Bu gün böyük alim Zərifə xanım Əliyevanın doğum günüdür
Zaman-zaman öyrəniləcək və tədqiq olunacaq bir məktgb yaratmış Azərbaycan oftalmoloqu, əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasıqın həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan qadını kimi Xeyirxahlıq, Ziyalılıq, Analıq simvoluna çevrilən akademik Zərifə xanım Əliyevanın 28 aprel tarixi doğum günüdür. Alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olan Zərifə xanımın müqəddəs xatirəsi, ülvi insani kefiyyətləri, elmi fəaliyyəti nurdan yaranan, varlığı nur olan təkrarsız bir insan olaraq xatırlanır. Təsadüfi deyildir ki, onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyət də insanlara nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir. Kainat qədər geniş qəlbindən və zəkasından çağlayan ilahi nuru onu tanıyanların mənəvi dünyasına daim nur saçır. Beynəlxalq aləmdə cəm olunaraq bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycanın səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli, zəngindir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir.

Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin geniş yayıldığı zamanda ona qarşı təsirli müalicə üsulları isə yox idi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə Əliyevanın bu istiqamətdə apradığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.
1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Eyni zamanda, o, bir sıra məsələlərə, o cümlədən, yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmişdir.
Zərifə xanım bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. Zərifə xanım "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Elmi tədqiqatarın nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirməyə nail oldu. "Xroniki yod intoksikasiyasında oftalmologiya" mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Elə həmin il oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir.
Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir.
Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür, onun arzularından biri də yeni oftalmoji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilən Zərifə xanım ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Elmi və ictimai fəaliyyəti diqqətdən kənarda qalmamış və dünya oftalmologiya elminin tanınmış simaları Onun haqqında tarixi sözlər demişlər. Tibb elmləri doktoru Zəhra Əliyevanın, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru, professor Nazim Əfəndiyevin, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı A.Nesterovun, tibb elmləri doktoru, professor Z.Skripinçenkonun, Sankt-Peterburq Gigiyena İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, professsor A.N. Dobromislovun və başqalarının yazılarında alimin şərəfli, zəngin elmi fəaliyyətinin nailiyyətərindən danışılır. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb.
Moskva oftalmoloji məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır.
Bəli, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına da əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır.
Zərifə Əliyeva həkimlik etikası ilə bir nümunə idi. Zərifə xanım öz həmkarlarına da həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq onu özünə qaytaran əsl humanist xidmətdir. Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi olub. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir ki, bu da Zərifə xanım Əliyevada özünü açıq-aydın biruzə verirdi.
Müasirləri Onun haqqında söz açarkən, nəcib bir Azərbaycan qadını olduğunu vurğulayırlar. Zərifə xanım işinin gərginliyinə baxmayaraq həmişə bir qadın olaraq mülayimliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Zərifə xanım Əliyeva yüksəkdə dayanır və zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər yetirilir. Bu həyat yoluna nəzər saldıqda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana ömrü, bir tədqiqatçı ömrü, bir həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdirdi. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, Onun fədakar ana olmasından irəli gəlirdi. O, nə edirdisə böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında dərindən və qabarıq duyulurdu.
Zərifə xanım qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olaraq iki övlad böyüyüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Zərifə xanım ən yüksək mənəvi hazırlığa malik bir xanım və ana idi.
Zərifə xanımın bir qadın olaraq ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, həyat yoldaşı, övlad, Vətən keşiyində duran elmli, zəkalı ziyalı. Elm, ədalət, səxavət, səbr, həya, ismət kimi keyfiyətlər Onun həyat simvoluna çevirildi. Bu dəyərlər içərisində güclü, fədakar oldu. Azərbaycan tarixinə məxsusi dəyələri ilə iz saldı. Yaşanılan ömür yolunun sərlövhələri onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB