Siz hər zaman xalqın sağlamlığını və təhlükəsizliyini düşünürsünüz VƏTƏNDAŞ MƏKTUBLARI

Siz hər zaman xalqın sağlamlığını və təhlükəsizliyini düşünürsünüz  VƏTƏNDAŞ MƏKTUBLARI

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Bakıdan Rüfət Salmanzadə yazır:

Hörmətli cənab Prezident.

Dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi əsasları üzərində möhkəm dayanmış sabitlik adasıdır.

Dünyanı bürüyən koronavirus bəlası sanki insan cəmiyyətlərini və fərdləri sınaqdan çıxarır. İnsanlıq ciddi imtahan qarşısındadır. Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyanı cənginə alan infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə atdığınız addımlar, həyata keçirdiyiniz siyasət, etdiyiniz müraciətlər, gördüyünüz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün aparılan işlər biz gənclər tərəfindən yüksək qiymətləndirilir.

Uğurlu siyasətiniz nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və dünyada öz sözünü deyən dövlət kimi qəbul olunur.

Siz pandemiya ilə mübarizədə bütün ölkələrdən tez addım atdınız, məktəbləri, sərhədləri vaxtında bağladınız və bununla da virusun Azərbaycanda yayılmasının qarşısını aldınız. Görülən bu işlər təkcə əhali tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir.

Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni qürurlandırır. Azərbaycan böyüklüyündə bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Qoy, Ucaq Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin.

Daşkəsən rayonundan Əməkdar aqronom, kənd təsərrüfatı elmləri doktoru, professor Muzamil Abdullayev:

Çox hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan dövləti və hökuməti koronavirus pandemiyası ilə bağlı məsələyə həssaslıqla yanaşan ilk ölkələrdən biri olub. "Biz birlikdə güclüyük!" çağırışınız bizə qüvvət verir və bizi əmin edir ki, Sizin yorulmaz fəaliyyətiniz sayəsində müasir Azərbaycan tezliklə bu mübarizədən üzüağ çıxacaqdır.

Sizin ətrafınızda sıx birləşərək vətəndaşlarımız koronavirus təhlükəsinə qarşı birmənalı olaraq həmrəylik nümayiş etdirirlər. Biz daşkəsənlilər bilirik ki, təhlükəni yalnız Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlara dəstək verməklə aradan qaldırmaq olar.

Koronavirus pandemiyasına qarşı apardığınız məqsədöynlü mübarizə, həyata keçirdiyiniz sosial tədbirlər, o cümlədən karantin rejiminin tətbiqi, koronavirus xəstələrinin müalicəsi üçün xüsusi xəstəxanaların yaradılması və həmin səhiyyə ocaqlarının müasir standartlara cavab verən tibbi ləvazimatlarla təchizatı xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Sizin bütün sahələr üzrə gördüyünüz zəruri tədbirlər nəticəsində Daşkəsən rayonunda da koronavirusla mübarizədə Operativ Qərargah tərəfindən verilən tapşırıq və tövsiyələr əhaliyə mütəmadi olaraq çatdırılır, onlara sosial xidmətlər göstərilir, aztəminatlı ailələrə, işsizlərə, ahıl və qocalara yardımlar edilir. Gördüyünüz bütün işlərə görə Daşkəsən rayonunun ağsaqqalları və ziyalıları adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Sabiq Kənd Təsərrüfatı naziri, uzun müddət sovet partiya işində müxtəlif məsul vəzifələrdə işləmiş bir şəxs kimi deyə bilərəm ki, Sizin əldə etdiyiniz nailiyyətlərə, ailənizin xoşbəxtliyinə, uğurlarınıza və qarşıda qazanacağınız yeni-yeni qələbələrə çox sevinirəm.

Bakı şəhərindən Vüqar Əsədov:

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının dünyada yaratdığı makroiqtisadi problemlər və bu problemlərin dünya ölkələrinin iqtisadiyyatında və digər sahələrdə səbəb olduğu mənfi təsirlər hamıya məlumdur. Lakin bu çətin durumda Sizin xalqın önündə gedərək, daim onunla birlikdə olmağınız, ölkəmizdə maddi yardıma ehtiyacı olan hər bir vətəndaşı nəzərə almaqla iri şirkətlərin də bu mənfi təsirlərdən ziyansız ötüşməsi istiqamətində addımlar bizdə dövlətimizin və xalqımızın bu çətin vəziyyətdən üzüağ çıxacağına inamı daha da artırıb.

Sizin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamınız və həmin Sərəncamın icrası ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilmişi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Qərarı ölkəmizin bütün iş adamlarının və sahibkarlarının rəğbətinə səbəb oldu.

Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlar, o cümlədən "Prometal" MMC-yə göstərdiyiniz maddi və mənəvi dəstəyə görə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Cəbrayıl Suvarma Sistemləri İdarəsinin kollektivi adından Cəlil Əliyev yazır:

Möhtərəm cənab Prezident.

Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan yüksək dinamika ilə inkişaf edir, ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə qazanılan çoxsaylı uğurlar nəticəsində ölkəmiz regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada nüfuz sahibinə çevrilməkdədir. Bunlar Sizin xalqa və dövlətə sədaqətinizin, layiqli xidmətlərinizin və yorulmaz fəaliyyətinizin nəticələridir.

Eyni zamanda, dünyada yeni koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin yürütdüyünüz düzgün siyasət, vaxtında verdiyiniz qərarlar və xalqın sağlamlığını qorumaq üçün atdığınız addımlar bunu bir daha sübut edir. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkədə sosial təcrid tədbirlərinin gücləndirilməsi, aztəminatlı ailələrə birdəfəlik maddi yardımların verilməsi apardığınız humanist və sosialyönümlü siyasətinizin bariz nümunələridir. Əminik ki, görülən tədbirlər nəticəsində pandemiyanın ölkəmizdə tezliklə sona çatmasına nail olacağıq.

Hörmətli cənab Prezident, bütün işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Biz birlikdə güclüyük.

Goranboy rayonundan Rauf Teyyubov:

Möhtərəm cənab Prezident.

Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən nəhəng sosial infrastruktur layihələri və reallaşdırılan dövlət proqramları ölkəmizin dayanıqlı inkişafını təmin edib.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirləri, hər il yeni subartezian quyularının qazılmasını meliorasiya işçiləri olaraq minnətdarlıq hissi ilə qeyd edirik.

Son vaxtlar dünyanı cənginə alan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması, onun iqtisadiyyata və insanların rifahına mənfi təsirlərinin aradan qaldırılması məqsədilə rəhbərliyinizlə həyata keçirilən tədbirlər bir daha Sizin hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzun, insanların sağlamlığının qorunmasına yüksək diqqət göstərdiyinizin bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, yüksək diqqət və qayğıya görə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin kollektivi adından Sizə dərin ehtiramımızı bildiririk. Allah Sizi və ailənizi qorusun.

Qusar rayonundan Canəli Hörmətov yazır:

Möhtərəm cənab Prezident.

Sizə Qusar rayonunun Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri adından müraciət edirəm. Bu gün Azərbaycan xalqı bütün dünyanı bürümüş pandemiya ilə mübarizə aparır. Biz dünya xalqlarının, eləcə də inkişaf etmiş dövlətlərin bu pandemiyadan necə əziyyət çəkdiyini və çoxsaylı insan itkiləri ilə üzləşdiyini görürük. Çox şükürlər olsun ki, Sizin vaxtında və operativ şəkildə qəbul etdiyiniz qərarlar və həyata keçirilən əməli tədbirlər nəticəsində virusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımıza ünvanlanan çağırışlarınıza əməl etməklə vətəndaşlarımız bir daha hər hansı çətinlik və bəlaya qarşı mübarizədə Sizinlə həmrəy olduqlarını, ətrafınızda sıx birləşmək əzmlərini nümayiş etdirdilər.

Cənab Prezident, Siz bu çətin günlərdə vətəndaşlarımıza maddi və mənəvi dstəyinizi əsirgəmədiniz, hər zamankı kimi, bu dəfə də yanımızda olduğunuzu, qayğılarımızla yaşadığınızı göstərdiniz. Sizin pandemiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, özünütəcrid vəziyyətində yaşayan vətəndaşlarımıza, aztəminatlı ailələrə, imkansız və ahıl insanlara, müharibə əlillərinə və şəhid ailələrinə qayğını diqqət mərkəzində saxlamağınız, onlara dövlət səviyyəsində sosial dəstəyin və maddi yardımların göstərilməsi xalqımıza veridyiniz dəyərin bariz nümunələridir. Qusar rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri də bu çətin günlərdə bir neçə dəfə ərzaq yardımı alıb, göstərilən sosial dəstəkdən yararlanıblar.

Möhtərəm cənab Prezident, pandemiyaya qarşı mübarizədə nümayiş etdirdiyiniz qətiyyətə, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Qusar rayonunun Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi qorusun.

Bakıdan Əjdər Cəfərov:

Hörmətli cənab Prezident.

Ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün göstərdiyiniz çevikliyə, hər bir azərbaycanlını öz doğmanız və yaxınınız kimi gördüyünüzə, hər an bizimlə olduğunuza görə Sizə minnətdaram. Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir avadanlıqlarla təchiz edilmiş "Yeni klinika" tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılması, xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, istər sahibkarlara, istərsə də işsizlərə və mövcud vəziyyətdən zərər çəkən digər şəxslərə dövlət dəstəyinin, maddi yardımın göstərilməsi bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. İnanıram ki, Sizin doğru qərarlarınız, uzaqgörən siyasətiniz və dövlət qurumlarının birgə fəaliyyəti sayəsində Azərbaycan xalqı tezliklə bu xəstəlikdən ən az itki ilə qurtulacaqdır.

Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident!

Masallı rayonundan Cəsarət Əzizov yazır:

Hörmətli cənab Prezident.

Mən 30 hektar sahədə çiyələk becərilməsi ilə məşğul oluram. Ölkədə karantin rejimi elan olunanda işçilərimin işə gələ bilməyəcəklərinə görə məhsulun sahədə qalıb çürüyəcəyini və nəticədə mənə külli miqdarda ziyan dəyəcəyini düşünürdüm. Bu da məni çox narahat edirdi. Lakin Sizin tapşırığınız əsasında fermerlərin və digər zəhmətkeşlərin müəyyən olunmuş qaydalara əməl etməklə fəaliyyətinə icazə verilməsi məni çox sevindirdi. İndi min bir əziyyətlə yetişdirdiyimiz məhsulu yığaraq rahat şəkildə bazara çıxara bilirik. Sahədə mənimlə birlikdə çalışan işçilər də ailələrinə gündəlik olaraq qazanc apara bilirlər.

Cənab Prezident, buna görə həm ailəm adından, həm də kollektivimizin adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Qusar rayon ağsaqqalları adından Vahid Mehdixanov və başqaları yazır:

Möhtərəm Prezident.

Azərbaycan Sizin rəhbərliyinizlə dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Siz ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək müdrik rəhbər kimi Azərbaycan xalqının bu çətin günlərdə də sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz. Virusun yayılmasının qarşısının alınması, ahıl insanların sağlamlığının qorunması məqsədilə yaşı 65-dən yuxarı vətəndaşların evdə qalması, sosial xidmət işçiləri vasitəsilə onlar üçün xidmətlərin təşkili, ehtiyacı olan şəxslərə yardımların göstərilməsi, işsiz vətəndaşlar üçün müavinətlərin təyin edilməsi, haqqı ödənilən ictimai iş yerlərinin yaradılması, yeni xəstəxanaların tikilməsi və səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlara dəstək verilməsi və digər tədbirlər "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" fikrinizin əyani təsdiqidir. Siz bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum şəkildə nail oldunuz.

Biz qusarlılar əminik ki, tezliklə bu ağır günlərdən də qalib çıxacağıq. Allah Sizə kömək olsun. Ulu Tanrı Sizi qorusun.

Şəki rayonu, Böyük Dəhnə kəndindən Xanlar Ağabəyov:

Hörmətli cənab Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir.

Hazırda bütün dünya ilə həmrəyliyimizi ifadə edən layihələrin bir çox inkişaf etmiş ölkələrdə də bəyənilməsi və təkrarlanması çox qürurvericidir. Həmçinin ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırır.

Bütün bu diqqət və qayğınıza görə ailəmiz adından Sizə minnətdarlığımızı bildiririk. Sizə, Mehriban xanıma və övladlarınıza cansağlığı və uğurlar arzulayırıq.

Bakının Yasamal rayonundan Günay Məmmədova:

Hörmətli cənab Prezident.

Azərbaycanda koronavirus pandemiyası yayılan andan indiyədək ölkəmizi, millətimizi mümkün olacaq itkilərdən və iqtisadiyyatımızı ziyanlardan maksimum şəkildə qoruya bildiniz. Tapşırıqlarınız əsasında hökumət tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirərək, Sizə, ailə üzvlərinizə və bütün dövlət strukturlarına minnətdarlığımı və sonsuz təşəkkürlərimi bildirirəm. Karantin zamanında bizə edilmiş maddi yardımlara görə bütün sahibkarlar adından xüsusi minnətdarlığımı çatdırıram. Bu yardımlar hazırki dövrdə neçə-neçə ailənin maddi sıxıntısını minimuma endirdi. Bütün bu işlər vətəndaşlara diqqətinizin və insanların sağlamlığını hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir.

Allahdan bütün arzularınızın çin olmasını və xalqımıza etdiyiniz yaxşılıqların əvəzini almağınızı diləyirəm. Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqımızı qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə