Ramazan ayı insanları gözəl niyyət və xeyirxah əməllər naminə birliyə çağırır

Ramazan ayı insanları gözəl niyyət və xeyirxah əməllər naminə birliyə çağırır

Bu gün "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan ayının ilk günüdür. Builki Ramazan ayına dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə olan bu bəlanın aradan qaldırılması istiqamətində dövlətimiz və dünya birliyi böyük səylə çalışır, qoruma və müalicə tədbirləri həyata keçirilir. Belə bir mürəkkəb zamanda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər öz nəticəsini verməkdədir. Bildiyimiz kimi, bu gün müqəddəs bir ayda karantin dövrünün tələblərinə uyğun olaraq, məscid və ziyarətgahlar, ibadətlər müvəqqəti dayandırılıb. Xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə əməl olunur. Prezident İlham Əliyevin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasəti, qətiyyətli iradəsi sayəsində Azərbaycan milli dəyərlərə, adət-ənələrinə böyük hörmətlə yanaşan bir ölkədir. Azərbaycan Prezidenti İlham Əliyev islami dəyərlərin milli dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirərək belə deyir: "... bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır".

Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən və irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə - Azərbaycanda firavan həyat sürməsinə əsas verir. Bu məkanda hər kəs milli mənsubiyyətindən və irqindən asılı olmayaraq, azad nəfəs alır və sərbət fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir: "Biz nümayiş etdiririk ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə, bu işlə məşğul olanların özlərinə xələl gətirəcək".

Müstəqil dövlətimizdə Azərbaycan xalqının milli və dini mərasimləri, bayramları hər il dövlət səviyyəsində qeyd olunur. Hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan ayı da bu gün böyük sevinclə qarşılanır. Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Bir ay insanlar oruc tutmaqla mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirəcək. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə biləcəklər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanırlar.

Bu il iftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılması tövsiyə olunur. Bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır. Bir adamın məsuliyyətsizliyi, laqeydliyi minlərlə günahsız insanın həyatı bahasına başa gələ bilər. Şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir.

Ramazan bayramı Ramazan ayının sonunda, Orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayı təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Allah oruc və namazlarınızı qəbul etsin.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə