İnsanların təhlükəsizliyi və sosial rifahının təminatı daim diqqətdədir - MÖVQE
Cavid Osmanov: “Cənab Prezidentin "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı həmrəyliyə səslədi”
"Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası Yer kürəsini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Bu gün də sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin davam etdiyini bildirən millət vəkili Prezidentin tapşırığı ilə əvvəlcədən görülmüş profilaktik tədbirlər nəticəsində Azərbaycanda koronovirus xəstələrinin sayının digər ölkələrə nisbətən xeyli az olduğunu vurğulayıb: "Cənab Prezidentin "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbir həyata keçirildi və bu davamlıdır. Ölkəmizdə həyata keçirilən siyasət, ilk növbədə, vətəndaşın rifahının yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsidir. Müxtəlif resurslardan əldə edilən gəlirlər, ilk növbədə, əhalinin sosial xərclərinə yönəldilir. Dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Ölkəmizdə Operativ Qərargah yaradılıb, bütün uşaq bağçaları, məktəblər və universitetlər bağlanıb. Cari ilin aprelin 5-dən bütün ölkə üzrə karantin elan edilib. Azərbaycanın iqtisadi böhran yaşamaması, əhalinin ərzaq və digər zəruri mallara ehtiyacının ödənilməsində heç bir problemin olmaması və digər məsələlrlə yanaşı, işsizlərə yardım edilməsi, sahibkarlara dəyən ziyanın minimuma endirilməsi məqsədi ilə tədbirlər həyata keçirilir ki, bu da Prezidentin daim xalqın yanında olduğunun təzahürüdür. Azərbaycanın aztəminatlı ailələri və işsiz vətəndaşları nəzərə alaraq dövlət tərəfindən 190 manat birdəfəlik ödəmələr üçün vəsait ayrıldı. Bu vəsait 200 min insana şamil edilirdi, lakin Cənab Prezidentin tapşırığını əsasən bu say 600 minə çatdırıldı".
Millət vəkili Prezident İlham Əliyevin aprel ayının 6-da məhkum olunan bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzaladığını da bildirib: "Koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan yaşı 65-dən yuxarı 176 nəfər məhbus cəzasının çəkilməmiş hissəsindən azad olundu. Azərbaycan vətəndaşı ölkə rəhbərinin həyata keçirdiyi siyasəti dəstəkləyir. Bu gün dünyanı təhdid edən koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində ilk gündən bütün mümkün qabaqlayıcı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ictimaiyyət tərəfindən məmnunluq hissi ilə qarşılanır. Bu dövlət başçısına vətəndaşların ünvanladıqları məktublarda açıq-aydın sezilir. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. Ölkəmizdə əhalinin sağlamlığının qorunması Azərdaycan Prezidenti İlham Əliyevin ciddi nəzarəti altındadır. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunur. Hazırda ölkəmizdə 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alır. Təbii ki, bu yaxınlarda istifadəyə verilən dünya standartlarına cavab verən "Yeni klinika" da bu xəstəxanalar sırasındır. Aprelin 6-dan Azərbaycanda tibbi maska istehsalına başlanılması dövlətimizin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan vətəndaşları başqa ölkələrdən təxliyə edilərək Azərbaycana çatdırılıb.Onu da vurğulmamaq yerinə düşər ki, Koronavirusla bağlı məlumatlardan təşvişə düşmək deyil, bu təhlükənin yayılmasına, dəhşətli fəsadlar törətməsinə qarşı hər kəs birləşməlidir. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontakda olmaq və digər qaydalara ciddi əməl etmək tələb olunur. Vətəndaşlarımız maksimum məsuliyyətli olmalı və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidirlər".
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB