Vergi güzəştlərinin tətbiqi sahibkarların bu dövrü ən az zərərlə başa vurmasına yönəlib ÖZƏL - AÇIQLAMA
"Vergi güzəştlərinin 2021-ci ilə qədər uzadılması və vergi ödəyicilərinin müəyyən vaxt ərzində vergilərinin hesablanmaması Azərbaycanın mikrosahibkarlarına, orta sahibkarlarına və iri sahibkarlarına edilən çox böyük güzəştlər idi". Bu sözləri SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə fikir bildirərkən deyib.
O vurğulayıb ki, koronavirus pandemiyası bütün sahələrə öz mənfi təsirini göstərib və göstərməkdədir, həmçinin dünya əhalisinin artıq 50 faizindən çoxu izolyasi şəraitindədir və virusun qarşısını almaq üçün iri sənaye müəssisələri, xidmət sahələri və s. istehsalat proseslərindən geri qalıblar: "Həyati əhəmiyyət daşıyan sahələrdən başqa bütün sahələrdə durğunluq hökm sürür. Bir çox dövlət bundan əziyyət çəkirdi. Azərbaycanda ölkə Prezidentinin rəhbərliyi altında bu pandemiyanın qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirildi. Bu istiqamətdə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bununla birlikdə Azərbaycanda pandemiyanın yayılmasının qarşısını alınması üçün addımlar atıldı. Bu addımlar atılan zaman bizim bir çox sənaye müəssisələrində də izolyasiya tədbirləri həyata keçirildi. Onların fəaliyyətləri dayandırıldı və insanlara evdə qalmaları üçün çağırışlar edildi. Əhalinin bir qismi təbii ki, bütün bunların fonunda iş fəaliyyətini dayandırdı. Beləliklə gəlir əldə edə bilmədikləri üçün Azərbaycanın dövlət büdcəsindən bu istiqamətdə vəsait ayrıldı. Eyni zamanda vergi güzəştlərinin hazırlanması üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verildi. Dövlət Vergi Xidməti bu istiqamətdə paket hazırladı və təqdim etdi".
YAP Gənclər Birliyinin sədri əlavə edib ki, müəyyən sahələr var ki, onlar artıq fəaliyyət göstərə bilmirlər və orada çalışan insanların əməkhaqqısı da dövlət hesabına verildi: "Ümumilikdə 2,5 milyarddan çox vəsait ayrıldı. Vergi güzəştlərinin də 2021-ci ilə qədər uzadılması və vergi ödəyicilərinin müəyyən vaxt ərzində vergilərinin hesablanmaması Azərbaycanın mikrosahibkarlarına, orta sahibkarlarına və iri sahibkarlarına edilən çox böyük güzəştlər idi. Bu addımlar onlar bu vəziyyətdən minimum itkilərlə çıxa bilsinlər deyə, bununla yanaşı sosial problemlər yaşanmasın deyə atıldı. Bütün bunlar Prezident İlham Əliyevin sosial sahəyə vermiş olduğu diqqətdən və önəmdən irəli gəlir. Təkcə pandemiya dövründə deyil, bu dövrdən öncə də bu belə idi. Elə təkcə ötən il 4,2 milyon əhali sosial paketlərdən yararlanmış oldu".
Seymur Orucov qeyd edib ki, vergi güzəştlərinin tətbiq edilməsi sahibkarlara post-pandemiya dövründə də fəaliyyətlərini tez bərpa etmələri üçün və iqtisadiyyata töhfə vermələri üçün dövlət tərəfindən edilmiş ən böyük güzəşt idi: "Əgər vaxtında düzgün addımlar atılmasa idi biz bu gün bu prosesləri həyata keçirə bilməyəcəkdik. Bunların hamısı Prezidentin düzgün atılmış iqtisadi siyasətindən xəbər verir. Azərbaycan xalqı bu məsələdə də həmrəy oldu. Bu istiqamətdə biz dövlət ilə millətin həmrəyliyinə, Prezidentin yenə də xalqın yanında olduğuna şahid olduq. Həmçinin, vergi güzəştlərinin tətbiq edilməsi də sahibkarlarımızın bu dövrdən ən az zərərlə çıxmaları üçün nəzərdə tutulmuş bir addımdır və düşünürəm ki, biz birlikdə güclüyük, bu pandemiyanı da ən qısa zamanda minimum itkilərlə bşa vuracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB