Səbinə Əliyeva: "İş günlərinin sayı yeddidən artıq ola bilməz"

Səbinə Əliyeva: "İş günlərinin sayı yeddidən artıq ola bilməz"

"Uşağa bilavasitə qulluq edən ana buna görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səbinə Əliyeva “Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi”ni təqdim edən zaman deyib.

O uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun olmasının zəruriliyini də vurğulayıb.

Əmək Məcəlləsinin 127-ci maddəsinə üçüncü hissənin əlavə edilməsini təklif edən S. Əliyeva söyləyib ki, uşağa qulluq edən ana yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edərkən bu, birinci hissəsində göstərilən müddəti daha az, lakin 6 aydan az olmayan müddətlə əvəz edə bilər: "Bu halda uşağa qulluq etməkdən ötrü qanunvericilikdə müəyyən edilmiş məbləğdə verilən müavinətin məbləği məzuniyyətin azaldıldığı müddətə mütənasib olaraq artırılır”.

S.Əliyeva qeyd edib ki, Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayı yeddi gündən artıq ola bilməz. Ombudsman bununla bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əlavə təklif edib: “Əmək Məcəlləsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olması təmin edilir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.

Ombudsman hesab edir, bu halda iş və istirahət günlərinin ardıcıl olması təmin edilməlidir. Bununla yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqətə alınmalıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə