Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır - ŞƏRH

Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır - ŞƏRH

Prezident İlham Əliyev: "Heç bir sosial layihəni dayandırmayacağıq"

Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, bu gün dünyada koronavirus pandemiyasının bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sosial layihələr uğurla və ardıcıl şəkildə davam etdirilir. Bu fakt bir daha sübut edir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, əhalinin sosial məsələlərinin həlli, sosial infrastrukturun daha da müasirləşdirilməsi dayanır. Hər bir Azərbaycan vətəndaşının həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi genişlənir.

"Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır"

Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında çıxışı zamanı bildirib ki, və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Bu gün Sumqayıt şəhərinin dayanıqlı qaz təchizatı işində çox əlamətdar bir gündür. Biz Sumqayıt şəhərinə yeni alternativ qaz xəttinin çəkilişini qeyd edirik. Bu münasibətlə bütün sumqayıtlıları təbrik etmək istəyirəm. Çünki bu, şəhəri dayanıqlı qazla təmin etmək üçün imkanlar yaradır və eyni zamanda, şəhərin gələcək potensialını da nəzərə alır. Bu vaxta qədər Sumqayıt bir xətt üzərində qazla təmin edilirdi. Əlbəttə ki, Sumqayıtda son illərdə yaradılmış sənaye müəssisələri, sənaye klasterləri əlavə həcm tələb edirdi. Bunu nəzərə alaraq yeni qaz kəmərinin tikintisi zəruri idi. Qaz kəmərinin uzunluğu 60 kilometrdir. Bu, böyük bir inşaat layihəsi olubdur. Qısa müddət ərzində bu kəmər istifadəyə verilir və bu gün artıq fəaliyyətə başlayır. Bu, birinci növbədə əhalini təbii qazla təmin etmək işində önəmli addımdır. Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100 faizdir. Əlbəttə ki, şəhərin bir xəttin üzərində qidalanması müəyyən problemlər yarada bilərdi, qəza nəticəsində müəyyən problemlər yarana bilərdi. İndi isə bu ikinci xətt həm artan tələbatı ödəyəcək, eyni zamanda, ikinci sığorta layihə kimi sumqayıtlıları təmin edəcəkdir".

Dövlət başçısı, həmçinin neftin qiymətinin6 aşağı düşməsinə baxmayaraq heç bir sosial layihələrin həyata keçirilməsinin dayandırılmayacağını da deyib: «Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır".

Dövlət başçısı bugünkü məqamda xalqımızın koronavirusdan qorunmasının əsas məqsəd oluğunu da bildirib: "Bu gün koronavirus dövründə bizim əsas amalımız Azərbaycan xalqını bu bəladan qorumaqdır. Bizim qəbul etdiyimiz qərarlar, atdığımız addımlar həm ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, - mənə minlərlə təşəkkür məktubları gəlir, - həm də beynəlxalq təşkilatlar Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi göstərir. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işləri təqdir edir və açıq bəyan edir ki, Azərbaycan nümunəvi ölkədir. Biz dünya miqyasında birinci ölkə olmuşuq ki, koronavirusla mübarizə ilə əlaqədar tərəfdaş ölkələrlə zirvə görüşü keçirdik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəklində zirvə görüşü bizim təşəbbüsümüzlə keçirilmişdir. Koronavirusla mübarizədə Azərbaycan xalqı bir daha gördü ki, sözümüzlə əməlimiz arasında fərq yoxdur. Vətəndaşların sağlamlığı, onların həyatı birinci dərəcəli məsələdir".

"Biz hər bir köçkünü yerləşdirəcəyik, onlar üçün ən müasir şərait yaradılır"

Dövlət başçısı şəhərin infrastrukturunun yenilənməsini, insanlar üçün şəraitin yaradıldığını və köçkünlərin, o cümlədən Sumqayıt şəhərində məskunlaşan köçkünlər üçün yeni layihələrin icra edildiyini də bildirib: "Təkcə Sumqayıt Bulvarını qeyd etmək kifayətdir, qısa müddət ərzində gözəl bir istirahət zonası yaradılmışdır. Bu gün Sumqayıt parklar, bağlar şəhəridir. Eyni zamanda, burada məskunlaşmış köçkünlər üçün də yeni layihələr icra edilir. Hazırda burada - yaxınlıqda məcburi köçkünlər üçün yeni şəhərcik salınır və orada üç mindən çox köçkün ailəsi yerləşdiriləcək. Beləliklə, Sumqayıt şəhərinin köçkün problemi böyük dərəcədə öz həllini tapacaq. Bu gün hələ də ağır vəziyyətdə yaşayan köçkünlər bilməlidirlər ki, növbə onlara da çatacaq. Biz hər bir köçkünü yerləşdirəcəyik, onlar üçün ən müasir şərait yaradılır".

Göründüyü kimi, belə ağır şərtlər daxilində pandemiya ilə mübarziə aparmaq asan deyil. Və belə bir məqamda pandemiya dövründə ölkədə həyata keçirilən sosial layihələr insanların problemlərinin həllinə yönəlib. Xüsusilə 600 min insana 190 manat vəsaitin ödənilməsi müsbət haldır. Həmçinin, DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılması bu kampaniyanın tərkib hissəsi sayılmalıdır. Sahibkarlar üçün də müəyyən güzəştlər nəzərdə tutulması və digər məsələlr, məhz dövlət başçısının öz xalqına qayğısının real nəticəsidir. Ən önəmli məqam isə, ölkədəki ictimai-siyasi sabitliyin olmasıdır. Və bu ab-havada Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır.

Məhz həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində ölkənin maliyyə ehtiyatları əhəmiyyət dərəcədə artıb, bu isə öz növbəsində, yuxarıda sadalanan sosial paketlərin icrasını mümkün edib. Dövlət tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Onlar son illər dövlətin qayğısını, himayəsini daha artıq hiss etməyə başlayıblar. Bu güvənc, bu inam isə nəticədə dövlətlə vətəndaş arasında birliyini sarsılmaz bağlılıq olduğunu sübut edir.

Bir sözlə, dövlətin, dövlət başçısının yürütdüyü sosial-iqtisadi siyasət belə deməyə əsas verir ki, dövlət siyasətinin daim ana xəttini təşkil edən, son vaxtlar isə daha da önə çıxan sosial sahəyə diqqət və dəstək davam etdiriləcək. Həmçinin, həm dövlət başçısının özünün və birinci Vitse-prezident Mehriban Əliyevanın sosial məsələləri diqqətdə saxlaması və həll etməsi, həm də Prezidentin dövlət strukturlarına, məmurlara insanların problemlərinə həssaslıqla yanaşmalarını tapşırması ümumilikdə dövlətin sosial siyasət, insanların rifahının yüksəldilməsi, onların problemlərinin həlli istiqamətində səfərbərliyinin göstəricisi kimi də dəyərləndirilə bilər.

Bir sözlə, bütün bunlar deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlı olacaq, insanların həyat şərtlərinin daha da yaxşılaşmasına xidmət edəcək. Və ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə