Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur
Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən açıqlanan sorğunun nəticələri ölkə əhalisinin mütləq əksəriyyətinin Prezident İlham Əliyevin fəaliyyətini, Onun qlobal təşəbbüslərini, həyata keçirdiyi sosial-iqtisadi, siyasi islahatları, daxili və xarici diplomatiyanı, o cümlədən dünyanı bürüyən koronavirus pandemiyası dövründə gördüyü qabaqlayıcı tədbirləri tam dəstəklədiyini təsdiqləyir. Bu, Azərbaycan reallığını əks etdirən sosioloji sorğunun nəticəsidir. Belə ki, 94.7 faiz Prezidentə etibar edir; 93 faiz koronavirusla bağlı həyata keçirilən tədbirləri müsbət dəyərləndirir; 92,8 faiz ictimai qınağa Prezidentin göstərdiyi reaksiya ilə həmrəydir; 91 faiz Prezidentin gənc kadrları vəzifəyə təyin etməsini alqışlayır; 89.2 faiz sağlamlığın qorunmasında dövlət siyasətini təqdir edir; 87.8 faiz sosial-iqtisadi islahatları alqışlayır; 87.8 faiz problemlə qarşılaşdığı zaman dövlətin dəstək göstərəcəyinə inanır; 85.6 faiz karantin məhdudiyyətlərinin tətbiq edilməsinə müsbət yanaşır; 84 faiz kütləvi tədbirlərin qadağan edilməsini dəstəkləyir; 82.4 faiz tədrisin dayandırılmasına müsbət yanaşır. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur
Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl onu vurğulayaq ki, Azərbaycanda dünyanın nüfuzlu sorğu mərkəzləri tədqiqat aparıblar. Heç kəs unutmamalıdır ki, reallıqda siyasətçinin sözünə yox, həyata keçirdiyi işlərə qiymət verilir. Prezident İlham Əliyev də məhz 17 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübut etmişdir. Həmçinin, bu sorğu bir daha sübut edir ki, Azərbaycanda İlham Əliyev siyasi lider kimi, alternativsiz lider kimi xalqın inam ünvanıdır. "Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir".
Bu fikirləri Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə video bağlantı formatında keçirdiyi iclasda bildirib.
Dövlətimizin başçısı deyib: “İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir".
Hazırda 15 mindən çox tənha yaşlı insana evlərində sosial xidmətlər göstərilir
Məlum olduğu kimi, COVID-19 infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan olunub. Bəs bu insanların məişət problemləri necə həll edilir? Martın 24-dən yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işlərinə başlanılıb. Hazırda 15 mindən çox tənha yaşlı insana evlərində ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınması, kommunal ödənişlərin edilməsi kimi sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə tənha və əlilliyi olan şəxslərə artıq 17 minədək ərzaq payı verilib. Bu proses davam edir. Hazırda Dövlət Sosial Müdafiə Fondunun 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur.
Dövlətin sosial dəstək tədbirləri yuxarıda qeyd olunanlarla məhdudlaşmır. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. On dörd min nəfəri əhatə edən bu tədbir üçün 2,6 milyon manat ayrılıb. Bu istiqamətdə daha bir tədbir isə əhaliyə güzəştli işıq limitinin aprel-may ayları üçün 100 kilovat saat həcmində artırılmasıdır. İki ayda buna 10 milyon manat vəsait tələb olunur.
Sosial dəstək tədbirlərinə, həmçinin həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi daxildir. İl ərzində bu məqsədlə 40 milyon manat vəsait nəzərdə tutulur.
Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır.
Bəli, budur xalqa qayğı, budur hər bir vətəndaşın Prezidenti olmaq. Çünki hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsidir. Sözsüz ki, bütün bunlar ölkə Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu siyasətinin nəticəsi və xalqın öz Prezidentinə inamıdır.
Beləliklə, keçirilən bütün sorğular bir daha onu təsdiqləyir ki, İLHAM ƏLİYEV FAKTORU GÜCLÜ LİDER, GÜDRƏTLİ DÖVLƏT AMİLİNİN BARİZ GÖSTƏRİCİSİDİR.
Beləliklə, yuxarıda misal göstərdiyimiz sorğuların nəticələri arxasında məhz bu istiqamətdə aparılan və böyük zəhmət tələb edən işlər durur! Və respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – "Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB