik, xalqımız Sizinlə güclüdür, cənab Prezident!
Gəncədən Elnur Həmidov:
Hörmətli Cənab Prezident.
Əvvəla Sizi salamlayır və bu məktubumla Sizə dərin təşəkkürümü bildirirəm. Dünyanı bürüyən pandemiya dövründə Sizin və Mehriban xanım Əliyevanın hər zamankı kimi xalqın yanında olmağınız məni də qürurlandırdı. Ulu öndərimiz Heydər Əliyev kimi, məhz Sizin də düşünülmüş iqtisadi, siyasi, sosial addımlarınız bu gün ölkəmizdə firavan həyat sürməyimizə imkan yaradıb. Hazırda Sizin tapşırığınıza əsasən dövlətin bütün imkanları xalqımızı bu bəladan qorumağa və yarana biləcək sosial problemlərin həllinə yönəlib. Bu gün bir daha gördük ki, Prezident-xalq vəhdəti sarsılmazdır.
Cənab Prezident, əminik ki, Sizin qətiyyətli addımlarınız, xalqımıza qayğınız sayəsində bu sınaqdan da üzüağ çıxacağıq.
Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident! Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məscidinin imamı, kənd dini icmasının sədri Elman Piriyev:
Möhtərəm cənab Prezident.
Hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi və qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə icra edilən operativ işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bütün sahələrdə olduğu kimi, dindarlar da Sizin daimi diqqət və qayğınızı daim hiss edirlər. Azərbaycan dindarları da xüsusi karantin rejiminin qaydalarına riayət edirlər. Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, Sizin sayənizdə ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxs ruhdan düşmür, gələcəyə inamla baxır. Bunlar Sizə olan etibardan qaynaqlanır. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək.
Cənab Prezident, bütün çətin zamanlarda bizlərin yanında olduğunuza və göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Tanrı Sizləri qorusun.
Göyçay rayonu, Bığır kənd sakini Elton Məmmədov yazır:
Hörmətli cənab Prezident.
Siz ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək, müstəqil Azərbaycanımızı gücləndirirsiniz. Ölkəmizin gələcəyinə həssas yanaşmağınız sayəsində pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respubilkasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar biz valideynlər tərəfindən çox yüksək qiymətləndirilir.
Cənab Prezident, pandemiya ilə mübarizədə göstərdiyiniz fədakarlıq tarixə qızıl hərflərlə yazılacaq. Bizimlə yaxından maraqlandığınız, bizə qayğı göstərdiyiniz və hər bir zaman olduğu kimi, yenə də vətəndaşlarımızın rifahı naminə qərarlar verdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Tural Nərimanov Bərdə şəhərindən yazır:
Əziz və dəyərli Prezidentimiz.
Bu gün bütün dünya ölkələri koronavirusdan həm mənəvi, həm maddi, həm də sağlamlıq cəhətdən əziyyət çəkməkdədir. Lakin Sizin yerində və zamanında verdiyiniz müdrik göstərişlər nəticəsində bizim Azərbaycanımızdan bu bəla ötüb keçməkdədir. Bunun bir səbəbi də xalqın öz Prezidentinə göstərdiyi yüksək etimaddır.
Siz dediyiniz kimi, biz birlikdə güclüyük. Bu, aprel döyüşlərində də, pandemiyaya qarşı mübarizədə də özünü göstərdi. Bəli, xalq və onun sevimli Lideri çiyin-çiyinə.
Cənab Prezident, biz hər an Sizinləyik və Sizi dəstəkləyirik. Sizin bizim üçün çəkdiyiniz əziyyətin fərqindəyik və buna görə Sizə minnətdarıq.
Biz gələcəyimizi Sizinlə görürük!
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev Bakı şəhərindən yazır:
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində koronavirusun geniş yayılmasının qarşısı alınıb, insanların sağlamlığının qorunmasına nail olunub. Bu gün Azərbaycanda koronavirus pandemiyası ilə ciddi mübarizə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür, post-pandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir.
Məhz Sizin müdrik və qətiyyətli qərarlarınız sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə diqqət artırılıb, əlavə dəyər zəncirinin yaradılması və həm daxili bazara, həm də xarici bazarlara hazır məhsulun təqdim edilməsi istiqamətində işlər sürətləndirilib. Pandemiyanın yarada biləcəyi iqtisadi böhrandan ləyaqətlə çıxmaq üçün yüz min hektarlarla torpaqların əkinə cəlb olunması, eyni zamanda, post-pandemiya dövründə su ehtiyatları üzrə riskləri uzaqgörənliklə qiymətləndirərək, tədbirlər görülməsi barədə verdiyiniz tapşırıqlar, imzaladığınız fərman və sərəncamlar kənd təsərrüfatının inkişafı baxımından hansısa problemin yaranmayacağına verilən ən böyük zəmanətdir.
Xalqımıza verdiyiniz dəyər və göstərdiyiniz qayğı nəticəsində yaxın zamanda ölkə olaraq bu pandemiyaya qalib gələcəyimizə əminik. Bu məsuliyyətli və çətin dövrdə Sizin siyasətinizi səmimi qəlbdən dəstəkləyir və uğurlarınızın davamlı olmasını arzulayırıq.
Biləsuvar rayonundan Böyükağa Əliyev yazır:
Hörmətli Prezident cənab İlham Əliyev.
Hər şeydən öncə belə çətin dövrdə, bu pandemiya şəraitində biz vətəndaşların qayğısına qaldığınıza görə Sizə ailəm adından minnətdarlıq edirəm.
Siz öz humanistliyinizlə bir daha sübut etdiniz ki, dövlət həmişə vətəndaşının yanındadır və biz vətəndaşlar, xüsusən də mən öz ailəmlə həmişə Sizi sevmişik, dəstəkləmişik, bu gün də, sabah da Sizinləyik. Biz görürük ki, ulu öndər Heydər Əliyev – o dahi şəxsiyyət əbədiyyətə qovuşsa da, onun pak ruhu daim Azərbaycan xalqı ilədir.
Bir daha Sizə ailəm adından təşəkkür edirəm, sağ olun, var olun. Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üstündən əskik etməsin.
Ceyhun Eminov Ağdaş rayonundan yazır:
Möhtərəm cənab Prezidentim.
Dünyanın yoluxucu xəstəliklə üz-üzə qaldığı və pandemiya səbəbindən bütün ölkələrin iqtisadiyyatlarında durğunluq yaşandığı bir dönəmdə Sizin həyata keçirdiyiniz düşünülmüş siyasətiniz nəticəsində iqtisadiyyatımızın dayanıqlılığının təmin olunması hər bir vətəndaşımızda, xüsusilə də gənclərdə böyük qürur hissi yaradıb. Ölkə iqtisadiyyatının, xüsusilə də sahibkarlıq subyektlərinin yarana biləcək risklərdən zərər görməməsi üçün həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir.
Həyata keçirdiyiniz tədbirlər arasında aztəminatlı və həssas təbəqədən olan ailələrin tələbə övladlarının 2020-ci il ərzində təhsil haqlarının dövlət tərəfindən ödənilməsi haqqında verdiyiniz tapşırıq və bu proqramdan 17 mindən çox tələbənin yararlanması bir tələbə olaraq məni çox sevindirdi. Siz Azərbaycan təhsilinə, Azərbaycan gəncliyinə davamlı diqqət və qayğı göstərirsiniz. Bu işdə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da danılmaz xidmətləri vardır.
Bütün bunlara görə bir gənc, bir tələbə olaraq Sizə təşəkkürümü bildirirəm. Sizinlə qürur duyur, fəxr edirik. Fəxr edirik ki, Sizin kimi rəhbərimiz var. Allah Sizi və xalqımızı qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB