"Sizin tövsiyələriniz bizim sağlamlığımız üçündür" PREZİDENTƏ MƏKTUB
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Bəylər Əzimov Bakıdan yazır:
Möhtərəm cənab Prezident.
Son günlər bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün həyata keçirilən sosial təcrid tədbirlərinə dəstək olaraq həmrəylik nümayiş etdirməyiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiyasına qarşı mübarizə çərçivəsində Sizin rəhbərliyinizlə respublikamızda qabaqlayıcı tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər həyata keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsi ilə əlaqədar “Evdə qal, həyatları xilas et!” çağırışı ilə yaşı 65-dən yuxarı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Azərbaycan gəncləri də Sizin atdığınız qətiyyətli addımları, xalqımıza göstərdiyiniz diqqəti və qayğını dəstəkləyirlər. Tibb işçilərimiz istər xəstəxanalarda, istərsə də karantində olan və müalicə alan vətəndaşlarımızla xüsusi maraqlanır, onların tezliklə sağalıb ailələrinin yanına qayıtmaları üçün əllərindən gələni edirlər.
Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyik. Mən gənclər adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın tərəqqisi naminə fədakar fəaliyyətinizdə uğurlar arzu edirəm.
Şəmkir rayonundan Müslüm Ağaliyev qeyd edir:
Hörmətli cənab Prezidentimiz İlham Əliyev.
Bu çətin zamanlarda xalqın yanında olduğunuza, koronavirusla mübarizədə çox önəmli qabaqlayıcı tədbirlər həyata keçirdiyinizə görə ailəmizin və doğmalarımızın adından Sizə təşəkkür edirik. Sizinlə çiyin-çiyinə çalışan, kiçiklərə sevgi, böyüklərə hörmətlə yanaşmaqla hər birimizə nümunə olan dəyərli Mehriban xanıma, öz pozitivliyi ilə gənclərimizə dəstək olan övladlarınıza cansağlığı arzu edirəm.
Dahi Ümummilli Lider, öz ideyaları ilə böyük bir siyasi məktəb qoyub getmiş ulu öndərimiz Heydər Əliyevin adı hər zaman qəlbimizdə ən yüksəklərdədir. Təbii ki, onun məktəbini keçmiş bir insan, xalqına sədaqətlə xidmət edən bir Prezident Sizin kimi olmalıdır. Mən Sizinlə fəxr edirəm. Siz ölkəmizi çox yüksək arenalarda layiqincə təmsil edir, atdığınız hər addımla Azərbaycanın adını daha yüksəklərə qaldırırsınız. Tutduğunuz şərəfli yolda Sizə uğurlar, xalqımıza xoşbəxt, firavan gələcək arzu edirəm. Biz Sizinləyik!
Cənab Prezidentimiz, ən böyük diləyim işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasıdır. Ana ocağımızı, ata yurdumuzu azad görmək istərdik. Ulu Tanrıdan hər gün bunu diləyirəm.
Ağdam rayonundan Mirəli Yusifov:
Hörmətli cənab Prezident.
Sizin son vaxtlar apardığınız islahatlar, amansız xəstəliyə qarşı qabaqlayıcı tədbirlər bizi qürurlandırdı, dünyanı heyrətə saldı. Ümummilli Liderimizin Sizin haqqınızda dediyi “Mən özümə inandığım kimi, ona da inanıram” sözlərini xatırladıqca Ulu Öndərimizin necə də haqlı olduğunu düşünürəm.
Cənab Prezident, xalqımız Sizi həqiqətən sevir və Sizə inanır. Allah Sizi qorusun, dünyanın qəza-qədərindən hifz etsin.
Cavid Səmədli Salyandan yazır:
Cənab Prezidentim.
Azərbaycanın əldə etdiyi uğurların əsas təminatçısı insan kapitalına, xüsusilə də yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclərə göstərilən diqqət və dəstəkdir. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir.
Siz bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi yolunda gənclərə böyük meydan verilməsinin daim tərəfdarı olmuş, onlara bunun üçün hər cür şərait yaratmışınız. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişafı prosesinin avanqardına çevrilirlər.
Dövlətimizin koronavirusla mübarizdə apardığı bu çətin günlərdə də gənclər üzərilərinə düşən məsuliyyəti dərk edir, xüsusi karantin rejimi çərçivəsində qoyulan məhdudiyyət tədbirlərinə ciddi əməl edirlər.
Siz də öz növbənizdə belə bir vaxtda xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildiririk.
Qazax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Sevda Həsənova yazır:
Möhtərəm cənab Prezident.
Bir səhiyyə işçisi kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaq oldunuz. Biz səhiyyə işçiləri isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Birinci vitse-prezident Mehriban xanıma da dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
“Azərbaycan Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri adından İlkin Ələkbərli:
Hörmətli, cənab Prezident.
Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının etibarlı şəkildə qorunması üçün Sizin uzaqgörənliyiniz və tapşırığınız əsasında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində dövlətimiz dünya ölkələrinə nümunə ola biləcək yüksək nəticələrə nail olub. Karantin rejiminin tələblərinə ciddi nəzarət edərək, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələr bu dövrdə ərzaq bolluğu yaratmaq üçün təsərrüfat-quruculuq işlərini və aqrotexniki vəzifələrinin icrasını müvəffəqiyyətlə davam etdirir. Bu istiqamətdə tapşırığınızla ayrılan maliyyə vəsaitləri və subsidiyalar bütün sahibkarlara böyük dayaq və ciddi dəstək oldu.
Möhtərəm cənab Prezident, Sizə sonsuz təşəkkür edir, bu şərəfli yolda hər zaman yanınızda olduğumuzu bildirir, vətənimizə layiq olmaq üçün əlimizdən gələni əsirgəmədən daim göstərişlərinizə, qərarlarınıza, tövsiyələrinizə əməl edərək, yorulmadan çalışacağımıza söz veririk.
Hörmətli Mehriban xanımla birlikdə Sizə fəaliyyətinizdə davamlı uğurlar arzulayır, möhkəm cansağlığı diləyirik. Ulu Tanrı Sizləri qorusun.
Bakıdan Zəngilan rayonundan 81 yaşlı məcburi köçkün, Qarabağ müharibəsi veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Ələkbərov:
Möhtərəm İlham Heydər oğlu.
Siz ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı kimi Birinci vitse-prezident Mehriban xanımla birlikdə dövlət-xalq-iqtidar birliyini formalaşdıraraq, gündən-günə möhkəmləndirirsiniz. Çətin sınaqlarda qayğı, dərin sevgi ilə vətəndaşların yanında olmusunuz. Xalqa maddi-mənəvi kömək göstərmisiniz, xalqın qəlbində ümid çırağı yandırmısınız. Siz çiyinlərinizdə Vətənin və xalqın ağır yükünü çəkirsiniz. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz uğurlu islahatlar və layihələr, çoxşaxəli fəaliyyətiniz dəyərli və qiymətlidir. Qloballaşan dünyamızda Sizin dərin təfəkkürünüz, uzaqgörənliyiniz, siyasi hadisələrə vaxtında düzgün qiymət vermək bacarığınız, yüksək mədəniyyətiniz inkişaf etmiş bir çox ölkələrin rəhbərlərinin Sizə hörmət və ehtiramını qazandırıb.
Dünyanın 200-dən çox ölkəsini cənginə almış koronavirusla mübarizədə vaxtında qabaqlayıcı tədbirlər görməyinizin nəticəsidir ki, ölkəmizdə insan itkisi daha az oldu. Əminik ki, xalqımız bir yumruq kimi birləşəcək, bu mübarizədən başıuca çıxacaqdır. Qələm sahibi kimi şeirlərimin birində yazmışam: “Kim şəriksə Vətənin, xalqının əzabına, Yazdıracaq adını insanlıq kitabına”. Sizin adınız Vətənin və xalqımızın tarix səhifəsinə qızıl hərflərlə yazılacaq. Siz ən dərin hörmət və ehtirama layiqsiniz. Uca Tanrı Sizi qorusun.
Lənkəran rayonundan Zaur Hüseynov yazır:
Möhtərəm cənab Prezident.
Bu gün koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ mübarizə tədbirləri dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis olunması, yeni xəstəxanaların açılışı, modul tipli 6xəstəxananın tikintisinə başlanılması Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağından əminlik yaradır.
Yürüdülən müdrik siyasət, görülən düzgün mübarizə tədbirləri dünyanın aparıcı dövlətləri tərəfindən təqdir edilməkdədir. Ölkəmizin hər bir vətəndaşına örnək sayılacaq fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi İşçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq. Biz əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacağıq. Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun.
Şərifağa Mehtiyev və ailə üzvləri Salyandan yazır:
Hörmətli cənab Prezident.
Sizin uzaqgörənliyiniz, dünya ölkələrinə bəla gətirmiş koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirləriniz, vaxtında imzaladığınız fərman və sərəncamlarınız Azərbaycanı xəstəlikdən xilas etdi, başqa dövlətlərlə müqayisədə respublikamızda itkilərin az olmasına gətirib çıxardı.
Siz bir daha Azərbaycan xalqının yanında olduğunuzu sübut etdiniz. Bizim ailəmizin hər bir üzvü yaxşı başa düşür ki, Sizin tövsiyələriniz bizim sağlamlığımız üçündür. Buna görə də evdə qalmağa çalışırıq.
Xalqımız, o cümlədən ailəmiz hər zaman Sizi dəstəkləyir. Allah Sizdən razı olsun, Sizi daim uca etsin.
Qobustan rayon Yekəxana kəndindən Əfqan Ağcayev yazır:
Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasına ilə əlaqədar “Evdə qal!” çağırışınıza bütün Azərbaycan vətəndaşları kimi, qobustanlılar da vaxtında qoşuldular. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız isə bizi bu mübarizədə birləşdirdi və daha da gücləndirdi.
Vaxtında qəbul etdiyiniz qərarların nəticəsidir ki, bu qorxulu xəstəliyə yoluxmuş vətəndaşlarımızın sağalma tendensiyası artan xətt üzrə inkişaf edir.
Cənab Prezident, Siz həmişəki kimi, bu çətin günlərdə yenə də xalqın yanındasınız, hamının sağlamlığını və rifahını düşünürsünüz. Bütün sosial yardımların vətəndaşlara vaxtında çatdırılması bunun bariz nümunəsidir.
Möhtərəm Prezidentimiz, arzu edirik ki, müstəqil Azərbaycan dövlətinin və onun vətəndaşlarının üzərinə daim Günəş kimi işıq saçasınız. Allah Sizi qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB