Masallı rayon sakininin "video-fakt"ı öz təsdiqini tapmadı - TƏKZİB

Masallı rayon sakininin "video-fakt"ı öz təsdiqini tapmadı - TƏKZİB

Masallı Rayon İcra Hakimiyyəti bildirir ki, 22 aprel 2020-ci il tarixdə saat 17:00 radələrində Youtube internet kanalı vasitəsilə yayılmış Masallı rayonunun Qarğalıq kənd sakini Vəliyev İbarət Hidayət oğlunun Masallı RİH başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyevin son zamanlar koronavirus rejimi dövründə sakinlərə paylanmalı olan yardımları dükanlarda satdırması, yaxın qohumlarına və imkanlı adamlara paylaması, fəaliyyətində korrupsiya hallarına yol verməsi, özünə 190 manat yardımın verilməməsi ilə bağlı rayon Məşğulluq idarəsinə etdiyi müraciətinə baxılmaması barədə video süjet Masallı RİH tərəfindən araşdırılıb.

Araşdırma zamanı İ.Vəliyevin səsləndirdiyi məlumatların əksər qisminin şər-böhtan xarakterli olduğu və yerli icra orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədi daşıdığı müəyyənləşdirilib.

Araşdırmalarda həmçinin məlum olub ki, son günlər sahibkarlar və digər imkanlı şəxslər tərəfindən koronavirusla bağlı paylanan ərzaq yardımları İ.Vəliyevin atasına, qardaşına və iki əmisi oğluna verilib. Həmçinin Heydər Əliyev Fondu tərəfindən qardaşı oğlu Dəyanət Vəliyev də ərzaq yardımı alıb. Ona hər gün dörd ədəd çörək verilir.

Məlumat üçün bildiririk ki, İ.Vəliyevin beş nəfər ailə üzvü vardır. Böyük oğlu İqamət Vəliyev hərbi xidmətdən yayınır. Onun özünün daş evi, həyətində 20 başdan çox xırda buynuzlu mal-qarası, 0,88 ha payıbəlli və 0,30 ha həyətyanı torpaq sahəsi vardır.

İ.Vəliyev 130 manat təqaüd alır.

Bütün bunlara baxmayaraq növbəti mərhələdə yardım verilməsi üçün tərtib edilmiş siyahıda İ.Vəliyevin də adı qeyd olunub.

Ərazi nümayəndəsi S.Zalıyevin 2014-cü ildə icarəyə verilən torpaq sənədlərini saxtalaşdırdığına görə Masallı rayon Məhkəməsi tərəfindən onun dövlət qulluğunda bir il altı ay işləməsinə qadağa qoyulub və aylıq əmək haqqının iyirmi faizi mislində cərimə olunub. Rayon məhkəməsinin qərarı S.Zalıyevin şikayəti əsasında Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ləğv olunub və o, əfv edilib.

Bildiririk ki, İ.Vəliyevin sosial şəbəkələrdə müraciət yaymasının əsas səbəbi icra nümayəndəsinin əmisi nəvəsinin onların ailəsində gəlin olması və müxtəlif səbəblərdən boşanması ilə bağlı qisas almaq məqsədi daşıyır.

Materiala baxdıqca açıq-aydın görürük ki, bu kanalda və bəzi internet resurslarında yerli icra hakimiyyətlərini dövlət orqanı kimi nüfuzdan salmağa cəhd göstərir.

Vətəndaş İbarət Hidayət oğlu Vəliyevin nəzərinə çatdırırıq ki, sui istifadə etdiyi Youtube kanalında paylaşılan video materiala görə məsuliyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə