Nə yaxşı ki, Ulu Tanrı Sizi bizə bəxş edib PREZİDENTƏ MƏKTUB

Nə yaxşı ki, Ulu Tanrı Sizi bizə bəxş edib  PREZİDENTƏ MƏKTUB

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Füzuli rayonundan Natiq Şükürov və başqaları yazır:

Hörmətli cənab Prezident.

Bütün dünyanı ağuşuna almış, hər gün minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyasının qarşısının alınması istiqamətində Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli tədbirləri, dövlətin bütün resurslarının xəstəliyin təsirinin azaldılması üçün səfərbər edilməsini alqışlayırıq.

Cəbhə bölgəsində yaşayan Füzuli sakinləri inanırlar ki, Sizin və Mehriban xanım Əliyevanın dəstəyi ilə biz koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin tapşırığınızla yerlərdə yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı ailəyə karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi, on minlərlə yeni iş yerinin yaradılması sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Biz - Füzuli Rayon Mərkəzi Xəstəxanasının işçiləri Sizi dəstəkləyirik. Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Allah Sizi və ailənizi qorusun.

Vasif Ağayev Bərdə rayonundan yazır:

Hörmətli cənab Prezident.

Bir kənd sakini və məcburi köçkün olaraq bu məktubumda Sizə qəlbdən gələn səmimi sözlərimi yazıram.

Azərbaycan xalqının sağlamlığı üçün atdığınız bütün önəmli addımlar, eləcə də uzaqgörənliyiniz Sizin dahi dövlət rəhbəri olduğunuzu bir daha sübut etdi.

Vurğulamaq istəyirəm ki, koronavirus pandemiyası kimi heç bir xəstəlik bizim xalqımızı sarsıda bilməz. Çünki başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, ölkəmizin rəhbərliyində isə Sizin kimi müdrik Prezidentimiz, Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstək birliyimizə stimul verir.

Minnətdarıq Sizə, cənab Prezident! Allah Sizi və ailənizi qorusun. Ucalardan uca Prezidentimizə eşq olsun!

Yardımlıdan Əflatun Sadıqov yazır:

Möhtərəm cənab Prezident.

Məni bu məktubu yazmağa vadar edən səbəb bu ağır sınaq dövründə keçirdiyim qürur və iftixar hissidir. Bu ali hissləri bizə və hər bir Azərbaycan vətəndaşına yaşadan Sizsiniz.

Hər çıxışınız, hər sözünüz, əməli addımlarınız, təmkin və qürurunuz bu günlərdə bizə ruh verdi, yaşamaq istəyimizi və mübarizə əzmimizi artırdı. Nə yaxşı ki, Ulu Tanrı Sizi bizə bəxş etmişdir.

Bizi bu çətin sınaqdan ancaq Heydər Əliyev məktəbi keçmiş bir insan çıxara bilərdi. Hər şeyə görə Sizə təşəkkür edirəm, cənab Prezident! Min yaşayın! Biz daim Sizinləyik. Ulu Tanrı Sizi, ailə üzvlərinizi və Sizi sevənləri qorusun.

Məktubumu böyük türk şairi Mehmet Akif Ersoyun Sizi xatırladan sözləri ilə bitirmək istəyirəm:

"Sahibsiz olan bir məmləkətin batması haqdır,

Sən sahib olarsansa, bu Vətən batmayacaqdır!"

İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri Ağasəmid İsayev Bakıdan yazır:

Möhtərəm cənab Prezident.

Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq edilməsi, "Biz birlikdə güclüyük!" çağırışınız, aztəminatlı və şəhid ailələrinə göstərdiyiniz maddi və mənəvi yardımlar, sosial yardıma ehtiyacı olan insanlara verilən birdəfəlik ödənişin 600 min nəfərə şamil edilməsi, ən nəhayət, insan amilinə verdiyiniz yüksək dəyər Azərbaycan xalqını bir daha əmin etdi ki, onun Sizin kimi müdrik Prezidenti və qətiyyətli Ali Baş Komandanı var. Bunun nəticəsidir ki, əsgər və zabitlərimiz, mətbuat işçiləri, polis əməkdaşları, akademik Zərifə xanım Əliyevanın təbirincə desək, "İnsanlara Günəş qədər lazım olan həkimlər" böyük ruh yüksəkliyi ilə çalışırlar.

"Təhsil elə bir sahədir ki, onsuz xalqın gələcəyi yoxdur" kəlamını rəhbər tutaraq və "Evdə qal, təhsildən qalma!" çağırışına qoşularaq Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti tələbələrə onlayn dərslər keçir, onların təhsildən yayınmamaları üçün əlindən gələni əsirgəmir.

Bütün səhiyyə işçiləri kimi, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professor-müəllim heyəti də Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürünü və minnətdarlığını bildirir.

Əminliklə deyə bilərik ki, Sizin varlığınız bizim xoşbəxt gələcəyimiz üçün ən böyük zəmanətdir. Tanrı Sizi qorusun.

Oğuz rayonundan Vasif Umarov yazır:

Möhtərəm cənab Prezident.

Bu günlərdə ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, ölkəmiz tezliklə bu bəladan xilas olacaq və həyatımız öz əvvəlki axarına düşəcəkdir.

Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasətinizi dəstəkləyirik. Çünki Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Tanrı Sizi qorusun.

Samuxun Sərkar kəndinin ziyalılarından:

Möhtərəm cənab Prezident.

Planetimizin gözlə görünməyən bəla ilə üzləşdiyi bir vaxtda Sizin xalqımıza əvəzolunmaz dəstəyiniz, apardığınız misilsiz işlər dövlətimizin bu sınaqdan minimum itki ilə çıxacağına zəmin yaradır.

Xalqımıza və bütün dünyada yaşayan azərbaycanlılara verdiyiniz dəyərə görə Sərkar kəndinin ziyalıları adından Sizə minnətdarlığımızı bildiririk. Doğrudan da bu çətin günlərdə biz birlikdə güclüyük. Ulu Tanrı Sizi qorusun.

Samuxun İnstitut qəsəbəsinin ziyalıları:

Hörmətli cənab Prezident.

Çox sevindirici haldır ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Sizin məhz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini hər şeydən üstün tutmağınız, bu istiqamətdə vaxtında qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bu bəladan qurtulmaqdadır. Özünütəcrid dövründə verdiyiniz hər bir qərar, imzaladığınız hər bir sərəncam ilə sadə Azərbaycan vətəndaşlarının yanında olduğunuzu, əsil rəhbər, lider kimi cəmiyyətin hər bir üzvünü düşündüyünüzü, onun qayğısına qaldığınızı sübut etdiniz. Belə ki, aztəminatlı ailələrə birdəfəlik müavinətin verilməsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi, elektrik enerjisinə tələbatın artdığı bir dövrdə güzəştli limitin artırılması, kommunal ödənişlərə edilən güzəştlər, kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli subsidiyaların ayrılması, habelə koronavirus xəstələrinin müalicəsinin dövlət hesabına aparılması Prezidentimizə, dövlətimizə güvənimizi artırdı.

Cənab Prezident, biz – Samux ziyalıları da Sizin çağırışlarınıza səs verir, bütün qaydalara riayət etməklə, milli birlik, milli həmrəylik göstərməklə tezliklə bu bəladan tamamilə qurtulacağımıza əminik.

Zərdabdan Şəfəq Səfərəliyeva yazır:

Cənab Prezident.

Ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Siz qeyd etdiyiniz kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır.

Bu gün yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ tədbirlər Sizin vətəndaşlara verdiyiniz dəyərin parlaq ifadəsidir. Bu çətin şəraitdə Azərbaycan xalqına həm maddi, həm də mənəvi dəstək olduğunuza görə Sizə minnətdarıq.

Bütün xəbərlər Facebook səhifəmizdə