Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır - MƏKTUB

Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır - MƏKTUB

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. SİA Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edir.

Bakı şəhəri, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Bəylərova Fidan Qurban qızı yazır:

Möhtərəm cənab Prezident. Mən, Bakı şəhəri, Yasamal rayonu, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdiyəm. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir. Ulu öndər Heydər Əliyev demişdir: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Bu şüara sadiq qalan müəllimlər, səbirlə, fədakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz gənclərə ən gözəl örnək, ən xeyirxah müəllim Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Siz öz çıxışlarınızda daim vurğulayırsınız: “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və vətən övladının nəbzi ilə bir vurdu.

Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxıb, ali məktəblərə qəbul imtahanlarında iştirak edib, arzularımızı reallaşdıra biləcəyik. Çünki biz birlikdə güclüyük. Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır.

Zaqatalatada yaşayan jurnalist, Əməkdar Mədəniyyət İşçisi Mehdiyeva Elmira Mehdi qızı yazır:

Çox hörmətli cənab Prezident. Bu gün bütün dünya koronavirus pandemiyası ilə vuruşur. Dünya bu virusun qarşısında aciz qalıb. Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini, şəxsən Sizi, yanında görməklə, öz Prezidentindən hər gün, hər an qayğı hiss etməklə təbii ki, böyük məmnunluq hissi keçirir. Biz jurnalistlər daim Sizin siyasətinizi dəstəkləmişik. Bu gün sübut olundu ki, bəşəriyyətin ən ali dəyəri elə sadəcə olaraq insanlıqdır. Sizin də siyasətinizin əsasında məhz bu humanist ideallar dayanır. Siz təhlükəni hiss etdiyiniz ilk gündən pandemiyaya qarşı hər bir tədbiri addım-addım həyata keçirdiniz. Bu tədbirlər həyati əhəmiyyət daşıdı. Çünki Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, burada virus təhlükəsi hər an qarşısıalınmaz bir hala çevrilə bilərdi. Bu gün hər kəs öz vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarmalı, Prezidentinin arxasında olmalıdır. Çünki, bu birlik imkan verəcək ki, biz pandemiyaya qalib gələk. Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində tezliklə o gün gələcək. Yenidən həyat öz axarına düşəcək, yenidən uşaqlarımız məktəbə, bizlər də öz işimizə-gücümüzə gedə biləcəyik. Hər kəsə səbr diləməklə yanaşı, Sizə cansağlığı arzu edirəm. Qoy həyatımız əvvəlki axarına qayıtsın. İnsanlıq yaşasın. Həyat məhz insanların varlığı ilə gözəldir.

Naxçıvanda yaşayan Kərimov Kərim Cənnət oğlu yazır:

Möhtərəm cənab Prezident. Mən bir gənc olaraq Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli, müstəqil Azərbaycanın bugünkü inkişafı birmənalı olaraq Sizin uğurlu siyasətinizin nəticəsidir.

Bütün dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyasının Azərbaycana təsirinin aradan qaldırılması istiqamətində hazırlanan dövlət proqramı bir daha sübut edir ki, ürəyi xalqla döyünən, hər bir vətəndaşının yanında olan Prezidentimiz var. Bu çətin günlərdə xalqın sağlamlığını və rifahını əsas götürərək, gördüyünüz işlər bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklər tezliklə arxada qalacaqdır. Allah Sizi və ailənizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə