Rauf Zeyni: "Beynəlxalq təşkilatlar, milli donorlar tərəfindən maliyyə imkanları biraz da artırılarsa, QHT-lər daha geniş layihələr həyata keçirə bilər"-MÜSAHİBƏ

Rauf Zeyni: "Beynəlxalq təşkilatlar, milli donorlar tərəfindən maliyyə imkanları biraz da artırılarsa, QHT-lər daha geniş layihələr həyata keçirə bilər"-MÜSAHİBƏ

Milli QHT Forumunun sədri Rauf Zeyninin SİA-ya müsahibəsi:


- Artıq cari ilin birinci rübü arxada qalıb. Bu müddət ərzində QHT-lərin fəaliyyətini necə qiymətləndirirsiniz?


- QHT-lərin 2011-ci ilin birinci rübündə fəaliyyəti kifayət qədər aktivdir. Onların fəaliyyətinə diqqətcil yanaşsaq, görərik ki, onların fəaliyyətləri kifayət qədər genişdir. Sosial problemlərin həlli istiqamətində, antikorrupsiya ilə mübarizə, beynəlxalq miqyasda azərbaycanlıların 31 mart soyqırımı və digər faciələrlə bağlı layihələrin həyata keçirilməsində müşahidələr aparanda görürük ki, burada xeyli aktivlik müşahidə olunur. İlbəil QHT-lərin fəaliyyətində yüksəliş dinamikası müşahidə olunur. Əgər QHT-lərin maliyyə imkanları, dövlət sosial sifarişləri biraz da çoxalarsa, iqtisadi, sosial məsələlərin həll olunmasında, mədəni kütləvi tədbirlərini həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlar, milli donorlar tərəfindən müəyyən imkanlar biraz da artırılarsa, bizim təşkilatlar daha geniş layihələr həyata keçirə bilərlər. Ümumiyyətlə, ildən-ilə QHT-lər böyük təcrübə əldə edir, peşəkarlaşırlar, bununla yanaşı, yeni QHT-lərin yaranmasında da böyük artım müşahidə olunur. Yəni, get-gedə insanlar vətəndaş cəmiyyəti quruculuğunda öz töhfələrini vermək üçün yeni təşkilatlar yaradır, cəmiyyətlər qururlar. Bu da o deməkdir ki, həmin insanlar vətəndaş quruculuğu cəmiyyətində aktiv iştirak etmək istəyirlər. Bu da göstərir ki, Ədliyyə Nazirliyinə, Milli QHT Forumuna da müraciət edənlərin sayı çoxdur. Biz də onlara informasiya və texniki dəstək veririk. Vətəndaş cəmiyyətində bir aktivlik müşahidə olunur. Biz də istəyirik ki, bu aktivlik geniş və səmərəli bir fəaliyyətə çevrilsin. Bu baxımdan kəmiyyətdən daha çox keyfiyyətə üstünlük veririk.


- Ötən ilin analoji dövrü ilə müqayisədə bu il ərzində QHT-lərin sayında artım və ya azalma müşahidə olunub?


- Təbii ki, QHT-lərin sayında artım müşahidə olunur. Bizim dərdlərimizi, problemimizi, erməni işğalı, Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiə olunması, sosial problemlərimizin həll olunması, ekologiya, ətraf mühit, iqlim dəyişikliyi, rüşvətxorluğa qarşı mübarizə sahəsində yeni layihələr həyata keçirilir. Yenə də təkrar edirəm ki, bu sahədə fəallıq artıb, təbii ki, get-gedə QHT-lərin fəallığı artacaq. Çünki bugün vətəndaş cəmiyyətində fəallıq elə-belə yaranmayıb. Bu, cəmiyyətin tələbi, günün sosial sifarişidir. Dövlət sektoru, özəl sektor necə inkişaf edirsə, vətəndaş cəmiyyəti də bu inkişafa özünü çatdırmaq istəyir. Vətəndaş cəmiyyəti də digər sektorların tempinə özünü çatdırmaq üçün əlindən gələni əsirgəmir. Mən düşünürəm ki, bizim də milli və beynəlxalq donorlardan maliyyə imkanlarımız geniş, biraz da artıq olarsa, indiki tempdən daha yüksək nəticələr əldə oluna bilər.


- Bir sıra təşkilatlar, QHT-lər tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə istənilən səviyyədə çatdırılmamasının səbəbləri nədir?


- Problem ondan ibarətdir ki, bizim bu istiqamətdə deyiləsi sözümüz, həyata keçirəcəyimiz layihələr çoxdur. Amma bunun hamısına bu gün imkan yoxdur. Təbii ki, il ərzində daha səmərəli, effektli tədbirlər həyata keçirilə bilər. Bunların hamısı üçün kifayət qədər vəsait olmalıdır. Hələ ki, bu gün dövlət tərəfindən ayrılan vəsait başlanğıcdır, yenidir. Təbii ki, Azərbaycan dövlətinin də imkanları nəzərə alınmalıdır. Bizim istəyimiz, yəni vətəndaş cəmiyyətinin ehtiyacları və tələbatı qat-qat çoxdur. Ona görə də bizim kifayət qədər istəyimiz, layihələrimizin olmasına baxmayaraq, həmin niyyət, istəyə uyğun vəsaitimiz yoxdur. Azərbaycan dövləti biraz da iqtisadi cəhətdən gücləndikcə, əlbəttə bizim vəsaitlərimiz daha çox daxil olacaq və ondan istifadə biləcəyik. Milli-mənəvi dəyərləri, maddi-mədəni irsimizin dünyaya çatdırılması, eyni zamanda işğalçılıq, qaçqın və məcburi köçkünlərin hüquqlarınının, Qarabağ münaqişəsinin tanıdılmasına bütövlükdə beynəlxalq təşkilatlar yardım vermir. Ancaq bütün bunlar dövlətin 2008-ci ildən həyata keçirdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyası və şuranın yaradılmasından sonra olub. Təbii ki, bu böyük bir başlanğıcıdır, ancaq qeyd etdiyim kimi bu kifayət qədər deyil. Ona görə də daha böyük imkanlar əldə etməli və dünya ictimaiyyətinə sözümüzü, faciəmizin əhəmiyyətini, miqyasını çatdırmaq üçün daha böyük işlər görməliyik.


- Bu yaxınlarda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib. Sizin fikrinizcə, daha çox hansı məsələlər bu proqramda öz əksini tapacaq və bu gənclərə nə verəcək?


- Bu proqram çox önəmlidir. Gənclərin cəmiyyətimizdə inkişaf etməsi, öz layiqli yerini tapması, dövlətçiliyimizə öz layiqli töhfəsini vermək üçün bu gün beynəlxalq standartlara uyğun təhsil alması üçün bütün məsələlər öz əksini tapıb. Sadəcə olaraq gənclərimizi bu proqramdan irəli gələrək QHT-lər də bizim üzərimizə düşən vəzifə nədən ibarətdirsə, biz də onları həyata keçirməliyik. Düşünürəm ki, gənclik bu proqramda bəhrələnib, səmərəli istifadə edərək öz sosial problemlərini, qayğılarını həll etməli, eyni zamanda daha layiqli səviyyədə cəmiyyətə daha böyük töhfələr verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə